Modern.az

Böyük şəhərin kiçik parkında gecə söhbəti

Böyük şəhərin kiçik parkında gecə söhbəti

4 May 2017, 16:54

Akif Cabbarlı

 

“Olur , olur, belə işlər də olur” silsiləsindən

 

İl uzunu yamyaşıl olan bu parkın uzunluğu beş yüz metr ola ya olmaya. Eni də çox deyil, cəmi iki daş cığırı boyu gəzişənlərin sayı isə həmişə çox olur. Uşaqlardan savayı çəmənliyi tapdalayan görmərsən. Gündüzlər belədir, bəlkə də gecələr otluqda oturub xəyala dalan gənclər, sərxoşluğunu torpağın sərinliyi ilə soyutmağa çalışan alkoqoliklər, gizlənpaç oynayan yeniyetmələrdə tapılar. Böyük şəhərlərin kiçik parkları həmişə səsli-küylü və maraqlı hadisələrlə zəngin olur...

 

Adəti üzrə işdən sonra gündüzlər cisminə, ruhuna hopan mənfi enerjini bu parkın qəmbər doşəməli cığırlarına silkələyib atmaq istəyi iləyarımca saat sakitcəsinə addımlamağın ayrı ləzzəti var. Günlərin birində parkda gəzişərkən özümlə dialoqa qəfildən yad notlar qarışdı və bu, heçdə ürəyimcə olmadı. Arxadan çiynimə şappıltı ilə vurdular və çevriləndə vaxtı ilə bir yerdə işlədiyim iki nəfəri gördüm. Hər ikisinin çuğundur rəngli sifətindən dərhal anladım ki, möhkəmcə “vurublar”, indi adam gəzirlər ki, rus demiş, “baltat” eləsinlər. Dilinə sipirtli içki dəyənlərin əksəri çoxdanışan olur və gözləri elə hey bekar adam axtarır ki, ürəklərini boşaltsınlar. Bu, bizimkilərin şakəridir və belələrinin cəngindən heçdəhəmişə asanlıqla qurtarmaq olmur. Nə etməli, ilişmişdimvə dərhal onlardan necə xilas olacağım barədə beynimdə çıxış yolu aramağa başladım.

 B. məni qucaqlayıb üzümdən bərk-bərk öpdü. Cibimdən dəsmal çıxarıb yanağımı silməyim də heç deyəsən xətrinədə dəymədi.

Qardaş, görünmürsən, yenə ordasan?

Orda deyiləm, burdayam – dedim.

Ə, buranı demirəm ey, qanmaz deyiləm, deyirəm yenə ordasan?

Dostumun iş yerimi soruşduğunu dəqiq bilirdim. Amma içkinin təsirindənmi ya yaddaşsızlıqdanmı, harada işlədiyimi deyəsən unutmuşdu və vəziyyətdən növbəti sualla çıxmaq istəyirdi.

 Bu dəfə D. çoxpilləli bir sual ünvanladı bəndənizə.

Dədə, müdirin nə təhərdi, səni yola verirmi? Sənin bir qonşun vardı, Nüsrət dayı, yaxşıda nərd oynayırdı, dururmu? Bir qurup yoldaşın vardı ha, Nadir, müdafiə eləmədi ki? Çox yaxşı oğlandı vallah...

“Çox yaxşı oğlandı” ifadəsi kimin ünvanına deyildi, anlaya bilmədim. Çünki söhbət üç nəfərdən gedirdi.

Hər üçü yaxşıdır. Müdir də, Nüsrət də, Nadir də - deyə mızıldandım.

 B. qardaşlarımı soruşdu.

- Rafiq də, Aydın da, Aqşin də yaxşı uşaqlardı. Necədirlər, nə işlə məşğuldular?

 

Doğrusu qardaşlarımım üçü də. B.-dən yaşca böyük idilər və bu natarazın onları uşaq adlandırması heç xoşuma gəlmədi. Ona görə də sualı cavabsız qoyub aralanmaq istəsəm də alınmadı. D. yaxamdan bərk-bərk yapışıb “yaralı yerimə”  toxundu.

Sən Allah düzünü de, Svetlana ilə yazışırsanmı? Nə olar, bizidə bir dəfə apar Lelinqrada, yəqin ki, onun yaxşı padruqaları da olar...

Daha dözəmmədim. Əllərimlə hər ikisinin xirtdəyindən yapışıb heç də mənə xas olmayan tərzdə qışqırdım.

- Yekə kişisiniz, qanacağınız olsun. Bəzi arvadlar kimi elə hey qeybət tərəfə çəkirsiniz. Daha kimlər qalmadı kefini-əhvalını, işini-gücünü soruşmayasınız. Ə, adamsınız, bir düşüncəniz olsun, bircə kəlmədə mənim kefimi soruşun, səhhətimlə maraqlanın. Qan təziqimi qaldırdınız kəllə-çarxa. Sizə bulazımıydımı, ay mən deyənlər...

 

P.S. Bu hekayəni qələmə alanda hələ tələbəlik illərində baş vermiş bir əhvalat da yadıma düşdü. Deməli, günlərin birində tələbə yoldaşım Q.-ninad gününə yığışmışıq. Hədiyyə adına da əlimizə nə düşdü – taxta qırıntısı, çürük alma, çəkic, boş butulka... yığıb torbaya, gətirmişik dostumuzun evinə. Oğlanın anasıda bizə yaxşı süfrə açıb, dadlı yeməklər hazırlayıb. Bizdə yeddi-səkkiz nəfərik, yolda sözləşmişik ki, hər birimizin, Q-nin qohum qardaşlarının, qonşuların sağlığına badə qaldıraq, yalnız yubiliarı yada salmayaq, “unudaq”.

 

Belə də olur. Ta gecə yarıyadək yeyib-içirik, hər kəsin, özümüzün, dost-qardaşın, müəllimlərimizin sağlığına tostlar deyirik, yalnız bircə nəfərdən başqa. Durub dağılışanda həmin o bir nəfər də qabağımızı kəsib əməlli-başlı çığır-bağır salır.

 

Heç yana gedəsi deyilsiniz. Ə, bəs necə olur ey, həyətimizdəki itin də şərəfinə badə qaldırırsınız, mənim yox?... İndi qonşudan da olsa bir araq tapıb gətirəsiyəm, o arağı mənim sağlığıma gillətməsəniz bu evdə dustaqsınız, qandınızmı ayə?!

... Nə isə. O məşhur ad günü çox şirin, baməzə notlarla başa çatmışdı və günü bu gün də tələbə dostlarımızın hər birinin yaddaşındadır. 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir