Modern.az

İntizam Komisiyasına şikayət olunan deputatlar - “Sonuncu dəfə Əliağa Hüseynovun işinə baxılıb”

İntizam Komisiyasına şikayət olunan deputatlar - “Sonuncu dəfə Əliağa Hüseynovun işinə baxılıb”

5 May 2017, 12:57

Milli Məclisdə hazırlanmış “Deputatın etik davranış qaydaları haqqında” qanun layihəsinə millət vəkillərinin etirazları davam edir.

Qanun layihəsində deputat qarşısında bir sıra məsələlərin şərt kimi qoyulması parlamentarilərin narazılığına səbəb olub.

Müəyyən güzəştlərdən və imtiyazlardan imtina edilməsi, deputatın hədiyyə qəbul etməməsi kimi məsələlər də bu sənəddə öz əksini tapıb.

Qeyd edək ki, 13 maddədən ibarət olan qanun layihəsi elə Milli Məclis üzvləri tərəfindən hazırlanıb.

Maraqlıdır, deputatların etik davranış qaydalarını pozması ilə bağlı indiyədək parlamentin  İntizam Komisiyasına hər hansı şikayət daxil olubmu?

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev Modern.az-a açıqlamasında öncə qanun layihəsi barədə danışıb. O bildirib ki, Azərbaycan parlamentinin deputatları çox mədənidir.

“Çox vaxt deputatların etik qaydaları pozması məsələsini gündəmə gətirirlər. Azərbaycan parlamentinin deputatları bir çox ölkələrin parlament nümayəndələrindən mədənidir. Bizim millət vəkilləri necə davranış sərgiləməyi çox yaxşı bacarırlar. Düzdür, bir-iki dəfə hansısa deputatın davranışında kobudluq halları olub. O cür hallara İntizam Komissiyasında baxılıb. Deputat üzr istəyib və bununla da məsələ bağlanıb.

Bir neçə ay bundan qabaq deputat Əliağa Hüseynovla bağlı şikayətə İntizam Komissiyasında baxılıb. Ondan sonra hansısa deputatla bağlı hər hansı şikayət daxil olmayıb.  Əgər iclas zamanı iki deputatın sözü üst-üstə düşmürsə, fikir ayrılığı yaranırsa bu, normadır. Milli Məclis nə üçündür?! Təbii ki, fikir ayrılıqları ola bilər. Burda hansısa etik qaydaları pozmaqdan söhbət gedə bilməz. Əsas məsələ deputatın çıxışı zamanı hər hansı küçə söhbətinə yol verməməsidir”.

Ağacan Abiyev qanun layihəsi ilə bağlı bəzi deputatların etirazına da münasibət bildirib.

“Qanun layihəsi ilə bağlı narazı deputatlar var. Onlar qanun layihəsindəki bəzi məsələlərlə razı olmadıqlarını deyirlər. Növbəti iclasda öz fikirlərini bildirəcəklər. Bir məsələ də var ki, qanun layihəsində bəzi müddəlar Konstitusiya ilə üst-üstə düşür. Bəzi deputatlar isə qanun layihəsinin düzəlişə ehtiyacı olduğunu düşünürlər. Deputatlar bununla bağlı təkliflərini bildirə bilərlər. Həmçinin, qanun layihəsinə baxılan zaman hamıya söz veriləcək. Onlar da öz sözlərini deyəcəklər”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi