Modern.az

Bakıda "Porsche" ilə iki uşaq anasını öldürən biznesmen oğlu 16 yaşındaymış - Rəsmi MƏLUMAT

Bakıda "Porsche" ilə iki uşaq anasını öldürən biznesmen oğlu 16 yaşındaymış - Rəsmi MƏLUMAT

Ölkə

6 May 2017, 13:05

Bakı Şəhər Baş Polis İdarəsi (BBPİ) mayın 3-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində "Porsche" markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada Xəyalə Məmmədovanı vuraraq hadisə yerindən qaçan sürücü barədə məlumat yayıb.


Modern.az saytı xəbər verir ki, BBPİ-nin yaydığı məlumata görə, hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilmiş piyada, iki azyaşlı uşaq anası X.Məmmədova həkimlərin bütün səylərinə baxmayaraq, orada ölüb.

Sabunçu Rayon Polis İdarəsinin və DİN-in "Təhlükəsiz şəhər" Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni "Porsche" markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə törətmiş 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli müəyyən edilərək saxlanılıb.

"Təhlükəsiz şəhər" Xidmətinin həmin ərazidəki kameralarının qeydə aldığı videogörüntülər də hadisənin baş verdiyi zaman sükan arxasında məhz A.Fərəclinin olduğunu təsdiq edir.

Elə həmin gün faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Sahibi olduğu nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bildiyi halda16 yaşlı oğlu Ağəliyə verdiyinə görə Bakı şəhər sakini Füzuli Fərəcov barəsində İnzibati Xətalar Məcəlləsinin 335-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsi) maddəsinə əsasən, inzibati tədbir görülməsi haqqında qərar qəbul edilib.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.


Xatırladaq ki, "Porsche" markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Ağaəli Fərəcli iş adamı, Bakıda böyük restoranlar şəbəkəsinin sahibi Füzuli Fərəcovun oğludur. Olaydan sonra mətbuata açıqlama verən Füzuli Fərəcov oğlunun 14 yaşında olduğunu deyirdi. Amma bugünkü rəsmi məlumatlardan görünür ki, 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli 16 yaşındaymış... Bu isə onun məsuliyyətə cəlb edilməsini mümkün edir.



Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!