Modern.az

“Gələcəkləri varsa, görəcəkləri də var” - Karateçilərimiz İslam Oyunlarına tam hazırdır - REPORTAJ+VİDEO

“Gələcəkləri varsa, görəcəkləri də var” - Karateçilərimiz İslam Oyunlarına tam hazırdır - REPORTAJ+VİDEO

Reportaj

6 May 2017, 19:34

Bu il mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman təntənəsidir. On gün ərzində bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək.

Biz də Modern.az saytı olaraq İslam Həmrəyliyi Oyunları öncəsi ölkəmizi təmsil edən karateçilərimizlə həmsöhbət olub, oyunlara hazırlıq proseslərini müşahidə etdik.

Azərbaycan yığma komandası ilə “Şəfa” stadionunda görüşdük. Yığmamızın məşq prosesində idmançılarla yanaşı, millət vəkili, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının vitse-prezidenti Füzuli Musayev də iştirak edirdi.

Millət vəkili Ülvi Quliyev ölkədə təhlükəsizlik məsələləri təmin olunmadığı halda tədbirlərin keçirilməsinin mümkünsüz olduğunu qeyd etdi:


“Bu gün dünyada müharibələrin, çaxnaşmaların, qaynar nöqtələrin həddən artıq çox olmasına, iqtisadi böhrana baxmayaraq  Azərbaycanda iqtisadi inkişaf var. O cümlədən stabillik,  təhlükəsizlik məslələri yüksək səviyyədə təmin olunur. Ona görə də  istənilən böyük tədbirləri  ölkəmizdə keçirə bilirik”.

“İslam oyunları ölkə üçün böyük  ictimai-siyasi  hadisədir”

Ü.Quliyev  yığma komandanın İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazır olduğunu deyib. O düşünür ki, bu oyun Avropa oyunlarından daha çətin olacaq:

 “İslam oyunları ölkə üçün tək idman deyil, həm də çox böyük  ictimai-siyasi  hadisədir.  İlk açılış mayın 12-sində olacaq və ayın 13 və 14-də “Əl Oyunları” sarayında  karate yarışları başlayacaq. Hazırda gördüyünüz kimi, yığma komanda  bu yarışlara hazırlaşır. Ümumiyyətlə,  məşqçilərin nəzarəti altında hazırlıq uzun müddətdir gedir. Təbii ki, vaxt olduqda biz də bu məşqlərə böyük həvəslə qatılırıq. Öz tövsiyyələrimizi bildiririk. İnanırıq ki, bu yarışda da nəticələr yüksək olacaq. Gözləntilərimiz böyükdür. Düzdür, Avropa Oyunlarında nəticələrimiz yüksək idi. Amma İslam Oyunları yarışı Avropa Oyunlarına nisbətən  daha çətin olacaq. Çünki İslam ölkələrində karatenin inkişafı  hazırda Avropa ölkələrindən daha yüksək səviyyədədir”.

“İran, Türkiyə, Misir...”


Ü.Quliyev İslam Oyunlarında ərəb ölkələrini yığmamızın ən güclü rəqibləri hesab edir:

“İran, Türkiyə, Misir və digər ölkələr demək olar ki, bu gün dünyada ən aparıcı karate komandalarındandır. Dünya səviyyəsində çox böyük nəticələr əldə edirlər.  Amma bizim komandada Rafael Ağayev, Niyazi Əliyev, Firdovsi Fərzəliyev, Asiman Qurbanlı, Ayxan Mamayev kimi  tanınmış, Avropa və dünya oyunlarının qalibləri- böyük idmançılarımız var. Hazırlıq yüksək səviyyədədir və inanırıq ki, biz qələbə qazanacağıq. Bu sevinci bütün Azərbaycan xalqı ilə bölüşə biləcəyik. Ötən oyunlarda  ilk qızıl və bürünc medalları biz əldə etdik. Bu dəfə də pozitiv başlanğıc qoyaraq öz müsbət töfhəmizi digər idman növlərinə vermək üçün çalışacağıq”.

Federasiya prezidenti idmançıların uğurlarını yüksək qitməyləndirir və onların ölkəni layiqincə təmsil etməsini arzulayır:

“Bütün ictimaiyyətin adından cənab prezident, ölkə başçısı İlham Əliyevə minnətdarlığımı bildirmək istiyirəm. Çünki bu yarış sevincini, bu yarış bayramını bizə məhz ölkə başçısı bəxş edir. Fürsətdən istifadə edib bu yarışı təşkilati baxımdan  çox yüksək səviyyədə hazırladığı üçün Birinci vitse-prezidentimiz  Mehriban Əliyevaya öz minnətdarlığımı bildirirəm.  İnanıram ki, bu, Avropa oyunlarından da yaxşı təşkil olunmuş  yarış olacaq”.

“Hazırlıq  yüksək səviyyədə keçir”

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının vitse-prezidenti Füzuli Musayev düşünür ki, İslam Oyunları təkcə yarış deyil, həm də müsəlman ölkələrinin həmrəyliyini təcəssüm etdirir:


“Azərbaycanda belə mötəbər yarışın keçirilməsi  ölkəmiz üçün çox vacibdir. Cənab prezidentin də qeyd etdiyi kimi, oyunlar  tək idman yarışları deyil, bu, müsəlman ölkələrinin həmrəy olmaq üçün bizdə keçirdiyi tədbirdir. İnanıram ki, yarışlara qatılan bütün idmançılarımız layiqincə çıxış edəcək.  Karateçilərimiz Avropa oyunlarında gözəl nəticə əldə etmişdilər. Arzu edirəm ki, İslam Oyunları ondan da uğurlu olsun. Ölkəmizdə keçirilən tədbirdə karateçilərimizin qələbələri  millətimizi sevindirsin. Bütün Azərbaycan yığma komandasına uğurlar arzu edirəm.

Bilirsiniz ki, iki böyük heyətimiz var. Onlardan iki nömrəlilər artıq Avropa çempionatında iştirak edir. Bir nömrəlilər də indi hazırlaşır. Hazırlıq çox yüksək səviyyədə keçir. Federasiya rəhbəri, millət vəkili, dostumuz-qardaşımız Ülvi Quliyev də burda iştirak edir. İdmançılarımıza köməklik göstərir. Hazırlıq yüksək səviyyədə olduğuna görə  nəticəni yaxşı gözləyirik”.

F. Musayev ölkəmizin Qarabağ probleminə də toxunub. Onun fikrincə, idmançılarımız silahsız da çox işlər görə bilirlər:

“Hazırda ən böyük problemimiz Qarabağdır. Hər idman növündə məşğul olan insanlar, xüsusilə gənclərə ilk növbədə vətəni sevməyi tövsiyyə edirəm. Hamı idmançı olmaya bilər, amma sağlam olmaqları vacibdir ki, öz vətənini qoruya bilsinlər. Bu insanlar silahsız çox işlər görə bilirlər. Gələcəkdə də ölkə başçısı başda olmaqla hamımız Qarabağ uğrunda döyüşlərə hazırıq. Düşünürəm ki, çox yaxın vaxtlarda Qarabağ alınacaq”.


“İslam Həmrəyliyi Oyunları bizim üçün daha önəmlidir”

Azərbaycan Milli Karate Federasiyasının l vitse-prezidenti Rəhman Hətəmov yarışın idmançılar üçün əhəmiyyətindən və məsuliyyətindən söz açdı:

“Təbii ki, İslam Oyunları bizim üçün və respublika üçün çox mötəbər və önəmli yarışdır. Bildiyiniz kimi, dövlətin idmana, xüsusilə də karateyə böyük qayğısı var. Biz bu etimadı doğrultmalıyıq. Bu bizim birinci məsuliyyətimizdir.  Digər tərəfdən oyunlarda ilk çıxış edən karateçilər olacaq. Özümüzü elə göstərməliyik ki,bizdən sonra gələn idmançılar bizə baxıb həvəslənsinlər. 2015-ci il Avropa oyunlarında belə oldu. Biz birinci iştirak etdik və 4 qızıl qazandıq. Davamı da yaxşı oldu, o biri idman növləri də gözəl nəticələr göstərdi. Təbii ki, bu böyük məsuliyyətdir.

Bir ilə yaxındır ki, hazırlığımızı görürük. Bir neçə mötəbər beynəlxalq turnirlərdə iştirak elədik. İslam oyunlarında iştirak edəcək oyunçuları seçdik. İndi Türkiyədə Avropa çempionatı gedir. Ora ikinci nömrələri göndərdik. Amma birinci nömrələr İslam oyunlarında iştirak edəcək.  Bu oyunlar bizim üçün daha önəmlidir. Çalışacağıq ki, Avropa oyunlarındakı kimi islam oyunlarında da millətimizi, azərkeşlərimizi sevindirək”.

“Onlar hamısı mənim balalarımdır”

Federasiyanın fiziki hazırlıq üzrə məşqçisi Oqtay Məmmədov oyunların nəticəsinin müsbət olacağını düşünür. Buna baxmayaraq rəqiblərin güclü oldunu da qeyd etdi:


“Demək olar ki, məşq prosesini bitirmək üzrəyik. İdmançıları İslam dövlətlərinin həmrəylik oyunlarına tam hazır vəziyyətə gətirib çıxarmışıq. Onu da deyim ki, dünyada idmançılarımızın nüfuzu çox böyükdür. Buna özləri nail olublar. Öz nəticələri ilə bunu sübut ediblər.Özləri də dərk edirlər ki, islam oyunları çox məsuliyyətli yarışdır. Uşaqlar ciddi şəkildə bu yarışa hazırdırlar. Hesab edirəm ki, oyunların nəticəsi də müsbət olacaq. Əvvəlcədən demək istəmirəm, amma medallarımızın çox olacağını gözləyirik. Bütün gələn rəqiblər güclüdür. Amma onların içidə Türkiyə, İran, Misir komandası seçilir. Digər dövlətlərin də idmançıları heç də zəif olmayacaqlar. Məsələn, son zamanlar özbək idmançıları yaxşı nəticələr göstərir. Tunis, Mərakeş dövlətlərində də yaxşı idmançılar var. Lakin bizim uşaqlar onların hamısından  güclüdür.

Onlar hamısı mənim balalarımdır. Mən bir ata, idmançı, azərbaycanlı kimi onların uğurlarına sevinirəm. Hər məşqdə bağrıma basıb qucaqlıyıram. Əlbəttə ki, mən çox sevinərəm ki, yarışdan sonra uşaqlar mənə qələbə anlarını yaşatsın”.

“Bizə göstərilən etimadları doğruldacağıq”


Yığma komandanın böyük məşqçisi Seymur Hüseynov karateçilərimizin məşq prosesindən bəhs etdi:

“Məşqçilərin üzərinə böyük məsuliyyət düşür. Çünki İslam Oyunları Azərbaycan ölkələrində keçirilir və bizim üçün çox önəmlidir. Əlbəttə ki, rəqiblərimiz də bizə baxaraq, analiz edərək oyuna hazırlaşırlar. Eyni zamanda biz də rəqiblərimizi izləyirvə onlara qarşı quracağımız taktikanı müəyyənləşdiririk. İslam Oyunlarından öncə Göygöldə, daha sonra Qəbələdə təlim-məşq toplantıları keçdik. Uğurlu məşqlərimiz keçdi. Çalışdıq ki, idmançılarımızın səviyyəsi  daha yüksək olsun. Baş məşqçinin təşkilatçılığı və göstərişi ilə bütün məşqçilər yığışdıq və rəqiblərimizi analiz etdik. Hazırda təlim-məşq toplantıları davam edir. Son günə qədər çalışacayıq. İran islam dövlətinin idmançıları güclüdür. Amma  qələbə qazanmaq və dövlətimizin, prezidentimizin başını uca etmək üçün əlimizdən gələni edəcəyik. Bizə göstərilən etimadları doğruldacağıq”.

“Karateçilərimiz güclülər sırasındadır”

Yığma komandanın böyük məşqçisi Rəşad Hüseynov karateçilərin, eləcə də müəllimlərin oyundan qabaq bir-birilərinə motivasiya verdiklərini vurğuladı:

“Bizim əsas hədəfimiz İslam Oyunlarıdır. Oyunlara məsuliyyətlə yanaşırıq. Bu yarış birinci islam oyunlarımız deyil. Keçən islam oyunlarında da yaxşı nəticələr əldə etdik. Ümid edirik ki, bu oyunlarda da yaxşı nəticə ilə sözümüzü deyəcəyik. Rəqiblərimiz də zəif deyillər. Müsəlman ölkələri həmişə dünyada öz sözlərini deyiblər. İran, Türkiyə,  Küveyt ümumiyyətlə, ərəb ölkələri çox güclüdür. Lakin uşaqlar da rəqiblərini tanıyırlar. Karateçilərimiz dünya və Avropa çempionunda ən  güclülər sırasındadır.  Onlar da yəqin ki,  vətənimizdə öz sözünü deyərlər. Avropa oyunlarındakı xalqımız bizi dəstəklədi və ruhlandırdı. Uşaqlar da   gözəl nəticələrlə çıxış etdilər. Ümid edirik ki, İslam oyunlarında da bir yox, bir neçə qızılla Azərbaycan xalqımızı sevindirərik və himninizi səsləndirərik. Sözsüz ki, hər döyüşdən qabaq həyəcan olur. Hətta idmançılarla yanaşı, müəllimlər də həyəcanlanır. Bu onların birinci yarışları deyil”.

İslam Həmrəyliyi Oyunlarında karate idman növü üzrə Azərbaycanı təmsil edəcək idmançılarımızla da həmsöhbət olduq. Onlar məşqlərə görə yorulsa da, enerjili və pozitiv görünürdülər. Onların əsas amalı qələbə qazanmaqdır.

“Biz öz sözümüzü deyəcəyik”


Beş dəfə dünya, on dəfə Avropa çempionu onla Rəfael Ağayev oyunqabağı məşq prosesinin yüksək səviyyədə davam etdiyini bildirdi:

“Düşünürəm ki, nəinki, bizim karateçilərimiz bütün  Azərbaycan idmançılarımız, necə ki, olimpiyadada, dünya və Avropa çempionatında  qızıl medal qazanırlarsa, burda da elə olacaq.  Həmçinin  himnimizi səsləndirmək və bayrağımızı qaldırmaq əsas istəyimizdir. Ayın 13-də karate üzrə yarışlar başlayacaq.  Həmin gün mən də iştirak edəcəm. Bütün uşaqlara arzum budur ki, qızıl medal alsınlar. Mən belə fikirləşirəm ki, oğlanlardan dörd nəfər finalda olacaq, qızlardan isə üç medal gözləyirik.

Tək əldən səs çıxmaz. Valideynlərimizə minnətdaram. O cümlədən başda Ülvi müəllim olmaqla bütün milli Karate Federasiyasına öz təşəkkürümü bildirirəm. Düşünürəm ki, Rəhman müəllimin rəhbərliyi, Seymur, Şahin, Rəşad müəllimin iştirakı ilə keçirilən məşq prosesi əla davam edir. Öncə yığma komandanın yarı məşqi Gəncədə oldu  və daha sonra Qəbələyə yollandıq. Axırıncı günlərdir və görürsünüz ki, özümüzü zədədən qoruyuruq. Artıq oyunlara yeddi-səkkiz gün qalıb. Biz öz sözümüzü deyəcəyik”.

“Gələcəkləri varsa, görəcəkləri də var


Dünya və Avropa çempionatlarında  uğurlar əldə edən Niyazi Əliyev yığma komandanın qələbə qazanacağına inanır:

“Hazırlıqlar yüksək səviyyədədir. Zalda həm tələbələr, həm də müəllimlərin sayı çoxdur. İslam olimpiadaları üçün müəllimlər də tələbələrlə birlikdə tər tökürlər. Ülvi Quliyev, Fizuli Musayev, Rəhman Hətəmov, Seymur Hüseynov, Rəşad Hüseynov kimi müəllimlər öz bildiklərinin zərrə qədərini bizə versələr, sözsüz ki, qarşımıza çıxan rəqiblər heç nə edə bilməzlər. Qabaqcadan danışmaq olmasın, amma yüksək nəticələr əldə edəcəyik. Əminəm ki, belə də olacaq.

Həyatda ən yaxınlarım  iki qardaşımdır. Bu günə qədər səhər yuxudan oyadıb məşqə göndərən, evdə paltarımı yuyan, yeməyimi hazırlayan anama təşəkkür edirəm. Çünki anamın və qardaşlarımın əziyyəti çox olub. Atam rəhmətə gedib deyə onun adını çəkmirəm. Onlardan sonra bizim ikinci valideynlərimiz müəllimlərimizdir. Demək olar ki, günümün 80 faizini zalda keçirirəm. Dostları bir-birindən ayırmıram, hamısı mənim üçün əzizdir. Ailəmə münasibətim necədirsə, dostlarıma, müəllimlərə münasibətim də elədir. Rəqibin zəifi yoxdur, çünki hər ölkənin öz güclüsü gəlir. Burda rəqib ancaq özüm ola bilərəm. Ərəb ölkələri, İran karatedə ən güclülərdən sayılır. Biz də  boşuna hazırlaşmırıq. Onları tanıyırıq, onlar da bizi tanıyır. Rafaelin bir sözü var: Biz onlar üçünhədiyyə deyilik. Gələcəkləri varsa, görəcəkləri də var”.

“Əlimdən gələni edəcəm ki, himnimizi səsləndirim”

Ayxan Mamayev 2013-cü il İndoneziyadakı İslam Həmrəyliyi  Oyunlarında  Azərbaycana ilk qızıl medalı qazandırıb. O, rəqiblərin asan olmadığını düşünür:

“Ümumiyyətlə islam oyunları dörd ildən bir olur. Çox sevindirici haldır ki, bu il həmin oyunlar vətənimizdə keçirilir. İstəyirəm ki, həmin sevincdən də artığını vətənimizdə yaşayım. Əlimdən gələni edəcəm ki, himnimizi səsləndirim, bayrağımızı ucaldım. Rəqiblər asan olmayacaq. Avropalı rəqiblər elədir ki, taktika qurub döyüşmək olur, amma müsəlman ölkələri fərqlidir. Onlar dalaşqandırlar və buna görə də çətin olacaq. Amma çəkdiyimiz əziyyət yerdə qalmaz. Bütün uşaqlara, yığma komanda üzvlərinə, təkcə karate yox, bütün idmançılara uğur arzulayıram. İnşallah hər birimiz medal qazanarıq. Ən çox arzuladığım şey bu yarışda himnimizi səsləndirməkdir. Əlimdən gələni edəcəyəm”.

“Xalqımızın gözü qarşısında bayrağımızı qaldıracağıq”

Firdovsi Fərzəliyevbirinci Avropa Oyunlarında ilk qızıl medalı gətirən idmançımız olub:

“İslam Olimpiadasında ən azı Avropa oyunlarında qazandığım mükafatı, yəni qızıl medalı yenidən qazanmaq istəyirəm. Məşqlərimiz çox gözəl gedir. Hazırlıqlar göstərir ki, ən azı nəticəmizi təkrarlayacağıq. Xalqımızın gözü qarşısında bayrağımızı qaldırıb himnimizi səsləndirəcəyik”.

“Hamımız finalı hədəfləyirik”


Asiman Qurbanlının 24 yaşı var və zədələr olmadığı halda 35 yaşına qədər karate ilə məşğul olmağın mümkün olduğunu düşünür:

“İndiyə kimi ən yaşlı rəqibim elə Azərbaycanda olub. 31 yaşında Şahin Atamov idi.  İstər özüm, istərsə də digər yoldaşlarım-hamımız finalı hədəfləyirik. Qızıl medal qazanmaq istəyirik.  Ümid edirəm, niyyətimizə və arzumuza çatarıq. Təbii ki, mənə görə ən çox sevinən ailəm olacaq və buna inanıram. O cümlədən bütün Azərbaycan, müəllimlərim, üzərimdə əziyyəti olan insanlar da sevinəcək”.

Azərbaycan karateçilərinin məşq prosesini izləyərkən düşündüyümüz yalnız bu idi:  Onlar uduzmaq üçün yox,  uğur qazanmaq üçün doğulublar.

Modern.az saytı olaraq karate üzrə yığma komandamıza, eləcə də bütün idmançılarımıza İslam Həmrəyliyi Oyunlarında uğurlar arzulayırıq...

Qələbə bizimdir!


Günay RƏSULQIZI
FOTO : Tərlan YUSİF

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir