Modern.az

Deputatdan Azərbaycan kommunistlərinə İTTİHAM: “Hamısı köhnəlib”

Deputatdan Azərbaycan kommunistlərinə İTTİHAM: “Hamısı köhnəlib”

2 May 2017, 21:52

Bir neçə gün öncə Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Modern.az saytına müsahibəsində 1920-ci ilin 28 aprel tarixini öymüşdü. Hətta o, bu günü işğal yox, Azərbaycan tarixinin şanlı səhifəsi kimi qiymətləndirmişdi.

Tarix elmləri doktoru, professor, deputat Fəzail İbrahimli Rauf Qurbanovun fikirlərinə münasibət bildirib.

 

Fəzail İbrahimli Modern.az-a açıqlamasında deyib ki, 1920-ci ilin fevral ayında Azərbaycan Kommunist Partiyası yarananda onun missiyası məhz ölkəmizi işğala məruz qoymaq olub.

 

“Onlar Rusiyadan gələn sifarişi icra etmək üçün Azərbaycanda təşkilat yaratmışdılar. Onlar Rusiya Kommunist Partiyasına müraciət edirlər ki, guya ki, bizə kömək etsinlər. Azərbaycanı işğal missiyası buradan başlayır”.

 

Professor bildirib ki, arxiv materiallarında Azərbaycan Kommunist Partiyasının Gədəbəy Partiya Təşkilatının sədrinin Moskvaya müraciəti var.

 

“Onlar deyirdi: “Biz odda yanmağa, suda batmağa hazırıq”. Nə idi bu hazırlıq? Təbii ki, Azərbaycan Xalq Cümhuriyyətini devirmək”.

 

Deputatın fikrincə, kommunistlərin nə deməyindən asılı olmayaraq, 1920-ci ilin 28 apreli Rusiyanın Azərbaycanı işğal etməsi tarixidir.

 

“1930-cu ilə qədər Azərbaycanda ümumiyyətlə “inqilab” sözü işlədilməyib. “Aprel çevrilişi” ifadəsi işlənirdi. Bugünkü Azərbaycan kommunistləri bilmirəm nə deyirlər, amma bu çevrilişi həyata keçirən Rusiya olub. Vaxtı ilə AXC-də daxili işlər naziri işləyən Həmid Sultanov 1920-ci ilin oktyabr ayında Azərbaycan Kommunist Partiyasının qurultayında çıxış edir. O deyirdi: “Çevrilişi həyata keçirən zaman mən düşünürdüm ki, bu ultimatumu cümhuriyyətə versəm, onlar məni öldürə bilərlər. Ancaq çox yaxşı bilirdim ki, Yalamada dayanan qırmızı süngülər, yəni rus ordusu sabah şəhərə daxil olacaq və mənim qanımı alacaq. Həmid Sultanov o dövrün xarakterini belə verir”.

 

Fəzail İbrahimli qeyd edib ki, hazırkı Azərbaycan Kommunist Partiyasının liderləri, üzvləri nə deyirsə, bunlar hamısı köhnəlmiş fikirlərdir, vaxtı keçmiş düşüncələrdir.

 

Aqşin KƏRİMOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...