Modern.az

“Ekspressbank” başqa banka birləşir?

“Ekspressbank” başqa banka birləşir?

İqtisadiyyat

3 May 2017, 12:39

Son 1 il ərzində Azərbaycanda mövcud olan kommersiya bankları maliyyə çatışmazlığı, problemli kreditlərin həcminin durmadan artması və s. səbəblərdən xidmət şəbəkəsini kiçiltməyə, ixtisarlar etməyə, fəaliyyəti dayandırmağa, yaxud konsolidasiyaya getməyə məcburdur.

 

Modern.az-a daxil olan məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunun sağlamlaşdırılması istiqamətində apardığı işlərin davamı olaraq yaxın vaxtlarda “Ekspressbank” başqa bir bankla birləşdiriləcək.

 

Məsələ ilə bağlı “Expressbankın” Məlumat Mərkəzinin mütəxəssisi Sara Qəniyeva Modern.az-a məlumatı təkzib edib. O bildirib ki, bu barədə hər hansı rəsmi qərar yoxdur və bank əvvəlki qaydada fəaliyyətini davam etdirir.

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a bankların birləşmə prosesinin davamlı şəkildə gedəcəyini deyib:

 

“Bundan sonrakı proseslərdə daha bir neçə bankın bağlanacağı, yaxud digər banklara birləşdiriləcəyi qaçılmazdır. Bu, həm maliyyə vəziyyətindəki kəskin durumdan, həm də son verilən rəsmi açıqlamalardan aydın görünür”.

Ekspertin sözlərinə görə, bankların bağlanması, yaxud birləşdirilməsilə sağlamlaşdırma prosesinin yekunlaşdırılması formal xarakterli olacaq:

 

“Çünki iş bununla bitmir. Banklar kreditləşməni başlamalı, aktiv iqtisadi fəaliyyətlə məşğul olmalıdırlar. İş adamlarına, sadə vətəndaşlara istehlak kreditlərin verilməsi bərpa olunmalı, faiz aşağı salınmalı, iqtisadi aktivlik artırılmalıdır.

 

Bu baxımdan sağlamlaşdırma prosesinin ikinci hissəsi daha vacibdir. İlkin mərhələdə müəyyən inzibati qərarlar alınacaq, amma tək bununla iqtisadi aktivliyə nail olmaq mümkün deyil. Böyük ehtimalla hökumət Mərkəzi Bankla birlikdə daha ciddi addımlar atacaq. Çünki 25-30 faizlik biznes və istehlak kreditlərilə iqtisadiyyatda canlanma yaratmaq mümkün olmayacaq”.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər