Modern.az

İşarət eylədi, dərdini bildi - Jestika mütəxəssisisi ilə MÜSAHİBƏ

İşarət eylədi, dərdini bildi - Jestika mütəxəssisisi ilə MÜSAHİBƏ

Ədəbi̇yyat

2 May 2017, 17:49

İşarət dili eşitmə və danışma əngəlli insanların ünsiyyət qurduğu dildir. Bu dil vasitəsi ilə əngəlli insanlar həm öz aralarında, həm də bu dili bilən digər insanlarla rahatlıqla ünsiyyət qura bilir.

Modern.az saytı artıq iki ildir işarət dili ilə məşğul olan Nuranə Abıyeva ilə həmsöhbət olub.

Müsahibimiz 22 yaşındadır və ötən il Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsini bitirib. Hazırda bir şirkət daxilində servis xidmətləri üzrə işləyir.  Məktəb vaxtından aktiv olan Nuranənin işarət dilinə marağı elə universitet illərindən başlayıb:

 “Çox adam soruşur ki, ailəndə, ətrafında eşitmə məhdudiyyətli insanlar varmı və ya təhsilin bu yöndədirmi? Tamamilə birdən-birə baş verən hadisədir. Universitetin 3-cü kursundan etibarən işarət dili ilə tanışam. Artıq iki ildir deyə bilərəm. Hələ də yadımdadır, martda bu dili öyrənməyə başladım.  Novruz tətili idi və internetdə videolara baxırdım. Həmin videoların birində bir qız mahnını jestlərlə oxuyurdu. Mən özüm də əl hərəkətləri ilə danışan insanam. Fikrimi mimika və jestlərlə çatdırıram. Elə o mahnı da buna görə cəzb etdi məni. Bir neçə videoya baxandan sonra işarət dili olduğu bildim. İşarət dili ilə məşğul olan Mesut Yazıcı adlı türk blogger var. O, təkcə mahnı paylaşmırdı, həm də öyrədirdi. Düşündüm ki, mən də sosial şəbəkələrdə bununla bağlı paylaşımlar edim. İndiyə kimi hələ belə videolar paylaşan azərbaycanlı görməmişdim”.

“Jestikanı müəllim yanına ya da kursa gedərək öyrənməmişəm”


Nuranə işarət dilini öyrənməyə başlayanda müəyyən çətinliklər yaşayıb. O deyir ki, bu dil hər ölkədə fərqlidir, elə əsas problem də burdan yaranıb.

“Hamı elə bilir ki, işarət dili hər ölkədə eynidir. Mənim  ən böyük çətinliyim bu olmuşdu. Buna baxmayaraq düşündüm ki, səhv də olsa, sosial şəbəkədəki paylaşımları davam etdirim. Onsuz da  videolara baxan biri səhvlərimi deyəcək. Çox adamın xəbəri olsun deyə səhifəmi açıq istifadə etməyə başladım. Bundan sonra mənə yazanlar oldu. Hətta eşitmə məhdudiyyətli insanlar, onların yaxınları mənə yazdılar ki, dediklərin bir az fərqlidir. Daha sonra məktəbdən yazdılar, mənə işarət dilini öyrənməkdə kömək etdilər. Jestikanı müəllim yanına ya da kursa gedərək öyrənməmişəm. Eşitmə məhdudiyyətli insanların özündən öyrənmişəm. Bir var danışan - biri bunu sizə öyrətsin, bir də var bu həyatı yaşayan insanlardan öyrənəsən. Demək olar ki, 2 ildir bu işin içindəyəm, amma onun yarım ili türk jestikasını öyrənməyə gedib. Artıq öyrənəndən sonra ki, türklərlə bizdə fərqlər var, Azərbaycan jestikasını daha sürətli mənimsəməyə başladım. Çünki mən artıq səhifəni açmışdım, videolar paylaşırdım. Bir də gördüm ki, mən artıq öyrənmişəm də, hətta öyrədirəm də”.

Müsahibimizin sözlərinə görə, işarət dilini öyrənməyə başlayanda onun ən böyük dəstəkçiləri Kənan və Solmaz cütlüyü olub. O, bu cütlüklə tanışanda nişanlı idilər, artıq ailə həyatı qurublar. Kənan eşitmə məhdudiyyətli biri olsa da, Solmaz belə deyildi:

“İşarət dilini öyrənməyimə təkan verən əsas amil Kənan və Solmaz cütlüyüdür. Kənanla Solmaz sosial şəbəkədə eyni səhifəni işlədirdi. Solmaz mənə sosial şəbəkədə yazmışdı. Biz görüş təyin etdik, həmin vaxt az da olsa, işarət dilini bilirdim. Çünki onlardan qabaq bir məktəbdən müəllim mənə jestikaya aid öz dilimizdə kitab vermişdi. Amma kitab Azərbaycan jestikasını tam əhatə etmirdi və uşaqlar üçün hazırlanmış kitab idi. Kitab vasitəsilə işarət dilinin əlifbası, rəqəmlərini öyrənirdim. Kənangillə ilk görüşdə çəkindiyim üçün danışa bilmirdim. Kənan özünü pis hiss eləsin istəmirdim. Düşünürdüm ki, birdən nəyisə səhv göstərərəm. Bir neçə saat mən onlarla söhbət etdim, artıq Solmaz bizim aramızda vasitəçi deyildi və mən Kənanla rahat danışa bilirdim. Mən onları tanıyanda nişanlı idilər, indi evlidirlər. Toylarına da getmişdim , hətta orda mənim üçün xüsusi  masa ayırmışdılar. Həmin masada eşitmə və danışma məhdudiyyətli insanlar var idi. İlk dəfə bir-birimizi görməyimizə baxmayaraq özümü yad hiss etmirdim”.

Nuranə azərbaycanlıların istifadə etdiyi işarət dilinin problemlərindən də danışıb. O deyir ki, Azərbaycan dilində elə sözlər var ki, onu işarət dilinə çevirmək olmur:

“Bizim jestikanın digər ölkələrlə heç bir əlaqəsi yoxdur. Yalnız rus dilinin jestikası ilə bir az oxşarlıq var. Çünki bizim jestikanın kökü SSRİ-dən qalmadır.  Məsələn, eşitmə məhdudiyyətli insanlar üçün fəaliyyət göstərən Qara Qarayev və digər internat məktəblərdə işləyən müəllimlər də yaşlı nəslin nümayəndələridir. Kənan deyirdi ki, türklər işarət dili ilə bağlı sosial şəbəkədə aktiv olsalar da, cəmiyyət içində elə deyillər. Türklərdə çox söz və hərəkət var deyə qarışıqlıqdır. Amma ruslarda işarət dili bir söz və bir hərəkətdən ibarətdir. Bizdə isə çox söz, ancaq az hərəkət var. Məsələn, bədii dilimizdə istifadə olunan  sözləri məhdudiyyətli insana başa salmaq mümkün deyil. Mən “rişxənd”, “istiqlaliyyət” sözünü onlara necə başa salım?.

Biz bu sözlərin sinonimlərini tapıb başa salırıq. Elə sözlər var ki, eyni hərəkət müxtəlif sözləri ifadə edir. Tutalım, əllə göstərilən  “S” hərəkəti  sentyabrı, çərşənbə gününü, S hərfini, həm də rənglərdən boz, gümüşü rəngi göstərir. Bunları məhdudiyyətli insanlar hərəkətlə başa düşə bilər. Məsələn “S” hərfi demək istəyirsənsə, işarə göstərmək kifayətdir, amma çərşənbə gününü əlini hərəkət etdirərək göstərirsən.  Bunları bilməyəndə isə, işarəni göstərib dodaqla deyə bilərsən.  Mən həmişə öyrədəndə deyirəm ki, jestika ancaq əllə deyil. Yəni üz, mimika, dodaq oxumaq və əllər vacibdir.  Eşitmə məhdudiyyətli insanlarla işləyən “Human Deaf”lə  keçirdiyimiz görüşlərdə müşahidə etdik ki, həmin insanların istifadə etdiyi dildə fərqliliklər var.  Bizdə jestika tam formalaşmadığı üçün çətinliklər yaranır”.


“Bu sahənin tam formalaşması üçün ciddi işlər görülməldir”

Nuranə Abıyevanın sözlərinə görə işarət dilini öyrənmək istəyənlər üçün hər hansı dərslik yoxdur. Bu, həm eşitmə məhdudiyyətli insanlar üçün, həm də digərləri üçün vacibdir.

“Mənə çox adam yazır ki, vəsaitiniz varsa, verin istifadə edək. Məndə bir vəsait var idi, onu da Kənan vermişdi. Mən də öyrənib özlərinə qaytardım. Çünki  Solmazın da bəzən  ehtiyac olur. Azərbaycanda işarət dilini izah edən vəsait də yoxdur, videolar da. Bu bir az problem yaradırdı. Hətta olsa belə, vəsaitlərdə də fərqlilik olur. Məsələn,  hansısa bir vəsaiti bu işi bilən müəllimə yazır, digər bir müəllimə gəlir ki, sən burda səhv etmisən.  Müəllimələr arasında da təzadlar var”.


Müsahibimiz problemlərdən söz açsa da, çıxış yolu üçün hansısa dövlət qurumuna və ya birliklərə müraciət etməyib. O düşünür ki, yola tək çıxıbsa, tək də davam etməlidir. Bunun üçün də işarət dili ilə bağlı videolar çəkir, layihələr üzrərində işləyir:

“Komandam ilə birlikdə  düşünürük ki, vəsait çıxardaq, amma biz bunu təkbaşına etsək, cəmiyyətlər və ya birliklər yolumuzu kəsəcək. Öz gücümüzə bir şeylər etməyə çalışırıq.  Kitab çıxarmaq bir az problemlidir.  Onu daha rahat istifadə edə biləcəyimiz formata çevirmişik.  Youtube kanalında videolar yerləşdiriləcək”.

İşarət dili ilə bağlı problemlər bununla bitmir. Nuranənin sözlərinə görə, eşitmə məhdudiyyəti olan insanların təhsil, iş kimi çətinlikləri də var:

“Elə Kənanın özünü götürək. O deyir ki, tələbə olmaq istəyərdi. Düzdür, eşitmə məhdudiyyətli insanlar içərisində elələri var ki, aktivdirlər. Amma çəkinən insanlar da az deyil. Cəmiyyət onları normal qəbul edəndə, söhbətləşməyə can atırlar. Heç yönləndirməyə də ehtiyac olmur, sadəcə bir az onları öyrəşdirmək lazımdır. Bunun üçün də birinci təhsil, sonra iş vacibdir. Ən böyük problemləri odur. Bilmirəm nəyə görə belə bir sistem yoxdur. Çünki bu dəqiqə  defaktologiya və loqopedi bitirən insanlara belə işarət dili lazımdır. Onlar sırf işarət dili üzrə təhsil almırlar. Məhdudiyyəti olmayan insanlar da işarət dili öyrənməlidir ki, gələcəkdə internat və ya məktəblərdə eşitmə məhdudiyyətli insanlara dərs deyən müəllimlər çoxalsın. Məhdudiyyəti olan insanlar üçün də diplom lazımdır ki, sabah harasa iş üçün gedəndə qəbul prosesi asan olsun. Onu da deyim ki, aralarında kifayət qədər qabiliyyətli insanlar var”.


“Dövlət qurumları  problemləri aradan qaldırmalıdır”

“Ən çox Kənanla danışdığıma görə, ondan misal gətirirəm. O mənə deyirdi ki, eşitmə əngəllilər üçün xüsusi cəmiyyət var. Getsələr də,   iş və təhsillə bağlı köməklik yoxdur. Mənim o cəmiyyətlərlə bağlı məlumatım yoxdur. Amma o cəmiyyət də buna heç bir şey edə bilmir, bu artıq təhsil sisteminin problemidir. Bu məsələ məni də, cəmiyyətləri də keçib. Bu dövlətin işidir. Əslində biz də məsələni həll etməyə çalışırıqsa, digər qurumlar da bunu təbliğ etsələr, ciddi problem olduğu dərk edilə bilər. Sabah onlar da ailə quracaq və ya tək qalacaqlar. O zaman özlərini necə idarə etsinlər?. Bu insanlar dərs də keçə bilər. Hər şey mümkündür”.

Nuranə Abıyevanın 60-a yaxın tələbəsi var. Dediyinə görə, bu işdən müəyyən vaxt çox az məbləğdə qazanc əldə edib:

“Mənim indiyə qədər altı qrupum olub. Onun ikisi daha geniş idi. Digər dörd qrupun hərəsində 9-10 nəfər olub. İşarət dili çətindir, ondan mütəmadi istifadə etmək lazımdır. İki ildir, bu işin içində olsam da, özüm də hələ öyrənirəm. İşarət dili hər dəfə dəyişir, yeni hərəkətlər yaranır. Amma tələblərimin artıq rahatlıqla bu dildən istifadə edə bilməsi məni sevindirir.  Heç vaxt müəllimlik etmək, öyrətmək kimi fikrim olmayıb. Müraciət edənlər çox idi deyə, kömək etməyə çalşırdım. Məkan problemi olduğuna görə qruplar ödənişli idi. Lakin hazırda dərs demirəm, fikrim də yoxdur. Yığdığım qrupları başqa insana təhvil vermişəm. Özüm isə yeri gələndə qazandığımı bu sahəyə xərcləyirəm”.

Müsahibimizin işarət dili ilə bağlı layihələri də az olmayıb. Onun uğurlu hesab etdiyi layihəsi isə  Azərbaycan himninin bu dilə tərcüməsidir:

“Ən birinci işim “Məhəmməd Əmin Rəsulzadənin “Gəncliyə xitab” layihəsi olub. Jurnalistika fakültəsinin tələbəsi Rəşiddən belə təklif gəldi. Təsəvvür edin, Məmməd Əmin Rəsulzadənin sözləri çətin idi və mən hələ jestikaya yeni öyrəşən biri idim. Sözlərə baxdım və dedim ki, problem yoxdur edərik. Amma içimdə düşünürdüm ki, mən bu sözü necə tərcümə edəcəyəm. Mən bilməsəm də cəhd etdim. Bilirdim ki, işarət dilini bilən kifayət qədər dostum var və onlardan soruşacam. Əgər razılaşmasaydım, çox söz  itirmiş olacaqdım. Layihə sayəsində yeni sözlər qazandım. Çətin sözləri digər sözlərlə əvəz etməyi bu layihədə öyrəndim.

Mesut Yazıcının videolarında himnlərini işarət dilinə tərcümə etdiyini görmüşdüm. Mənim də ən böyük arzum o idi. Öz himnimizi işarət dilində ifadə etmək. Əvvəlki layihədən aldığım güclə Azərbaycan himnini işarət dilinə çevirib video çəkdik. Həmin zaman layihə uğur qazandı. Amma mənim üçün bütün layihələrim uğurludur. Məsələn, müğənnilərin mahnılarını jest dilinə tərcümə etdim. Bu müğənnilərin də marağına səbəb olurdu. Artıq mənim tələbələrim də bu istiqamətdə videolar paylaşır və marağa səbəb ola bilirlər. Bir neçə ay bundan qabaq “Ziq-Zaq Fikir Evi”ndən gəlmişdilər. Aysel adlı məhdudiyyətli bir qızın timsalında onların dərdini ifadə edən və bir neçə cümlədən ibarət video çarx çəkdik.

Mayın ikisində isə Əsa teatrında Azərbaycanda ilk dəfə teatr səhnəsi işarət dilinə tərcümə ediləcək. Teatrın yaradıcısı Nihad Qulamzadədən belə bir təklif gəldi. Əvvəl düşündüm ki, bacarmaram. Çünki danışdıqca tərcümə etmək bir az çətin olur. Bu teatr da Şeksprin əsəri üzərində qurulur. Nəzərə alsaq ki, onun əsərlərində də çətin sözlərdən istifadə olunub. Lakin iki gün məşqə getdim. İlk gün bir hissəsini tərcümə etdim, gördüm sinxron alınır. Düzdür bəzi sözlərdə geri qalıram. Amma o, problem  deyil”.


Müsahibimiz eşitmə məhdudiyyətli insanlarla ünsiyyət haqqında da söz açdı:

“Ola bilər ki, qarşımdakı insanı çox sevim, amma bilmədən etdiyim hərəkət onun xətrinə dəyə bilər. Bunu da mənə bir tələbəm demişdi. Məsələn, bir söz yadından çıxanda yanındakı insandan soruşsan, eşitmə məhdudiyyətli insanın qəlbini qırmış olarsan.  Bu zaman qarşındakı düşünür ki, demək ancaq ikimiz olsaq və sözü deyə bilməsə, çıxıb gedəcək.  Məhdudiyyətli insanlarla ünsiyyətdə olarkən hər kəs sərbəst  və rahat hərəkət etməlidir. Bizdə belə fikir var ki, insan məhdudiyyətlidir və mən ona kömək etməliyəm. Əgər kömək təklif edirsizsə və qarşınızdakı istəmirsə, üstünə getməyin. Belə olduğu halda o insan sarsıntı yaşayır ki, insanlar olmazsa, heç nə edə bilmərəm”.

Nuranə Abıyevanın ən böyük arzusu eşitmə məhdudiyyətli insanlarla bağlı qurum yaratmaqdır. O  sevdiyi sahə-jurnalistika ilə bu işi birləşdirmək istəyir. Məsələn, eşitmə məhdudiyyətli insanların işlədiyi xəbər portalı və ya televiziya verilişi... Onun digər arzularından biri də Azərbaycanın bölgələrini gəzib, eşitmə məhdudiyyətli insanları və yaxınlarını işarət dili haqqında maarifləndirməkdir. Çünki ucqar rayonlarda yaşayan insanların jestika haqqında məlumatı yoxdur. Onlar öz aralarında xüsusi işarələrlə danışırlar. Ailədən olmayan biri ilə söhbətdə isə çətinlik çəkirlər. Nuranə bu problemin aradan qaldırılması üçün məlumatlandırmanın vacib olduğunu deyir.

 

Günay RƏSULQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!