Modern.az

Ucqar kəndin gənc müəllimi: “İş varsa, çətinlik də olacaq...” - LAYİHƏ

Ucqar kəndin gənc müəllimi: “İş varsa, çətinlik də olacaq...” - LAYİHƏ

Reportaj

4 May 2017, 15:50

Bu gün bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə də yorulmadan yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 
 

Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, iş, dərs şəraiti öyrənilib.

 Bu dəfəki müsahibimiz Quba rayonunun Alpan kəndində riyaziyyat müəllimi Məcid Cəfərovdur.


- Əvvəlcə sizi taniyaq...

-
Mən Cəfərov Məcid Tərlan oğlu  1987-ci ildə vətənimizin dilbər guşəsi olan Quba rayonunun ucqar dağ kəndi - Kürkündə müəllim  ailəsində anadan olmuşam. Sumqayıt Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini əyani şöbə üzrə bitirmişəm. 8 ildir ki, Quba rayonunun Alpan kəndində riyaziyyat müəllimi işləyirəm.  Ailəliyəm, iki övladım var.

-Müəllim olmaq öz arzunuz olub, yoxsa şərtlərə uyğun bu peşəni seçmisiniz?

-Bir hadisəni danışım. 6-cı sinifdə oxuyurdum. Bir gün anam gördü ki, ev tapşırıqlarını yerinə yetirmirəm. Soruşdu ki, niyə dərslərini hazırlamırsan? Cavabım bu oldu ki, ibtidai sinif müəllimi olacam, ibtidai sinif materialını da bilirəm. Daha niyə oxuyum?! Anam mənə səhvimi başa saldı və daha çox oxumalı olduğumu izah etdi. Sonra riyaziyyata marağım artdı və valideynlərimin də məsləhəti mənə bu peşəyə yiyələnməyimdə təkan verdi.

-Valideynlərinizin hər ikisi də müəllimdir. Onların rolu və ya təsiri olubmu bu sahəyə gəlişinizə?

- Hə, atam fizika, anam coğrafiya müəllimidir. Həm rolu, həm də məsləhətləri olub. Amma rolu daha böyükdür. Müəllimliyin nə qədər şərəfli və məsuliyyətli  peşə olduğunu onlardan öyrənmişəm.


-Niyə məhz riyaziyyat?

-Məktəb illərindən riyaziyyatı sevdim, ona marağım artdı. Bu istiqamətdə mənə böyük kömək edən dayım, riyaziyyat müəllimi Qədirağa müəllimin də əməyini qeyd etməyi özümə borc bilirəm. Onun köməyi və səyi nəticəsində bu peşəyə yiyələndim. Həmişə də onun təcrübəsindən və peşəkarlığından istifadə etməyə çalışmışam.

- İlk dərs dediyiniz günü necə xatırlayırsız ?

-2009-cu il oktyabr ayının 5-i, müəllimlərin peşə bayramında ilk dəfə müəllim kimi sinifə daxil olmuşam.  5-ci “B” sinfinə. Şagirdlərimin maraq dolu baxışı heç yadımdan çıxmır. Sonra o sinifin rəhbərliyi mənə tapşırıldı. Ötən 2016-cı ildə isə həmin şagirdlər məktəbi bitirdilər və hazırda müxtəlif ali təhsil müəssisələrində təhsillərini davam etdirirlər.


- İşlədiyiniz kəndin şagird və müəllim kollektivi sizi necə qarşıladı?


- İlk gündən etibarən hamıdan xoş münasibət gördüm və çox şadam ki, bu münasibət indi də də davam etməkdədir.

-Şagirdlərin dərsə marağı, hazırlıq və bilik səviyyələri sizi qane edirmi?

- Deməzdim qane edir. Düzdür, yaxşı oxuyan, bacarıqlı şagirdlərimiz də az deyil, amma ümumi miqyasda tam qane etmir.


- Kənd məktəbində təhsil almısınız və hazırda da kənddə işləyirsiniz. Hansı daha çətindi, kənddə oxumaq, yoxsa işləmək?

-Hər ikisi də çətindir. Ona görə ki, kənddə oxumaqla yanaşı, müəyyən təsərrüfat işlərində valideynlərimizə kömək etməyimiz də lazımdır. İşləmək isə ikiqat çətindir. Kənd məktəblərində maddi-texniki baza nisbətən zəifdir. Belə olduğu halda proqram materialını şagirdlərə tam öyrətmək təbii ki, müəyyən çətinliklər yaradır.

- Olimpiadalara şagird hazırlayırsınızmı?


- Hazırlayıram, amma şagirdlər olimpiadaya ikinci dərəcəli iş kimi baxırlar. Əsas istəkləri ali məktəbə daxil olmaqdır. Bu isə təbii ki, nəticəyə də mənfi təsir edir. Maraq azdır.


-Riyaziyyat istər öyrənməyə, istər tədris etməyə, istərsə də şagirdlərə sevdirməyə çətin bir fəndir. Öhdəsindən necə gəlirsiniz, dərslərin maraqlı keçməsi üçün hansı metodikalardan istifadə edirsiniz?


-Düzgün qeyd edirsiniz, riyaziyyat çox dərin köklərə malik qədim bir elmdir. Və əlbəttə ki, belə bir elmi tam olaraq öyrənmək həqiqətən də çətindir. Eyni zamanda, öyrətmək... Amma belə düşünürəm ki, riyaziyyatı öyrənmək üçün  onu sevmək  lazımdır. Gücümüz çatanı edirik ki , şagirdlərə də nəsə öyrədə bilək. Öz müəllimlərimdən öyrəndiyim metodlarla yanaşı, yeni nə isə də etməliyəm. Bəzən qısa tarixi məlumat yaxşı nəticə verir. Amma əsas şagirdin müəllimdən almaq istədiyini çatdırmaq lazımdır. Şagird həmişə müəllimin hazır olduğunu hiss etməlidir. Müəllimin işə məsuliyyətlə yanaşdığını görməlidir. Belədə o, öyrənəcək.

-Yetkinlik yaşda olsaq da, şıltaq uşaqlığımız, dəcəllik etməyə can atdığımız məktəb illəri əslində elə də çox uzaqda deyil bizdən. Bu gün şagirdləriniz dəcəllik edəndə onları  anlayışla qarşılaya bilirsinizmi?

-Hə, bir neçə il əvvəl biz də şagird idik. Müəyyən mənada uşaq, yəni şagird olduqlarını nəzərə almaq lazımdır. Amma bu o demək deyil ki, hər şeyə göz yumuruq. Təbii ki, dərs prosesində  bəzi şeylər yolverilməzdir.

-Artıq səkkiz ildir ki, bu kənddə müəllim işləyirsiniz. Nə kimi çətinliklərlə qarşılaşırsınız dərs prosesində, istər maddi, istərsə də mənəvi?

-Səkkiz il az müddət deyil, çox da deyil. İş varsa, çətinlik də olacaq. Çətinliklərin öhdəsindən gəlməsək, buna səy göstərməsək, yaxşı nəticə də əldə etmək  özü bir çətinlik  olacaq. Bu isə ən pisidir. Demək, iş prosesində rastlaşdığımız çətinliklər aradan qalxandır. İlin sonunda şagirdlərin uğurlu nəticələri olsa, bu çətinliklər də yaddan çıxacaq.

-Maddiyyat demişkən, maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyan şagirdləriniz olubmu? Ümumiyyətlə, belə hallar tez-tez baş verirmi?

-Düzünü desəm rastlaşmamışam.  Əgər belə hal olsa, ilk növbədə özüm gücüm çatan köməkliyi edərəm.

-Səkkiz illik fəaliyyətiniz ərzində hələ ki ən yaddaqalan gününüzü və sizin üçün məxsusi yeri olan şagirdinizi -əgər varsa, necə xatırlayırsınız?

-Yadda qalan gün çoxdur, amma ən yadda qalan gün deyirsinizsə, məcburam iki günü xatırlayım. İlk dəfə dərsə 5 “B” sinfinə girdim və ötən il onları 11 “B”nin sinif rəhbəri kimi məzunluğa yola saldım. Bu iki gün həqiqətən də işlədiyim müddətdə fərqli günlərdir. Şagirdlərə gəlincə, bu illər ərzində çox şagirdlərlə rastlaşdım. Bir müəllim olaraq bütün şagirdlər mənim üçün eynidir. Amma Sahilə adlı şagirdimi ayrı qeyd etməyi lazım bilirəm. Məsuliyyətli, çalışqan, riyaziyyatı sevən şagirdim olub. Hal-hazırda Bakı Dövlət Universitetinin  Riyaziyyat  fakültəsində təhsilini davam etdirir. Təbii ki, bu da bir müəllim  kimi məni qürurlandırır ki, ilk dərs dediyim şagirdim məhz riyaziyyat müəllimi olacaq.


- Təhsil sistemimizdə bir müəllim kimi nələr sizi qane etmir?

- Bu sistem qurulubsa, biz bir müəllim olaraq onu dəyərləndirməli, inkişaf etdirməliyik. Amma bizim oxuduğumuz vaxtlardaki sinifdən-sinifə keçmə imtahanları tətbiq olunsa, məncə yaxşı olar.

- Sonda həmkarlarınıza  və şagirdlərinizə ürək sözləriniz...

-Bizdən istər yaşda, istərsə də təcrübədə böyük olan müəllimlərə can sağlığı arzu edirəm, həmişə var olsunlar ki, biz də onların təhsildə açdığı şərəfli izlərlə yollarını davam edə bilək. Həmyaşıdlarıma, xüsusən mənim  kimi ucqar kəndlərdə işləyən müəllimlərə bütün çətinliklərə qarşı həmişə əzmli olmağı diləyirəm. Şagirdlərimə və ümumiyyətlə bütün şagirdlərə isə ali məktəblərə builki qəbul imtahanlarında uğurlar arzu edirəm. Bir müəllim şagirdlərinə nə deyə bilər, müvəffəqiyyət və yalnız müvəffəqiyyət...


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır