Modern.az

Xaricdəki tələbəmiz: “Azərbaycanlıların Hollandiya haqda təsəvvürləri çox yanlışdır” - MÜSAHİBƏ

Xaricdəki tələbəmiz: “Azərbaycanlıların Hollandiya haqda təsəvvürləri çox yanlışdır” - MÜSAHİBƏ

3 May 2017, 13:17

Bu dəfə müsahibimizlə təhsili haqqında danışacağımız ölkə Hollandiyadır. Bu ölkəni seçməyimizi təsadüfi deyil. Belə ki, Hollandiya ingilis dilində təhsil təklif edən ilk qeyri-ingilis dilli ölkədir. Bununla bərabər Hollandiyanın 14 dövlət universitetinin 10-u dünyanın ən nüfuzlu 200 universiteti arasında qərarlaşıb.

Modern.az saytı xaricdə təhsil alan azərbaycanlı tələbələrlə silsilə müsahibələrə davam edir. Hazırda Hollandiyada magistr təhsili alan Şamil Mustafayevlə  söhbəti təqdim edirik.    
 

- Hansı səbəblərdən Hollandiyada təhsil almaq qərarına gəldiniz?

-Universitetin nüfuzu, ixtisasın gələcək üçün vacibliyi, ölkənin təhsil sistemi və iqtisadi durumu Hollandiyada təhsil almaq qərarıma böyük təsir göstərdi. Bundan əlavə, təhsil aldığım “Eyndhoven Texnologiya Univeristetində” dostlarım da təhsil alıb və seçimimdə onların da məsləhətinin rolu böyük olub.

-Hollandiyada magistr təhsili almaq üçün əsas göstəricilər necə olmalıdır?

-Bir çox Avropa universitetləri kimi bu universitetə də qəbul olunmaq üçün minimal 6.5 IELTS (hər bölmə üzrə minimal 6) balı və ya TOEFL üzrə 90 bal tələb olunur. Sadəcə, bakalavr təhsili almaq üçün bizim 11 illik orta məktəb təhsilimiz buradakı təhsil müddəti ilə uzlaşmadığına görə,  gərək Azərbaycanda 1 il universitetdə təhsil alasan, ya da burada 1 illik hazırlıq kursu keçəsən. Magistr pilləsi üzrə təhsil üçün isə bakalavr diplomu, 6.5 IELTS (və ya TOEFL 90) balı və ortalama bakalavr qiymətinin 75%-dən üstün olması vacibdir.

-Sizi hansı üstünlüklərinizə görə seçdilər?

-Maraqlı bir faktı qeyd edim ki, əgər bakalavriatı Avropada ingilis dilində bitiribsinizsə, o zaman magistr pilləsinə qəbul zamanı IELTS və ya TOEFL balına ehtiyac yoxdur. Sadəcə, müvafiq sənədlərinizi, diplomunuzu və qiymət cədvəlinizi göndərirsiz, universitet də göndərdiyiniz materiallar əsasında sizi seçir. Mən isə bakalavr pilləsini Bolqarıstanda yerləşən Amerikan Universitetində bitirdiyim üçün IELTS və ya TOEFL balına ehtiyac olmadı və birbaşa qəbul olundum. Düşünürəm ki, sosial fəaliyyətim də seçilməyimə çox kömək elədi.


-Gənclər nə üçün bu ölkədə təhsil almağı seçməlidirlər?


-Hollandiyadakı universitetlər dünya reytinqində yüksək pilləyə sahibdirlər. Bu isə təhsil sisteminin gücünün göstəricisidir. Bundan əlavə iqtisadiyyat çox sürətlə inkişaf edir, hər gün yeni iş yerləri açılır və işçiyə tələbat yüksəkdir. Burada təhsili bitirdikdən sonra 3 il ərzində iş axtarmaq üçün 1 illik viza verirlər. Təbii ki, iş tapdığınız təqdirdə vizanız avtomatik olaraq iş vizasına keçir və müqaviləniz bitdiyi müddətə qədər burada çalışa bilərsiz. Hollandiya aqrar sahə üzrə çox inkişaf etsə də, son illərdə texnologiya sahələri daha sürətlə inkişaf edir və ümumilikdə işçi qıtlığı müşahidə olunur. Buna görə də, xaricdən mütəxəssislərin cəlb olunması aktiv şəkildə davam etdirilir. Hətta yeni qanuna əsasən, dünyanın reytinq üzrə top 200 universitetindən (istər ortalama, istərsə də ixtisas üzrə) məzun olan tələbələr bitirdiyi müddətdən 3 il ərzində 1 illik viza ala və Hollandiyaya gəlib iş axtara bilərlər.

Mənim ixtisasım isə biznes informasiya sistemləridir (BİS). Bu ixtisas kompüter elmləri və sənaye mühəndisliyi kafedralarının birgə təsis etdiyi bir ixtisasdır. Bu ixtisasda daha çox informasiya sistemlərindən istifadə edilərək biznes proseslərinin təşkili, təhlili və optimallaşdırılması öyrədilir. Bu proqramın iki illik olması isə əlavə üstünlükdür, çünki bu peşəyə tam yiyələnmək üçün kifayət qədər vaxt olur. Seçdiyim ixtisasın ən önəmli cəhətlərindən biri isə istənilən biznes prosesinin optimallaşdırılmasıdır. Sirr deyil ki, istər dövlət, istərsə də özəl şirkətlərdə həm maliyyə, həm də əməliyyatların aparılması istiqamətində optimallaşdırmaya ehtiyac var.

-Hollandiyanın təhsilində olan güclü tərəflər nələrdir?

-Hollandiya təhsilinin güclü tərəfləri bütün universitetlərinin eyni gücdə olmasıdır. Təhsil sisteminin qaydalarına əsasən, eyni pillə və eyni ixtisas üzrə təhsil alan tələbə məzun olduğu universitetdən asılı olmayaraq, eyni hüquqlu diploma malik olur. Yəni işə götürən şəxs, tələbəni təhsil aldığı universitetə görə seçmir. Bundan əlavə Hollandiyada təhsilin əsas gücü praktikaya önəm vermələridir. Hər bir dərsdə tələbələrə layihə verilir və bu layihənin qiyməti dərsin qiymətinə ümumilikdə təsir göstərir. Niderland təhsilinin digər güclü tərəflərindən biri isə bakalavr və ya magistr pilləsi üzrə yazılan diplom işlərinin, yəni dissertasiyaların bir çoxunun şirkətlərdə yazılmasıdır. Bu isə hər 3 tərəfə xeyirlidir. Tələbə diplom işini tamamlayıb diplomunu əldə edir və önəmli iş təcrübəsi toplayır, şirkət lazım olan elmi sualına cavab tapır, universitet isə iş təcrübəsinə malik tələbə hazırlamış olur.


-Bu ölkədə tələbə həyatı necədir?

-Düşünürəm Hollandiyada tələbə həyatı bakalavr təhsilində aktiv, magistr təhsilində isə bir qədər passivdir. Bakalavr təhsili alan tələbələr müxtəlif klubların üzvləri olurlar, yeni icadlarla məşğul olurlar, müxtəlif idman növlərində özlərini sınayırlar. Magistr pilləsi üzrə isə təhsil alan tələbələrin dərs yükü yüksək olduğundan, ancaq dərslə məşğul olur. Ona görə mənim üçün buradakı tələbə həyatı bir qədər sıxıcı gəlir.

-Bizə bu ölkədəki xərclərdən danışın. Təqaüdünüz maddi ehtiyyaclarınızı ödəyə bilirdimi?

-Hollandiyada magistr təhsilimi Dövlət Proqramının təqaüdü vasitəsilə alıram. Ümumi təqaüd aylıq 1200 avrodur. Yataqxana isə Hollandiyada ümumiyyətlə mövcud deyil. Ya birotaqlı mənzillər ya da otaqlar mövcuddur. Bu isə istəyə və maddi imkana baxır. Normalda birotaqli mənzillər aylıq 500-650 avro arası dəyişir, otaqlar isə 250-450 arası. 23 yaşından yuxarı olduqda və gəlir olmadıqda isə birotaqlı mənzillərdə yaşayan tələbələr üçün Hollandiya höküməti əlavə subsidiya verir. Subsidiyanın həcmini kirayə miqdarından asılı olaraq 180-300 avro arası dəyişir. Yemək xərcləri aylıq 250-400 avro dəyişir. Bu xərc isə əsasən sizin içki içib-içməməyinizdən, siqarət çəkib-çəkməməyinizdən və evdə yemək bişirib-bişirməməyinizdən asılıdır. Digər xərclərə gəldikdə isə telefon xərcləri təxmini 20 avro, nəqliyyat isə hər kəsdə velosiped olduğu üçün pulsuz. Ümumiləşdirdikdə aylıq 800-1200 avro xərc çıxır.

-Tələbələrin işləmək imkanı varmı? Varsa harada və necə?

-Xaricdən gələn tələbələrin qanunla həftədə 20 saat işləmək imkanı olsa da, sırf tələbə işləri üçün holland dili önəmlidir. Ona görə o tipli iş tapmaq çox çətindir. Təhsili bitirdikdən sonra isə iş tapmaq o qədərə də çətin deyil. Maaşlar aldığınız diploma görə qanunla tənzimlənir. Magistr pilləsini bitirən tələbə bakalavr pilləsini bitirən tələbədən daha çox maaş almalıdır. Əmək bazarında isə texnologiyaya aid işlər daha çox mövcuddur, nəinki sosial və ya digər işlər. Buna görə də xaricdə təhsil alarkən ixtisas seçiminə diqqət yetirmək çox önəmlidir.

 


-Hollandiya sizdə nələri dəyişdi? Bu ölkənin fərqliyi və qəribəlikləri haqqında nə deyə bilərsiniz?

-Niderland çox sakit və sistemli ölkədir. Hər şeyin öz qaydası-qanunu var. Bütün sistemlər çox mükəmməl qurulub və bir şeyə ehtiyac olduqda onu necə və haradan əldə etmək çox asan olur. Qəribəliklərdən biri isə odur ki, azərbaycanlıları Hollandiya haqqında təsəvvürü sırf cinsi azlıqların çoxluğu ilə bağlıdır. Halbuki bu ölkədə onlara çox az rast gəlinir. Digər qəribəlik isə Hollandiyada dağların olmamasıdır. Ona görə hava çox dəyişkən olur. Digər maraqlı fakt isə Hollandiyada torpaq çatışmazlığı yarandığından, hollandlar suyu qurudaraq torpaq sahələrini genişləndirməklə məşğuldurlar. Bu isə sadəcə inanılmazdır.

 

Niderlandın mənə əsas təsirlərindən biri isə məni bir qədər sakit etməsidir. Çox çılğın insanam, ancaq buradakı insanlar o qədər rahatdırlar ki, istər-istəməz o xasiyyətləri mənə də təsir edib və bir çox məsələlərə sakit tərzdə yanaşmağa başlamışam.

-Sonda əlavə etmək istədikləriniz…

-Xaricdə təhsil almaq hər tələbənin arzusudur. Mən də 10-cu sinifdə oxuyanda xaricdə oxumaq arzusu ilə yaşayırdım. Çalışın bu xəyalınızın arxasınca qaçın. İngilis dilini təkmilləşdirin. Daha sonra isə sevdiyiniz ixtisas üzrə xaricdəki təhsil ocaqlarına sənədlərinizi göndərin və təqaüd axtarın. Çox istəkli olan və çalışan tələbə mütləq nəticəsini görəcək. Dərslərdən əlavə isə sosial işlərlə məşğul olun, universitet klublarının üzvü olun, maraqlı layihələrdə iştirak edin. Özünüzü inkişaf etdirin. Biz azərbaycanlıların digər millətlərdən fərqi ondadır ki, biz hərtərəfli oluruq və hər vəziyyətdən çıxış yolu tapa bilirik. Ona görə də özümüzü daim inkişaf etdirməyə çalışmalıyıq. Hər kəsə arzularına çatmasında uğurlar arzu edirəm!

 

Ülviyyə ALIXANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır