Modern.az

“Mətbuatdan getsəm, dünya dağılmaz ki...” - “Şərq” qəzetinin “gözəgörünməz adamı” ilə MÜSAHİBƏ

“Mətbuatdan getsəm, dünya dağılmaz ki...” - “Şərq” qəzetinin “gözəgörünməz adamı” ilə MÜSAHİBƏ

Media

3 May 2017, 12:16

Azərbaycan mediasında bir sıra redaktorlar var ki, gördükləri çox işin müqabilində, daim kölgədə qalırlar. Yəni çox iş görürlər, amma az tanınırlar... Baxmayaraq ki, redaksiyada tutduqları posta görə ikinci adam sayılırlar. Onlar öz redaksiyalarının belə deyək ki, cəfakeşləridirlər. Çalışdıqları yerdə əsas iş icraçıları olan belə redaktorlardan biri də uzun illərdir "Şərq" qəzetində baş redaktorunun müavini vəzifəsinni daşıyan Yusif Nəzərlidir.

 
Modern.az saytı onunla həmsöhbət olub.

 

-Yusif müəllim, oxucuların sizi daha yaxından tanıması üçün özünüz haqqında ətraflı məlumat verə bilərsinizmi?

- Gürcüstan doğumluyam. Qarayazı elinin Nəzərli kəndində 1-ci sinfə getmişəm. 1990-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşam. Tələbəlik dövrüm çox ağır illərə təsadüf edib. Ölkədə içtimai-siyasi vəziyyət çətin idi. Maddi problemlər, kirayənişin həyatı, təhsil almaq, üstəlik ailəyə kömək etmək kimi qarşımda vəzifələr dururdu…
Yalnız işləmək durumu dəyişə bilərdi. O vaxt müxtəlif qəzetlərdə fəaliyyətimə xəbərlərlə, kiçik yazılarla başladım. Bəzən hazırladığım materialın çap olunmasını həftələrlə gözləmişəm, ruhdan düşdüyüm vaxtlar da olub. 1991-ci ildən sonra həyatımda dönüş yarandı. Qonorarlar  aldım, kirayə haqqını özüm ödədim, dolanışığımın bir qismini təmin etdim.
1992-ci ildən Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində yarımştat işə götürdülər. Sonra bir neçə mətbu orqanda - “Vətən ocağı”, “Panorama”, “7 gün” qəzetlərində işlədim. Emin Eminbəyli, Mehman Cavadoğlu, Şahvələd Çobanoğlu, Əziz Rzazadə, Yusif Rzayev kimi redaktorlardan öyrənmişəm.
1996-cı ildən “Şərq”in əsgəriyəm. Bir oğlan, bir qız övladım var.      

 

-Adətən müxtəlif peşə adamlarına  “niyə bu peşəni seçdiniz” sualı ünvanlanır. Bizə də maraqlıdır, niyə jurnalistika?..  Bu sahəni sizə sevdirən səbəb nə olub?

 

- Mən futbol şərhçisi olmaq istəyirdim. Rusiya kanallarında idman şərhçisi Nikolay Ozerov vardı.Uşaq ikən onun səsinin vurğunu idim. Bir də o zamanlar Gürcüstanda “Samqori” qəzeti çıxırdı. Yarı gürcü, yarı Azərbaycan əlifbası ilə. O qəzeti izləyirdim, xəbərləri oxumağı sevirdim. Evdə öz-özümə cızma-qaralar edirdim. Məktəbdə divar qəzeti, güşələr hazırlayırdım. Hətta məktəbdə qız istəyən yeniyetmə oğlanlar  vardı, onların bəzi sevgi məktublarını da yazırdım. Və bir də həyatda heç unutmayacağım bir şey - bütün qohum-əqrabadan hərbi xidmətə gedənlərlə məktublaşırdım. O vaxtlar Almaniyada qulluq edən rəhmətlik əmim oğlu Fərhad deyirdi ki, “elə yaxşı məktub yazırsan ki, heç evdən belə məlumat vermirlər”.
Uşaq ağlımla hər şeyi açıb-tökürdüm. O da mənim yazışmalarım üçün darıxırdı. Bir dəfə rəhmətlik atam dedi ki, “bala, elə get jurnalistikaya, sənin işin-peşən yazmaqdır”. Odu- budu, bu peşə canımdan çıxmadı. 


- “Şərq” qəzetinin ilk sayından etibarən  burda  işləyirsiniz. Maraqlıdır, Akif Aşırlı ilə yollarınız necə birləşdi? Qəzet necə yarandı?

 

- Biz Akif bəylə “7 gün” qəzetində bir yerdə çalışmışıq. Bir gün dedi  ki, qəzet yaratmaq istəyir.  Bir yerdə işləyə bilərik. O vaxt qəzət təsis etmək, onu yaymaq, davamlı buraxmaq  hər oğulun işi deyildi. “7 gün”dəki baş redaktorumuz Emin Eminbəylinin xeyir-duası ilə 25 min tirajlı bir qəzetdən ayrılıb, “Şərq”ə can qoymağa başladıq. 1996-cı ilin noyabrından bu günə kimi bir yerdə çiyin-çiyinəyik.    

  

-İndiki gənclər tez-tez  iş yeri dəyişir. Lakin siz hələ də “Şərq” qəzetinə sadiqsiniz.  Sizi bu qəzetə bağlayan nədir?

 

- Əvvəla mənim üçün azad mühit, yaradıcılıq atmosferi önəmlidir. Tam səmimi deyirəm, Akif Aşırlı çox az baş redaktorlardandır ki, redaksiyada belə bir mühit yaradıb. Baş redaktorumuz indi də bizimlə redaksiyada gecə saat 11-yə, 12-yə qədər çalışır. Qəzetimiz haqqında böyük danışmaq istəmirəm, hər kəs onun keçmişini, tarixini, tirajını yaxşı bilir. O vaxtlar 23-25 minlik tirajla yayılmaq böyük rəqəm idi. Burda o qədər ac-susuz günlərimiz, gecələrimiz olub ki...
“Şərq”in ilk sayından burdayam. Qəzetə  əməyi keçən başqa dostlarımız - Mahir, Natiqlə çox çətin, amma maraqlı günlər yaşamışıq. Az qala ömrümün yarısı burda keçib. Bu qəzet mənim üçün bir ailədir. Necə sadiq olmaya bilərəm?..     

 

-“Şərq” qəzeti fəaliyyət göstərdiyi müddətdə əsas çətinlikləriniz nələr olub?

 

-Çətinlikləri deməklə bitməz. İlk saylarımızı ağır şərtlər altında çıxarmışıq. Kağızın, təbəqənin çətin tapılan bir vaxtları idi. Şaxtalı, qarlı havalarda  qəzetin çap prosesinə qədər məhsulumuzun üstündə olmuşuq. Onu bazara çıxarana qədər yuxusuz qalmışıq. Bundan başqa, məhkəmə çəkişmələrində də sakitliyimiz pozulub, gərginlik artıb. O vaxt ölkənin ikinci şəxsi - Murtuz Ələsgərovla,  Fatma Abdullazadə  və başqa iri ranqlı məmurlarla davalar yaşamışıq. Amma bunlar hamısı normal hallardır. Bu peşəni seçmisənsə, problemlərinə də qatlaşmalısan. İş olan yerdə çətinliklər olur, o da ola ki iddialı bir iş.

 


-Qəzetin bu qədər ağır yükünü daşımaq sizi yormur ki? Mətbuatdan bezib getmək istədiyiniz anlar olub?

 

- Yorulmaqla bezmək fərqli anlayışlardır. Hər sabahın sonunda yorğunluq olur. Gərgin iş çalışmasından sonra bəzən bir stəkan çay içməyə belə, ərinirəm. Üstəlik də ailə qayğılarını, məişət problemlərini bir təhər iş qrafikinin arasına sıxışdaranda yorğunluq iki qat artır. Amma işimdən həmişə zövq almışam. Bu, hər şeyi unutdurur. Bəzən bunun üstündə texniki əməkdaşlarımızla sözüm tərs də gəlib. Deyirlər “filan qəzetlərin işçiləri saat 7-8- də evlərinə gedirlər. Biz niyə yox?”. Onda da zarafata salıb deyirəm ki, “gedin onda o qəzetlərdə işləyin”. Dinmirlər. Çünki onlar da ailələrinin bir üzvü kimi bu qəzeti sevirlər. Beləcə gərginliyə bir az zarafat tonu qatıb, yola veririk. Bilirsiz, biz evimizdən daha çox işdə oluruq, günorta yeməyimizi bir yerdə yeyirik, az qala xasiyyətlərimiz bir- birimizə keçib.

O ki qaldı mətbuatdan getmək istəyimə, belə bir hal kəsinliklə olmayıb. Həm də mətbuatdan getsəm, dünya dağılmaz ki... Qəzetçilikdən başqa əlimdən bir çox işlər gəlir. Metlax vura bilirəm, elektirik işindən başım çıxır, su kranları dəyişə bilirəm. Parketdən başqa ev təmiri işlərindən bildiyim işlər var. Ruzini verən Allahdır.

 

-Ümumiyyətlə, nə vaxtsa mətbuata gəldiyinizə görə peşman olmusunuz?

 

- Qətiyyən. Onda mən o məktublara, uşaqlığıma xəyanət etmiş olaram. Yaxşı ki, bu peşəyə gəlmişəm. Dostlar qazanmışam, çətinliklər görüb, bərkimişəm. İnformasiyaların içində və bolluğunda olan yerdən niyə peşiman olum ki..?

  

-Uzun müddətdir ki, jurnalist kimi fəaliyyət göstərirsiniz. Bu müddət ərzində “Şərq” qəzeti mətbuata kifayət qədər  peşəkar jurnalistlər bəxş edib. Gənclərlə işləyirsiniz. Maraqlıdır, gənc  jurnalistlərlə bağlı nə düşünürsünüz?

 

- Özünüzün də dediyi kimi “Şərq” qəzeti kifayət qədər  peşəkar jurnalistlər yetişdirib. Bura məktəbdir. Burda həm də elə bir aura var ki, istənilən gənc gəlib işləyib-işləməyəcəyini uzağı bir aya aydınlaşdıracaq. Çünki burda çox peşəkar bir komanda var. Peşəkar kapitan var. Elə olur ki, şəxsiyyət məsələsi də önə çıxır. “11-lik”  bir heyətdə yer alıb, o ansabla alışmaq var. Üstəlik yazı taktikası, rəqabətə davamlılıq, özünü göstərmək hünəri... Bu qəzetin mayasında həmişə gənclərlə  işləmək meyarı öndə olub. Olmasaydı, bu qədər peşəkar yazarı necə yetişdirə bilərdik? Müasir gənclər  informasiya texnologiyalarının verdiyi imkanlardan istifadəyə daha çox meyl edirlər. Bu lazımdır, hətta vacibdir.  Amma xəbərçiliyin, jurnalistikanın canlı müşahidə qaydaları unudulmamalıdır. Belə olanda sənin xəbərin daha etibarlı kapitala çevrilir. Bazarın rəqabətinə duruş gətirir.        

 


-Yusif müəllim, müsahibələrin birində demisiniz ki, qəzetin əməkdaşları ilə nadir hallarda mübahisə edirsiniz. Adətən mübahisələr nə üstündə olur? Ümumiyyətlə,  mətbuatda işlədiyiniz bu müddət ərzində hansısa həmkarınızla sözünüz çəp gəlibmi?

 

- Bayaq dedim ki, əməkdaşlarla mübahisə ancaq yaradıcılıq atmosferi daxilində ola bilər. Bəzən günün mövzularını dartışırıq. Dərc olunan yazılarımızın kəm-kəsirlərini çözürük. Başlıqdan tutmuş, onun  dizaynına qədər fikirlərimizi paylaşırıq. Bu qəzetin hisi-tozu hamımızın canımızdadır. Qardaşlıq, dostluq, sayğı var. 

 

-90-cı illərin sonları ilə indiki dövr mətbuatı arasında kifayət qədər fərq var. Sizcə, mətbuatımızın əsas problemləri nələrdir? O dövrün mətbuatının hansı xüsusiyyətinin indi də olmasını istəyərdiniz?

 

- Canlı ünsiyyət itib. Müsahibələr, reportajlar, araşdırmalar çox azdır. Korrektor işi zəifləyib. Media qalmaqallı mövzuları peşəkar səviyyədə çatdırmaqda gecikir. Məsuliyyət əvvəlki dövrlərdə olduğu kimi deyil. Məsələn, mən “7 gün” qəzetində işləyəndə müsahibin vəzifəsini düzgün yazmamağın üstündə rəhbərlik maaşımı kəsmişdi. Metroda partlayış olanda, hadisənin bütün tərəflərini işıqlandırmışdım, amma vaqonun hansı ölkədən, neçənci ildə Azərbaycana gətirildiyini, onun sonuncu təmir tarixini araşdırmadığıma görə məni materialı yenidən hazırlamağa məcbur etmişdilər. İndi belə məsuliyyət, tələbkarlıq varmı?  

  

-Adətən indiki gənclərin jurnalistikanı seçmə səbəbi müəyyən qədər məşhurluq qazanmaq istəyilə bağlıdır. Sizcə, öndə olub tanınmaq, yoxsa “gözəgörünməz” qalmaq yaxşıdır?

 

-Hansı sahədə olursan ol, bu biznesdə də belədir- işini doğru, düzgün, vicdanla  qurmusansa məşhursan. Birinci hesabatı özünə verməlisən. Nə iş görürsən, cəmiyyətə xeyrin nədir, harda səhvlər edirsən? Sonra təbii ki, ətrafın, cəmiyyətin reaksiyası önəmlidir. Azərbaycan reallığında məşhurluq nisbi anlayışdır. Sosial şəbəkələrdə gündə o qədər məşhurlaşanlar var ki... Amma bir həftədən sonra unudulur.  İndi faciələrlə məşhurlaşanlar var. İntiharlarla özlərindən bəhs etdirənlər var. Qalıcı istedadla tanınmaq başqa məsələdir. Bir ara hamı televiziyalara qaçırdı. Çünki orda məşhurlaşmaq çox asan idi. Amma indi heç televiziyalarımıza baxan yoxdur. Bakı əhalisinin 80 faizindən çoxu telekanallarımızı izləmir. İndi əksəriyyət saytlara qaçır. Çünki onun qapısı birbaşa milyonların olduğu sosial şəbəkələrə rahat açılır. Burda həm özünü ifadə edirsən, həm yaradıcılığını, həm də bacarıqlarını. Millət başdan- ayağa sosiallaşıb. Adi sosial şəbəkə istifadəçisi bir də görürsən xəbəri bütün mediadan əvvəl çatdırır. Təbii ki, xəbərin araşdırması, təhlili bizlərə qalır.      

 


-Bu il “Şərq” qəzetinin  21 yaşı tamam olacaq. Sizcə, qəzetin indiyə kimi ən böyük nəaliyyəti  nə olub? Geridə qalan illəri necə qiymətləndirirsiniz?


- Geriyə baxanda biz ölkənin ən çox oxunan, yüksək tirajlı qəzeti olmuşuq. Bu gün də daxil olmaqla, redaksiyamızda 170-dən çox jurnalist yetişib. Onların çoxu indi ayrı-ayrı yerlərdə bacarıqlarını davam etdirirlər. Saytlarda, televiziyalarda, QHT-lərdə, dövlət strukturlarında,  bank sektorunda işlərinə davam edirlər. Bunların hamısı “Şərq”in uğurudur.

 

-Son olaraq, Yusif müəllim, media  nümayəndələrinə, gənc jurnalistlərə hansı tövsiyələr verə bilərsiniz?. Bu yolda yeni addımlamağa başlayan bir gənc kimi mənə də maraqlıdır.

 

- Mən 92-ci illərdə ilk dəfə yazılarımı redaktora təqdim edəndə çox həyəcan keçirirdim. Redaktor yazımı oxuyub elə günə qoyurdu ki, vərəqlər qırımızı qələmin müdaxiləsindən “al-qana bələnirdi”. Amma bunun ardınca redaktor ruhdan düşdüyümü görüb, siyirmədən öz yazısını çıxarıb, göstərirdi. Bir az mənim yazımdan fərqli orda da xeyli düzəliş edildiyini görürdüm. O dəqiqə üz cizgilərim dəyişirdi, ürəyim yerinə gəlirdi. Yəni belə hallarda tez ruhdan düşmək olmaz, öz üzərində, yazıların üstündə işləmək lazımdır.

Hansı yerdə daha azad, demokratik  mühit var, orda irəli getmək asan olur. Bütün potensialını ortaya çıxarmaq üçün bunun önəmi böyükdür. Hər saat, hər dəqiqə öyrənmək, oxumaq gərəkdir. Xarici ölkə jurnalistikasına göz gəzdirmək vacibdir. Türkiyənin, Rusiyanın, dilini bildiyiniz digər ölkələrin mediasını izləmək lazımdır.

 

Günay RƏSULQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi