Modern.az

Azərbaycandakı alman izləri... - FOTOLAR

Azərbaycandakı alman izləri... - FOTOLAR

Mədəni̇yyət

4 May 2017, 18:19

CƏLALƏDDiN (QASIMOV)
yazıçı-publisist,
Beynəlxalq Qaşqarlı Mahmud Fondunun vitse-prezidenti,
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü



Almanların Qafqaza köçürülməsi Azərbaycanın Çar Rusiyası tərəfindən işğal edilməsindən sonra başladı. XIX yüzilin ikinci onilliyində (1818) Almaniyanın Vürtemberq vilayətindən al­man kəndliləri Rusiya çarı I Aleksandrın razılığı ilə imperiyanın güneyinə - Qafqaza köçürüldü.
Almanlar Azərbaycada Göygöl, Ağstafa, Tovuz, Şəmkir ərazilərində məskun­laşdırıldılar. 1939-cu ilin siyahıyaalınmasında göstərilirdi ki, ölkəmizdə yaşayan almanların sayı 23 min nəfərdir.  

Almanlar o zaman Tovuzu Traubenfeld adlandırırdı. Onların Tovuza gətirdiyi meyvə və üzüm ağacları bu gün də əhali arasında sevilir. Bizdə armuda elə indi də alman armudu deyilir...

Almanlar Tovuzda 8 küçə salmışdılar. Onlar küçələrin adlarını elə adlandırmışdılar ki, uzun illər keçsə belə (hətta sovet hakimiyyəti dövründə də!) bu adlar öz qüvvəsini saxlamışdı. Lenin, Marks, Kəhriz küçələri son illərə qədər, el içində almanların adlandırdığı kimi çağırılırdı...

Almanlar Tovuzda futbol məktəbi də yaratmışdılar. Onların “Roto-fam” komandası ilə yerli komanda arasında yarışlar keçirilirdi. Hətta almanlar sürgün ediləndən sonra da, Tovuz futbolu alman gələnəyinə (alman futbol xarakterinə) uyğun inkişaf etdi; təsadüfi deyil ki, XX yüzilin 50-ci illərində Tovuzun fütbol klubu öz parlaq oyunu, qələbələri ilə seçilirdi.

Almanlar Tovuzda 30 metr dərinlikdə zirzəmisi olan şərab zavodu inşa etmişdi. Onlar həmin zirzəminin torpağından dam örtüyü və kərpic istehsal edən zavod və evlər tikmişdilər.



Rusiya imperiyası ərazilərindəki 39 quberniyada alman şərabçılarının firma dükanları vardı.

Azərbaycana cins mal-qaranı da ilk olaraq almanlar gətirmişdi. Sənaye üsulu ilə ilk yağ-pendir istehsalı zavodunu da onlar Şəmkirdə tikmişdilər. Tovuzda Axıncı çayı üzərində qurulmuş ilk SES-də almanların adı ilə bağlıdır.

Dünya tarixinin ən möhtəşəm millətlərindən biri olan alman xalqı ilə azərbaycanlılar arasında zaman-zaman möhkəm dostluq telləri mövcud olmuş və dostluq özünü özəlliklə, XX yüzilin əvvəllərində daha qabarıq biruzə vermişdi.

Təhsil sahəsinə ciddi fikir verən alman kolonistləri yaşadığı ərazilərdə öz övladları üçün məktəblər tikmişdi; sovet dövründə burada orta ixtisas təhsil ocağı da açılmışdı. Ali təhsil almaq istəyənlər isə respublikanın paytaxtında yerləşən təhsil ocaqlarına üz tuturdu.  


Almanlar məskan saldıqları yerlərdə  mədəni mərkəzlər, klublar, qəzet redaksiyası və s. də açırdılar. Almanların yerli əhali ilə sıx mədəni əlaqələrinə baxmayaraq, onlar öz etnik özəlliklərini qoruyub saxlamışdılar. Bu qorunub-saxlanılma işində biz azərbaycanlıların tolerant yanaşması da öz töhfəverici rolunu oynamışdı.


Azərbaycanlılarla almanlar arasında heç vaxt dini və etnik qarşıdurma olmayıb.

 

***


Atam Qəzənfər Göycə oğlu Qasımov o dövrdə almanları belə xatırlayır:


“Almanlar babamın ixtiyarında olan ərazilərin bəzi yerlərini icarəyə götürərək, üzüm bağı salmışdılar. Tovuzdakı almanların ən hörmətlisi Şoler idi. Tovuza kəhrizi də o çəkdirmişdi. Şoler atamla yaxın dost idi, atam Şolerə deyir ki, oğlum Qəzənfəri alman məktəbinə yerləşdir; Şoler məni 1939-cu ildə alman-rus bağçasına yerləşdirdi – çünki bağçaya getməyəni alman məktəbinə götürmürdülər. 1940-cu ildə isə alman-rus məktəbinin I sinfinə daxil oldum.

Hər bir şagirdin dolabçası var idi, məktəbə girən kimi dolabçanı açıb məktəbli ayaqqabısını, xalatını geyinməli idi. –Bir sözlə, məktəbdə özünəməxsus nizam-intizam vardı”.


Atam 2-ci sinifdə oxuyanda – 1941-ci ildə II Dünya müharibəsi başlayır, almanları sürgün edirlər və alman məktəbi də bağlanır...


SSRİ xalq daxili işlər komissarı Lavrenti Beriyanın imzaladığı 11 oktyabr 1941-ci il tarixli, 001487 saylı sərəncama əsasən, Gürcüstan və Azərbaycan SSR-də yaşayan almanların deportasiyasına başlanıb. Bu sərəncama əsasən, güc strukturları almanları Qazaxıstan və Sibirə sürgün edib. Deportasiya zamanı sərt həyat şəraiti bir çox almanın həyatına son qoyub.  


Köçürülmüş almanların evlərinə isə mikoyanların təşəbbüsü ilə erməniləri yerləşdiriblər... Azərbaycana köçürülən ermənilər yerli əhalini sıxışdırıb, müxtəlif üsullarla evlərini, ərazilərini əllərindən alıb...


***



Bu ildən başlayaraq Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə müxtəlif tədbirlər görülür. Bu barədə ölkə prezidenti müvafiq sərəncam imzalayıb; Göygöl və Şəmkirdə alman evləri təmir edilib.


Azərbaycan qədim və zəngin mədəniyyətə malikdir. Həmçinin, Azərbaycan ərazisində yaşayan digər xalqlar bu zənginliyə bir qədər də rəng qatıblar. Ölkə prezidenti də bu barədə dəfələrlə bildirib ki, bu zənginlik – ölkəmizdə fərqli xalqların dinc, yanaşı yaşaması bizim sərvətimizdir.

– Belə bir uyumlu ortam, Azərbaycan xalqının yüksək tolerant mədəniyyətə malik olduğunu və xoş ünsiyyətə üstünlük verdiyini bariz bir şəkildə göstərir. O cümlədən, XIX yüzildə Azərbaycana köçmüş almanların öz mədəniyyət və məişətlərini rahat bir şəkildə yaşatmaları da bundan xəbər verir. Qeyd etdiyimiz kimi, almanlar əsasən Azərbaycanın Qərb bölgəsində məskən salıb.

Yuxarıda qeyd etdik ki, II Dünya müharibəsi vaxtı almanlar Azərbaycandan sürgün edildi. Əlavə edək ki, 1914-cü ildə - I Dünya müharibəsi zamanı da, rus çarı II Nikolay Krım, Moldova, Quzey Qafqaz və Volqaboyunda yaşayan almanların Sibirə, Qazaxıstana sürgünü haqqında sərəncam vermişdi. Bu vaxt Gəncə quberniyasında yaşayan almanların da köçürülməsi gündəmdə idi. Rəfibəyov qardaşları Qafqaz canişininin yanına gedib, almanlara zamin duraraq onların köçürülməsini dayandırıblar...

1941-ci ildə  Almanlar Xanlar rayonundan sürgün ediləndən sonra ermənilər alman evlərinə yerləşdirildilər. Eləcə də Şəmkir, Tovuz rayonlarında almanların evlərinə ermənilərin yerləşdirilməsi danılmaz faktdır.

Hələ o dövrdə erməni milyonçularının Azərbaycanda yeritdiyi terror və soyqırımı siyasətindən almanlar da əziyyət çəkiblər. Ermənilərin “Daşnaksutyun” terror partiyası Yelendorf (Xanlar) almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur edib. Onlar o zamankı şərab istehsalçıları olan Forer və Qurr adlı almanlardan 30 min rubl pul tələb edib. Qurr bu məbləği ödəyə bilmədiyi üçün qətlə yetirilib. “Daşnaksutyun” terror partiyasi, ümumən erməni fəalları Azərbaycan almanlarına “anti-sovetçi“ damğası vuraraq bildirmişdilər ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyini almanlar böyük təntənə ilə dəstək verərək, qeyd ediblər. (Əslində isə, almanlar özlərinin Azərbaycana gəlmələrinin 100 illiyini təntənəli şəkildə qeyd etmişdilər).
 

Ermənilərin Azərbaycana həmrəy olan almanları güllələməsi danılmaz tarixi faktdır. Beləliklə, almanlar ermənilərdən çox acılı günlər görüb. Azərbaycanlılarla almanlar arasında heç vaxt dini və etnik qarşıdurma olmadığı bugünümüz üçün də aktual məsələdir. Azərbaycan almanları Azərbaycan mədəniyyətindən, azərbaycanlı dostluğundan çox şey öyrəndiklərini söyləyiblər. O dövrdə alman ailələri qız verib - qız almaqla azərbaycanlılarla qohum olurdu... Tovuzda indi də belə ailələr var, bir neçəsini şəxsən tanıyıram.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır