Modern.az

Kim ki yüz il yaşamırsa... - Faydasını bilsəniz, qabıqları atmayacaqsınız

Kim ki yüz il yaşamırsa... - Faydasını bilsəniz, qabıqları atmayacaqsınız

3 May 2017, 22:16

Çox az ailə tapılar ki, qida rasionunda yumurtadan istifadə etməsin. Hazırlanması çox tez və hər kəs tərəfindən mümkün olan yumurtanın faydaları haqqında da çoxları məlumatlıdır. Amma yumurtanı sındıran kimi zibil qabına atdığımız qabıqlarının faydasından yəqin ki, hər kəsin xəbəri yoxdur.

Bu faydalar hansılardır? Modern.az saytı onları sizlərə təqdim edir...

Kalsium orqanizm üçün ən vacib elementlərdən biridir. Orqanizmdə kalsium çatışmazlığı sağlamlıq üçün kifayət qədər ciddi problemlər yarada bilər. Kalsium orqanizmdə sümüklərin, dişlərin, diş ətinin möhkəmliyini və sağlamlığını təmin edir, sinir sisteminin bərpasına yardımçı olur, ürək döyüntülərini tənzimləyir, qan laxtalanmasını normada saxlayır və s. Məhz kalsiumun çatışmazlığı ucbatından sümük əriməsi kimi xəstəlik, dişlərdə çürümə, dırnaq çatlamaları, oynaq ağrıları, sinir sistemində problemlər və bunun nəticəsində yuxusuluq kimi hallar baş verir. İnsanlar bu kimi xoşagəlməz halları aradan qaldırmaq üçün tez-tələsik apteklərə üz tutur, orqanizmdə kalsiumun miqdarını normaya salmaq üçün dərman pereparatlarından istifadə edirlər.

Amma orqanizmi təbii vasitələrlə də kalsiumla təmin etmək mümkündür. Bu vasitələrdən biri də yumurta qabığıdır. Yumurta qabığının tərkibinin 90 faizi kalsiumdan ibarətdir.

Yumurta qabığının istifadəyə hazırlanması olduqca sadədir.

Əvvəlcə çiy yumurta (qaynanmış yumurta tövsiyə olunmur) isti suda sabunla yaxşı yuyulmalı, sonra isə axar suda yaxalanmalıdır. Sonra yumurtanın ağını və sarısını çıxarmaq və qabıqları yenidən yumaq, qabıqların iç tərəfindəki nazik pərdəni çıxarmaq lazımdır. Təmizlənmiş yumurta qabıqları bir neçə gün otaq temperaturunda qurudulmalıdır. Ymurta qabıqlarını günəş şüaları altında qurutmaq olmaz. Sonra isə onları toz şəklinə düşənə qədər üyütmək və şüşə qabda, qaranlıq, quru yerdə saxlamaq gərəkdir.

Yumurta qabığının tozundan səhərlər istifadə etmək məsləhət görülür. Hər gün 1-2 qram tozdan sıyıqlara, yaxud adi suya əlavə edib qəbul etmək olar. Məlum olduğu kimi kalsium orqanizm tərəfindən çətin mənimsənilir. Buna görə bir xörək qaşığı təzə sıxılmış limon şirəsinə 1-2 qram yumurta qabığının tozunu əlavə edib içmək daha effektlidir.

Mütəxəssislərin qənaətinə görə yumurta qabığının tozundan ildə iki dəfə 20-25 gün istifadə etmək kifayət edir. Ayrı-ayrı xəstəliklərin müalicəsində isə istifadə dozası və qaydaları fərdi şəkildə müəyyənlədirilir.

Beləliklə, zibil deyib atdığımız yumurta qabıqlarından istifadə etməklə sağlamlığımızı qorumuş oluruq.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi