Modern.az

İstefaya göndərilən nazirlər: kimi güllə yola salınıb, kimi həbslə - Növbədə KİMDİR?..  

İstefaya göndərilən nazirlər: kimi güllə yola salınıb, kimi həbslə - Növbədə KİMDİR?..   

2 May 2017, 21:30

Ölkə prezidentinin 13 fevral 2017-ci il tarixli sərəncamı əsasında Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların bazasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. Nəticədə yeni nazirliyə təyinat almayan keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifədən uzaqlaşdırıldı.

Bəziləri Ziya Məmmədovun tezliklə yeni vəzifəyə gətiriləcəyini iddia etsələr də, gözləntilər reallaşmadı. Və işsiz qalan eks-nazir Ziya Məmmədov təhvil-təslimdən sonra keçmiş işçiləri ilə vidalaşaraq bir dəstə qızılgüllə yola salındı.
Qızılgüllə yola salınmasına baxmayaraq, cənab Məmmədovun yenidən ali vəzifədə görə biləcəyimiz inandırıcı deyil...

Qeyd edək ki, Ziya Məmmədovdan qabaq da yükdək vəzifədən kənarlaşdırılan xeyli nazir olub. Onlardan kimi yüksək postdan birbaşa həbsxanaya göndərilib, kimisi incik yola salınıb, kiminə də yeni vəzifə verilib. Bununla yanaşı, təqaüdə yola salınanlar da olub...

Modern.az saytı 2003-2017-ci illər ərzində Prezident İlham Əliyevin etimadını itirmiş keçmiş nazirlərin kimlər olduğunu bir daha xatırladır...

Sabiq rabitə naziri Nadir Əhmədov
. 1997-ci ildə yükək vəzifəyə təyinat alan Nadir Əhmədov 7 il rabitə naziri vəzifəsində işləyib. Nadir Əhmədov Heydər Əliyev iqtidarında vəzifə tutan, adı heç bir qruplaşmalarda hallanmayan nazirlərdən biri idi. Dövlət və ictimai işlərdə xidmətlərinə görə «Şərəf nişanı» ordeni ilə təltif olunan N.Əhmədov həm də Qarabağ müharibəsinin veteranıdır. 
2004-cü ildə Nadir Əhmədov o vaxt yeni seçilən prezident İlham Əliyev tərəfindən təqaüdə göndərildi.

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov:  O, bu vəzifədə 10 il işlədi. 
1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri vəzifəsini icra edib. 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək isə Azərbaycan Respublikası  milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin 2004-cü ilin iyulunda imzaladığı sərəncamla milli təhlükəsizlik naziri postundan azad edilən general-polkovnik Namiq Abbasov həmin il 16 dekabr tarixindən Özbəkstana səfir göndərildi. O, 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışdı. Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə göndərildi.

Sabiq kənd təsərrüfatı naziri İrşad Əliyev:  O, 1994-cü ildə kənd təsərrüfatı naziri təyin olunmuşdu. İrşad Əliyev bu vəzifədə düz 10 ildən artıq müddətdə çalışdı. 2004-cü ildə prezident İlham Əliyev tərəfindən nazir postundan çıxarılan İrşad Əliyev vəzifəsiz qalmadı. 2005-2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012-2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışdı. Ardından təqaüdə göndərildi…

Hesablama Palatasının sabiq sədri Namiq Nəsrullayev. O, 1996-cı ildən 2001-ci ilədək Azərbaycanın iqtisadiyyat naziri vəzifəsində fəaliyyət göstərib. 
Namiq Nəsrullayev 2001-ci ildə Milli Məclis tərəfindən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib. O, bu vəzifədə 2007-ci ilədək qala bilib. Həmin ilin aprel ayında N.Nəsrullayev səhhəti ilə əlaqədar öz xahişi ilə Hesablama Palatasının sədri vəzifədən azad edilib. 

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev.  1997-ci ildə ticarət naziri vəzifəsinə təyin olunan F.Əliyev, 1999-2001-ci illərdə dövlət əmlak naziri vəzifəsində çalışdı. 2001-ci ildə bir neçə qurumun bazasında İqtisadi İnkişaf Nazirliyi yaradıldı və Fərhad Əliyev nazirliyin başçısı təyin olundu. 
2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edildi. Əvvəlcə dövlət çevrilişi və kütləvi iğtişaşlar hazırlamaqda təqsirləndirilən sabiq nazir sonradan Cinayət Məcəlləsinin müxtəlif maddələrilə rüşvət almaqda, külli miqdarda mənimsəmə və israfetmədə, qanunsuz sahibkarlıqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifə saxtakarlığında günahlandırıldı. 2007-ci il oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılmış hökmə əsasən, sabiq nazir 10 il müddətinə azadlıqdan məhrum edildi.
14 oktyabr 2013-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilən F.Əliyevin hazırda xaricdə - İngiltərədə yaşadığı bildirilir.

Sabiq səhiyyə naziri Əli İnsanov. 1993-cü ildə səhiyyə naziri vəzifəsinə təyinat almış Əli İnsanov 1995-ci ildə həm də Milli Məclisə deputat seçildi. Sabiq nazir Azərbaycanın ilk dərman preparatı "İnsanovin"i hazırladı, 2001-ci ilin iyulunda Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçildi.
2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilən Əli İnsanovun bir çox titulları, o cümlədən akademik fəxri adı geri alındı. 
Əvvəlcə dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən sabiq nazir, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilindi. 2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bir neçə gün öncə - aprelin 26-da Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində açılmış əlavə cinayət işi üzrə məhkəmə prosesi keçirildi və ona daha 7 il 5 gün həbs cəzası kəsildi.
Bu dəfə o, Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə mühakimə olundu.


“Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıxov
. O, 1992-ci ildə “Azərkimya” Dövlət Şirkətinin prezidenti təyin edilmişdi. F.Sadıxov 2000-2005-ci illərdə II çağırış Milli Məclisin deputatı olub.
O, 2005-ci il oktyabrın 24-də sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev, habelə Prezidentin İcra Aparatının işlər müdiri olmuş Akif Muradverdiyevlə birgə dövlət çevrilişinə cəhddə ittiham olunaraq vəzifədən çıxarıldı.
O zaman F.Sadıxov bir neçə gün istintaq təcridxanasında saxlanıldı, sonra isə ev dustağı edildi. Ardınca 5 ildən çox müddətdə ictimai-siyasi tədbirlərdən kənarda qalan F.Sadıxov sonra AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda qrup rəhbəri vəzifəsinə işə götürüldü.. 

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayev.  1999-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olundu. Və 2005-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı. Vəzifədə olduğu müddətdə qeyri-rəsmi olaraq həm də bizneslə məşğul olan Heydər Babayev “ABU” şirkətlər qrupunu yaratmışdı. 
2005-ci il oktyabrın 19-da Heydər Babayev iqtisadi inkişaf naziri postuna təyin olundu. Amma sələfi kimi o da bu nazirlikdə çox işləyə bilmədi. 2008-ci il oktyabrın 30-da Heydər Babayev iqtisadi inkişaf naziri vəzifəsindən azad olundu. Məlumatlara görə, H.Babayev hazırda bizneslə məşğuldur. Onun gah Azərbaycanda, gah da xaricdə olduğu bildirilir.

Ali Məhkəmənin sabiq sədri Südabə Həsənova.  1995-ci ildə ədliyyə naziri vəzifəsini icra etməyə başlayıb. Üç il bu vəzifəni icra edən xanım Həsənova 1998-ci ilin yanvarına ədliyyə naziri təyin edilib. 
2000-ci il aprelin 18-də isə Südabə Həsənova Ali Məhkəmənin sədri təyin edilib. 1995-ci ildə III dərəcəli, 1998-ci ildə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbələri alıb.  
Prezident İlham Əliyev 2005-ci il aprelin 19-da S.Həsənovanı Ali Məhkəmə rəhbərliyindan azad edib və o, Ali Məhkəmənin hakimi saxlanılıb. 
Milli Məclisin 23 dekabr 2005-ci il tarixli qərarı ilə S.Həsənova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilib. S.Həsənova hazırda da Konstitusiya Məhkəməsinin hakimidir.

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev. Vaxtilə “qılıncının dalı da, qabağı da kəsən” məmurlardan biri olub. Hakim Yeni Azərbaycan Partiyasının qurucularından və nüfuzlu liderlərindən  sayılan Ə.Nağıyev YAP-ın “qızıl fondu” elan edilmiş “91-lərdən”dir. 
1996-cı ilin noyabrında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edib. O zaman YAP-da ikinci şəxsi-sədr müavini olan Əli Nağıyev düz 10 il nazir vəzifəsində çalışıb. 
Əli Nağıyev əmək və əhalinin sosial müdafiəsi naziri postunda olarkən dəfələrlə səs-küy doğuran açıqlamalar vermişdi. Onun Təhsil Nazirliyinin ünvanına sərt çıxışı isə geniş rezonans doğurmuşdu.
2006-cı ilin fevralında Əli Nağıyevi nazir postundan azad edildi. 
2006-cı il mayın 15-də Ə.Nağıyev prezidentin sərəncamı ilə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olundu. O, 5 il Azərbaycandan uzaqda diplomatik xidmətdə çalışdı. 20 aprel 2011-ci il tarixdə isə ölkə başçısının sərəncamı ilə səfir postundan geri çağırıldı. Diplomatik işdən geri çağrılan sabiq nazir hazırda təqaüddədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev.  2001-ci ildə o zaman yeni yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edildi. 2003-cü ilin oktyabrında ölkənin yeni prezidenti seçilən İlham Əliyev Nazirlər Kabinetini yenidən formalaşdırarkən R.Əliyev Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri vəzifəsinə təsdiqlənmədi. O, düz 2 il 8 ay komitə sədrinin səlahiyyətlərini icra etməli oldu. Nəhayət 2006-cı il iyunun 27-də R.Əliyev komitə sədrinin vəzifəsini icra edən şəxs olaraq da işdən çıxarıldı. Professor R.Əliyev hazırda 1990-cı ildən təsis etdiyi “İrşad” İslam Araşdırmaları Mərkəzinə rəhbərlik edir.

Keçmiş maliyyə naziri Əvəz Ələkbərov. 1992-cü ildən 1999-cu ilə kimi Dövlət Sosial Müdafiə Fondunun sədri postunda çalışan Əvəz Ələkbərov,  
1999-cu ilin iyulunda maliyyə naziri vəzifəsinə gətirildi. Ə.Ələkbərov bu vəzifədə 2006-cı ilin aprelinə qədər çalışdı.
Əvəz Ələkbərov sonralar etiraf etmişdi ki, eks-milli təhlükəsizlik naziri Eldar Mahmudovun onun barəsində yuxarılaraq ötürdüyü kompromatın nəticəsi olaraq 2006-cı ilin aprelində qəfil işdən azad edilmişdi.
Uzun müddət heç bir rəsmi vəzifə tutmayan Ə.Ələkbərov 2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları" kafedrasının müdiri və "Professorlar Klubu" rəyasət heyətinin sədridir.

“Azəriqaz”ın sabiq sədri Əlixan Məlikov. 2000-ci ilin fevral ayında “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri postuna təyinat almış Əlixan Məlikov 2009-cu ilin iyulunda “vuruldu”. Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2009-cu ildə ARDNŞ-nin tərkibinə keçirilən "Azəriqaz" QSC-nin rəhbəri Əlixan Məlikov işdən kənarlaşdırıldı. 
Prezidentin 1 iyul 2009-cu il tarixli 366 nömrəli sərəncamı ilə yenidən təşkil olunmuş və ARDNŞ-nin tabeliyinə verilmiş “Azəriqaz” QSC-nin bazasında “Azəriqaz” İstehsalat Birliyi yaradıldı. Və ARDNŞ prezidenti Rövnəq Abdullayev “Azəriqaz” İB-nin rəhbərliyinə Ə.Məlikovu təsdiqləməyərək, ora öz kadrını gətirdi. 
Ə.Məlikovun hazırda özəl sektorda sahibkarlıq fəaliyyətilə məşğul olduğu bildirilir.

Sabiq xarici işlər naziri Vilayət Quliyev: Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri olub. 2004-cü ildə nazir postundan azad edilən V.Quliyev o zaman Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri təyin edildi və 2010-cu ilə kimi bu vəzifədə işlədi. 2010-cu ildə isə ölkə başçısı onu Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin etdi. Və hazırda da bu diplomatik vəzifədə çalışır...

Eks-mədəniyyət naziri Polad Bülbüloğlu
. O, 1989-cu ildә Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunub. Sonralar Azərbaycanda üç dəfə hakimiyyət dəyişikliyi baş verəndə Polad Bülbüloğlu hər gələn prezident tərəfindən nazir postunda saxlanılıb. Və 2006-cı ilədək mədəniyyət naziri işləyib. 
2006-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə o, Azərbaycan Respublikasının Rusiya Federasiyasına səfiri göndərilib. P.Bülbüloğlu hazırda da Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfiridir.

Keçmiş müdafiə naziri Səfər Əbiyev. O, 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb. 1995-ci ildə Azərbaycan Respublikasının müdafiə maziri təyin olunan Səfər Əbiyev 22 oktyabr 2013-cü il tarixindək bu vəzifədə işləyib.
Səfər Əbiyev işdən çıxarılandan sonra ictimaiyyət onun nə səsini eşidə, nə üzünü görə bilib.

Sabiq ə
mək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov. Azərbaycan Prezidentinin 7 fevral 2006-cı il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.
Onun işdən azad edilməsinin səbəblərindən biri şübhəsiz ki, 2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş verən kütləvi iğtişaşlar idi. Çünki eks-nazirin qardaşı Nizami Ələkbərov İsmayıllı hadisələrindən sonra bu rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılmışdı. Və İlham Əliyev üçüncü prezidentlik müddətində işə başlayarkən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovu komandasından kənarda saxladı.

Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov. 1994-cü il 19 avqust tarixindən 2013-cü ilin sonlarına kimi Xəzər Dəniz Gəmiçiliyi kimi strateji qurumun rəisi işləyib.
2013-cü il oktyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, iqtisadiyyatda institusional islahatların davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədi ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ləğv edilsin və onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradılsın. 
Bu sərəncamla ləğv edilmiş Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının əmlakı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə verilib. Dövlət başçısının digər sərəncamı ilə Rauf Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Aydın Bəşirov isə vəzifəsindən uzaqlaşdırılıb. O,hazırda təqaüddədir.

Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov. O,23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə kənd təsərrüfatı naziri olub. Lakin bəzi eks-nazuirlərdən fərqli olaraq Nazirlikdəki vəzifəsindən azad edilən İsmət Abbasov nəinki işsiz qaldı, əksinə daha da irəli getdi. Belə ki, o, 22 oktyabr 2013-cü il tarixində ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olundu. Və hazırda da bu vəzifədə çalışır.

Eks-təhsil naziri Misir Mərdanov. Düz 15 il təhsil naziri işlədi. 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışan Misir Mərdanov, 2013-cü ilin aprel ayından ta bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Hidayət Orucov.  25 iyul 2006-cı ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdi. 31 may 2012-ci ildə həmin vəzifədən azad edildi. Ona 27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Elə həmin gün Azərbaycan prezidentinin sərəncamı ilə Hidayət Orucov Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Sabiq r
abitə və yüksək texnologiyalar naziri Əli Abbasov. 2004–2015-ci illərdə rabitə və yüksək texnologiyaları naziri vəzifəsində çalışıb.Prezidentin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib. Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində üzə çıxan irimiqyaslı korrupsiya və mənimsəmə faktlarından sonra vəzifədən kənarlaşdırıldı. Hazırda məhkəmədə həmin korrupsiya işi araşdırılır.

Sabiq milli təhlükəsizlik naziri və Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sabiq sədri Eldar Mahmudov.  General-polkovnik Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın ən strateji nazirliyinə rəhbərlik edib. Amma təəssüf ki, məhz onun vaxtında bu nazirlik quldur yuvasına çevrilib. Belə ki, Milli Təhlükəsizlik Nazirliyi Azərbaycandakı iş adamlarına qənim kəsilərək, onları soyub-talamaqla məşğul olub.
Buna görə də ölkə başçısı 17 oktyabr 2015-ci il tarixli sərəncamı ilə E.Mahmudovu milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırıb, Milli Təhlükəsizlik Nazirliyini isə ləğv edib. Eldar Mahmudovun MTN-dəki bandasının üzvlərindən bir çoxu həbsə alınsa da, özünün əlləri hələ ki qandallanmayıb. Hazırda məhkəmə “MTN işi”ni araşdırmaqla məşğuldur...

Ölkədə struktur islahatlarının aparılacağı istisna olunmur. Belədə növbədə "vurulacaq" nazir kim olacaq, maraq doğurur...



A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...