Modern.az

Azərbaycanlıların eynək zövqü: İnsanları korluğa aparan amillər - Ekspetlərin həyəcan təbili...

Azərbaycanlıların eynək zövqü: İnsanları korluğa aparan amillər - Ekspetlərin həyəcan təbili...

6 May 2017, 09:49

Eyyub Hüseynov: “Başa düşə bilmirəm ki, nə üçün azərbaycanlılar, xüsusilə xanımlar, hətta qış aylarında avtomobilə oturan kimi gün eynəyi taxırlar...”


Artıq yaz fəslidir və havalar isinib. Günəş şüaları gözlərimizi qamaşdırır. Bu səbəbdən gün eynəklərindən istifadə edənlərin və satışların sayı artıb.

Modern.az saytı gün eynəyi bazarındakı vəziyyəti, bu ilin dəbi, eynək seçərkən nələrə diqqət etməli olduğumuzu araşdırıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  Azərbaycanda gün eynəkləri  sahəsinin bugünkü vəziyyətindən danışıb:

“Azərbaycanda gün eynəkləri ümumiyyətlə heç bir ekspertizadan keçmir. Əhalinin də bundan istifadə mədəniyyəti çox bərbad haldadır. Bu yaşa çatmışam, hələ bu gün də başa düşə bilmirəm ki, nə üçün azərbaycanlılar, xüsusilə xanımlar, hətta qış aylarında avtomobilə oturan kimi gün eynəyi taxırlar. Gün eynəkləri insanları korluğa aparan bir amildir. Bu gün eynəklərinin harda gəldi satışı bir çox ölkələrdə var. Xüsusilə geridə qalmış ölkələrdə bu hallar daha çox müşahidə olunur. Məsələn, Afrika, Portuqaliyanın bəzi  şəhərlərində  bunun şahidi olmuşam”.

Testləri olmayan eynəklər keyfiyyətsiz eynəklərdir

E.Hüseynovun sözlərinə görə, alıcıların eynək seçərkən  diqqət etməli olduqları məqamlar var:

“Alıcılar bilməlidilər ki, brend olan eynəklərin xüsusi testləri olur. Məsələn, poloroid eynəklərinin testlərində yol şəkli, avtomobil vardır ki, həmin eynəyi geyinərkən adi gözlə görünməyən bu cisimlər görünür. Testləri olmayan eynəklər keyfiyyətsiz eynəklərdir. İstehlakçılar eynək alarkən onun məişət sertfikatını, testinin olub-olmadığını soruşmalıdırlar. Ümumiyyətlə, insanlar gün eynəklərini  həkim məsləhəti ilə almalıdır”.

Gün eynəklərinin tündlülük dərəcəsinə də fikir vermək lazımdır

Oftalmoloq Mahir Məmmədzadə Modern.az-a açıqlamasında bildirib ki, insanlar gün eynəyi almazdan qabaq həkim müayinəsindən keçməli və  gözdə hər hansı qüsurun olub-olmaması aşkar edilməlidir:

“Gün eynəyi sadə, yaxud dərəcəli ola bilər. Tutaq ki, bir insanın görmə qüsuru yoxdursa, eynəyi sadəcə günəşdən qorunmaq üçün istifadə etmək istəyirsə, onun materialına, üzərindəki örtüyə diqqət etməlidir.  Material plastikdən və ya şüşədən ola bilər. Lakin satışda olan eynəklərin bir qismi plasmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şüalarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir. Məsələn,  maşın sürən, minik avtomobilindən istifadə edən insanlara şüşə materiallı eynəklərdən istifadə  heç də qənaətbəxş deyil. Gün eynəklərinin tündlülük dərəcəsinə də fikir vermək lazımdır. Yüksək tündləşmə o qədər də məsləhət deyil.  Gün eynəkləri gözləri ultrabənövşəyi şüalardan müdafiə etməlidir.  Ultrabənövşəyi şüaların qorunma faizini müəyyən etmək üçün optikalarda xüsusi aparatlar olur”.

Həkim qeyd edib ki, 7 yaşına qədər olan uşaqlar üçün gün eynəyindən istifadə etmək məsləhət deyil.


Brend eynəklərin kefiyyət göstəriciləri sənədlərdə qeyd olunur

“Anar optik”in meneceri Vüsalə Əliyeva  alıcıların gün eynəyi seçərkən rahatlığa üstünlük verdiyini bildirib:

“İnsanlar gün eynəyi seçərkən əlbəttə ki, göz yorğunluğunun olmamasına,  rahatlığa diqqət edirlər. O cümlədən şüşələrin təmizliyi, cızıqların olmaması, ultrabənövşəyi şüalardan qorunma dərəcəsi də alıcılar üçün vacib amillərdən biridir. Sadaladığım əlamətlərin hamısı göz eynəyinin orjinallağını sübut edən faktdır. Brend eynəklərin kefiyyət göstəriciləri sənədlərdə qeyd olunur. Ultrabənövşəyi şüalardan qorunma faizləri, hansı hallarda və hansı şəraitdə istifadə olunmalıdır və.s”.

Bahalı markaları daha çox kişilər alır

Müsahibimizin sözlərinə görə, insanlar eynəkləri daha çox üz quruluşlarına görə seçsələr də, hazırda retro, rayban, wayfarera kimi modellər öz aktuallığını qoruyub saxlayır. O, həmçinin eynəklərin qiymətindən də söz açıb:

“Alıcımız daim olur. Hər təbəqədən müştəri gəlir və məhsul alır. Bahalı markaları daha çox kişilər alırlar. Hazırda gün eynəklərinin qiyməti 60 manatdan başlayır və 1500-1800 manata qədər davam edir. Qeyd edim ki, bizdə məhsullar  İtaliya, Fransa, Almaniya kimi ölkələrdən gətirilir”.

 “Yumru, oval eynəklər...”

Modelyer Gülnarə Xəlilova bu ilin dəbdə olan gün eynəklərindən söz açıb:

“Günümüzdə çox fərqli çeşiddə, formada təqdim olunan gün eynəkləri var. Ümumiyyətlə, gün eynəkləri diqqət edilməli olan məsələdir. İnsanlar həm üz quruluşuna, həm də qaş-gözün formasına uyğun olaraq  onlara yaraşan eynək modeli seçməlidirlər. Əgər gün eynəyi insanın üz quruluşuna oturmursa, xoşa gəlməyən görüntü ortaya çıxır. Bu il  həm tülkü formasında, həm də yumru eynəklər dəbdədir.  Yumru eynəklər demək olar ki, bir çox üz quruluşuna yaraşır.  Bunlarla yanaşı, oval formalar var ki, diqqət mərkəzindədir. Gün eynəklərinin rəng çeşidləri də boldur.  Güzgü effekti verən, qızılı, gümüşü, hətta bəzən çəhrayı tonlarda olan eynəklər var. Bu ilin ən aktual eynək forması  yumru və oval olanlardır. Çünki bunlar əksər üz quruluşlu insanlara yaraşır. İnsanların da bu eynəklərə tələbatı çoxdur”.


Günay RƏSULQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir