Modern.az

Böyük güclərin Azərbaycandakı etnik ayrı-seçkilik oyunları - kürd, talış, ləzgi söz-söhbəti...

Böyük güclərin Azərbaycandakı etnik ayrı-seçkilik oyunları - kürd, talış, ləzgi söz-söhbəti...

Ölkə

4 May 2017, 17:13

Azərbaycan cəmiyyətinin müəyyən kəsimi Laçın, Qubadlı, Kəlbəcər rayonlarının sakinləri haqda danışanda dərhal onların "kürd" olduğu iddiasını səsləndirir. Cəmiyyətin bir qismi də cənub zonasına aid olan birini görən kimi o saat onun talış olduğunu düşünür. Hətta Quba, Qusar Xaçmazdan danışılanda bəziləri bilib-bilmədən dərhal oranın sakinlərini “ləzgilər” kimi ümumiləşdirir.

Doğrudur, kürdlər də, talışlar da, ləzgilər də bütün azsaylı etnik tərkiblər olaraq bu ölkənin sakinləridir, bərabər hüquqlu vətəndaşlarıdır. Amma məsələ ondan obarətdir ki, axı hər laçınlı, kəlbəcərli, qubadlılı haqqında o kəlməni işlətmək doğru deyil.

Məsələnin əsas kökü cəmiyyətdə insanların şüuruna hopmuş yanlış düşüncədir. Təbii ki, türk kökənli birini kürd kimi qələmə verdikdə, o,  haqlı olaraq bunu qəbul etməyəcək. Adını çəkdiyimiz Laçın, Qubadlı, Kəlbəcər rayonlarının əhalisinin çox az qismi etnik tərkibcə kürddür.


Etnoqraf alim Bəhmən Faziloğlu Modern.az-ın bununla sualına çox qısa və məntiqli cavab verir:

“Ən yaxşı cavab statistik məlumatlardır. Dövlət Statistika Komitəsinin illik rəqəmlərinə əsasən, sayla bağlı fikir bildirmək olar. Həmin bölgədə əsasən Azərbaycan türkləri, bir neçə yaşayış məskənində isə kürdlər kompakt şəkildə yaşayır”.


Etnoqrafın sözlərindən çıxış edərək, biz də rəqəmlərin dili ilə danışaq. Həmçinin, yuxarıda səsləndirdiyimiz yanlış düşüncənin nədən qaynaqlandığının tarixinə baxaq:

Kürdlər Azərbaycanda erməni işğalına qədər Laçın (Qarakeçdi, Bozlu, Kamallı, Şeylanlı, Katos, Ağcakənd və Minkənd kəndləri), Kəlbəcər (Soyuqbulaq, Yuxarı Şurtan, Ort Şurtan, Aşağı Şurtan, Zəylik, Xallanlı, Ağcakənd və Oruçlu kəndlərində, Qubadlı (Zilanlı kəndi) rayonlarında yaşayıblar. İşğaldan sonra bu rayonların əhalisi  digər şəhər və rayonlara məcburi köçkün düşüblər.
 

2009-cu ildə aparılan statistikaya əsasən, Azərbaycanda cəmi 6100 kürd yaşayır. Bu rəqəmlə Azərbaycan kürdlərin kompakt yaşadığı ölkələr arasında ən sonuncu yerdədir. İlk pillədə qərar tutan ölkə isə qardaş Türkiyədir. 2006-cı ildə aparılan son siyahıyaalınmayə görə, Türkiyədə 10 milyon 924 mindən çox kürd yaşayır.

İraq siyahının ikinci pilləsindədir. 2008-ci ildə hazırlanan son siyahıya əsasən, ərəb ölkəsində 5 milyon 422 min kürd yaşayır.

Tarixçi alim, deputat Fəzail İbrahimli Modern.az-a açıqlamasında  bu cür yanaşmanın - yəni, bölgənin adı çəkilən kimi oranın sakinin hər hansı etnik tərkiblə adlanmasının - həm siyasi, həm də elmi-tarixi tərəfi olduğunu deyib:

“Sualınız həm siyasi, həm də elmi xarakter daşıyır. Amma bunu azərbaycançılıq ideologiyasına qarşı yönəldilmiş fikir kimi də qəbul etmək olar. Bizdə hər kəsin söykənəcəyi bir divar-azərbaycançılıq ideologiyası var. Heç kəs dünyaya gəlişini, hansı etnik tərkibdən, hansı millətdən olacağını qabaqcadan sifariş etmir. Bu taleh işi, Tanrı hökmüdür. Azərbaycan coğrafiyasına müxtəlif etnik tərkiblər çox geniş şəkildə yayılıb. Götürək, elə mənim təmsil olunduğum cənub bölgəsini. Məsələn, orada talışlarla bərabər, türklər də var. Bəzi yerlərdə isə türklərin sayı daha çoxdu. Amma o zonadan bir adamın adı çəkilən kimi hamı onun talış olduğunu düşünür. Mən təbii ki, dəqiq sayı deyə bilmərəm, bu etnoqraf və siyahı hazırlayan mütəxəssislərin işidir. Amma təqribən, bilirəm ki, Yardımlı və Cəlilabadda türklərin sayı talışlardan çoxdur. Lənkəran və Masallıda demək olar, bərabərdi. Astara və Lerikdə isə əksinədir. Amma fərq etməz. Hər iki etnik tərkib arasında səmimi münasibətlər olub və bu gün də var. Bir xalq o birinin yanında özünü dominant kimi aparmayıb. Əks halda biz müxtəlif siyasi oyunların qurbanı olardıq. Həmçinin Zaqatala, Baləkən tərəflərdə azsaylı xalqlar - avarlar, ingiloylar yaşayır. Eynilə orada da qardaşlıq səmimiyyəti hökm sürür. Dinləri bir, məzhəbləri bir, ölkələri bir olub.
Həmçinin, siz dediyiniz Qubadlı, Kəlbəcər, Laçınla bağlı da eyni motivi təkrarlamaq istərdim. Bizdə tolerant yanaşma, multikultural dəyərlər çox yüksək səviyyədədir. Amma sovet quruluşu dağılandan sonra müxtəlif siyasi güclər etnik tərkiblər arasında ayrı-seçkilik salmaqla onlardan element kimi faydalanmağa çalışdılar. Həm etnik ayrı-seçkilik, həm dində məzhəb ayrı-seçkiliyi xrsitian siyasi güclərinin apardığı oyunlar idi. Bunlardan ehtiyatlı olmaq lazımdır.
 

Bircə faktı deyim: Andranikin qulağını kəsən Soltan bəy Qubadlıdan olub. O vaxt belə söhbətlər yox idi. İnsanlar bir-birinə nə etnik fərqlər, nə də dini fərqlər qoyurdular. Bunların hamısı sonradan ortaya atılan siyasi addımlardı. Amma biz də bir şeyi unutmayaq: 200 ildir ki, xristianlığa bir qala kimi güvənərək, torpaqlarımızı işğal edən, insanlarımızı qıran bir erməni amili var. Biz etnik tərkibdən asılı olmayaraq, bir-birimizə fərq qoymaqdan çəkinib, həmin amilə və onun güvəndiyi qalaya qarşı vuruşmalıyıq. Yalnız o zaman qələbə bizim olacaq”.

Məsələnin siyasi, etnoqrafik tərəfi olduğu kimi psixoloji yönü də var. Çünki bu yanaşma daha çox kütlə psixologiyasının məhsuludur. Təbii ki, hüquqi baxımdan Azərbaycandakı istənilən azsaylı xalqın nümayəndəsinin şəxsiyyət vəsiqəsində milliyət olaraq azərbaycanlı, ölkə olaraq isə Azərbaycan göstərilir. Amma bunu başqa səmtə yozan kütlə psixologiyasıdır. Psixoloq Elnur Rüstəmov da insanların bu cür yanlış gedişlərdən bacardıqları qədər uzaq durmalarının vacibliyini bildirir:

“Belə hallar indi də müşahidə olunur. Bu da müxtəlif niyyətlə bağlıdır. Dövlət tərəfindən Azərbaycandakı hər hansı etnik tərkibə heç bir fərq qoyulmur. Hamısının səsvermə, dövlət qulluğunda çalışma və s. kimi hüquqları var. Bu gün də istər qanunverici orqanda, istərsə də icraedici təçkilatlarda azsaylı xalqların nümayəndələrinə rast gəlmək olur. Amma məsələnin başqa tərəfi də var: bəzən, insanlar arasında nifaq salmaq üçün bu cür gedişlərdən istifadə edirlər. Biz bunun şahidi oluruq. Çalışmaq lazımdır ki, bu cür düşüncədən uzaq durub, vahid Azərbaycan olmağa xidmət edək. Bu hərəkətlər isə parçalanmağa yol açır. Bizim Qarabağ boyda problemimiz var. Qarabağ uğrunda döyüşlərdə istər ləzgi, istər talış, istərsə də kürd azərbaycanlı ilə yanaşı vuruşub. Şəhid olanları da var. Amma bir məsələni də deyim ki, bu cür etnik parçalanmalar indi dünyanın hər yerində var. Siyasi qüvvələr müxtəlif ərazidə münaqişə ocaqlarını yaratmaq üçün insanların psixologiyasına bu yolla təsir göstərir. Amma bir psixoloq kimi düşünürəm ki, azərbaycanlıların psixologiyasına ayrı-seçkilik ideyaları təsir etməyib. Bu, gələcəkdə də belə olacaq”.


Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!