Modern.az

Radionu silaha çevirən ADAM...

Radionu silaha çevirən ADAM...

7 May 2017, 22:03

7 may 1895-ci ildə Aleksandr Popovun radio ixtirasından sonra bu tarix dünyaya Radio günü kimi düşüb. Popovun bu icadı bütün dünya ölkələrinə yayılıb və hazırda radio insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Müsiqi, əyləncə, maarifləndirici proqramlar, ən son xəbərlər məhz radio vasitəsilə dinləyicilərin ünvanına çatır.

 

Modern.az saytı radio günü ilə bağlı yazını təqdim edir.


Böyük Vətən müharibəsi illərində insanlar cəbhədən son xəbərləri öyrənmək üçün saatlarla radionun “dillənməyini” gözləyib. Bununla yanaşı müharibə dövründə sovet radiosu Adolf Hitler üçün bir nömrəli düşmənə çevrilib. Radionu düşmən üçün silaha çevirən adam isə Yuri Levitan olub.  

“Kremlin dəmir səsi” adlandırılan Yuri Levitanın səsi hələ uşaq olarkən ətrafdakılarının diqqətini çəkib. Qonşular öz uşaqlarını səsləmək istəyəndə bunu balaca Yuridən xahiş ediblər. Təbii ki, öz səsinin gücünə arxayın olan Yuri bu işin öhdəsindən asanlıqla gəlib. 

Uşaqlıq illərində Levitanın heç ağlına belə gəlməyib ki, nə vaxtsa təkcə SSRİ-də deyil, bütün dünyada ən tanınmış səs sahiblərindən biri, məşhur diktor olacaq. Çünki o, orta təhsil aldığı vaxtlar aktyor olmaq istəyib.

Yəhudi ailəsində dünyaya göz açan Levitanın atası dərzi, anası evdar qadın olub. 17 yaşına catdıqdan sonra o valideynlərindən ayrılaraq, Rusiyanın Vladimir şəhərindən Moskvaya gəlib. Aktyor olmaq arzusunu həyata keçirmək üçün sənədlərini Kino texnikumuna verib. Ancaq qəbul komissiyasının üzvlərini Levitanın bilik və bacarığı qane etməyib. Ümidləri bu təhsil ocağından qırılan gənc Yuri təsadüfən radio diktorlarının qəbulu ilə bağlı elana rast gəlib. Ümidsiz olsa da müsabiqədə iştirak edib. Bu dəfə tale Levitanın üzünə gülüb. Danışığında əyalət ləhcəsi olmasına baxmayaraq komissiya üzvləri müsbət rəy veriblər.

Beləliklə, bir müddət təcrübə keçdikdən sonra Levitan Radio Verilişləri Komitəsində işə başlayıb. 19 yaşlı diktora yalnız gecə saatlarında qəzetlərin xülasəsini oxumağı həvalə ediblər. Bəlkə də Levitanın diktorluq fəaliyyəti elə ömrünün sonuna qədər beləcə də davam edəcəkdi. Amma...

Həmin günlərin birində gecə vaxtı kabinetində işləyən Stalin təsadüfən radionu işə salıb. Bu vaxt Levitan “Pravda” qəzetinin xülasəsini oxuyurmuş. Onun səsi Stalinin diqqətini cəlb edib. Bir müddət qulaq asdıqdan sonra elə gecə ikən Radio Verlişləri Komitəsinin sədrinə zəng vurub göstəriş verib ki, qurultayın açılışı ilə bağlı sabahkı məruzəsini məhz bu tanımadığı diktor oxumalıdır. Səhərisi gün beş saatlıq məruzəni bir dəfə də olsun səhv etmədən və çaşmadan oxuyan Yuri Levitan həmi gündən Stalin tərəfindən Sovet İttifaqının baş diktoru və “Kremlin rəsmi səsi” statusunu daşıyıb.

1941-ci ildə müharibənin başlanması ilə bağlı xəbəri efir vasitəsi ilə ilk dəfə xarici işlər komissarı Molotov çatdırsa da Stalinin göstərişi ilə ikinci dəfə bu xəbəri Levitan səsləndirib.

1941-45-ci illərdə Levitan “Sovinformbüro”nun və Stalinin əmrlərini səsləndirib. Stalinin bu barədə xüsusi əmri olub: “Müdafiə Komitəsinin məlumatlarının əhaliyə çatdırılması yavnız Yuri Levitana həvalə edilsin”.

Hitlerin cəzalandırmaq istədiyi insanların siyahısında Levitanın adı birinci yerdə olub. Onun səsi füreri hədsiz dərəcədə hiddətləndirib, hətta sakit oturduğu vaxtda onu yerindən oynadıb. Bu səsə dözməyən Hitler əlini stola çırparaq qışqırıb: 
“İlk növbədə Sovet İttifaqının səsini kəsmək lazımdır”. Bu məqsədlə o Levitanın öldürülməsi ilə bağlı xüsusi göstərişlər verib, onu məhv edən şəxsə 250 min marka mükafat vəd edib. Bu məsələdən agah olan sovet rəhbərliyi Levitanın təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçiriblər. Levitanın xarici görünüşü ilə bağlı mətbuatda mütəmadi olaraq yanlış məlumatlar veriblər. Ümumiyyətlə həmin dövrdə yaxın çərçivəsindən başqa Levitanı heç kim üzdəm tanımayıb.


1941-ci ildə Padio komitəsinin həyətindəki bomba partlayışından sonra alman radiosu radio mərkəzinin dağıdılması və Levitanın məhv edilməsi ilə bağlı xəbər yayıb. Ancaq 20 dəqiqədən sonra Levitanın əzəmətli səsi efirdən yenidən eşidilib:

- Sovet qoşunlarının şücaəti nəticəsində hər 7 saniyədən bir bir alman əsgəri məhv edilir.

Marşal Rokossovski Levitanın səsindəki gücü bir dviziyanın gücü ilə bərabər olduğunu söyləyib.

Müharibə dövründə Levitan milyonlarla sovet insanı üçün sanki bir ümid yeri olub. İnsanlar saatlarla cəbhədəki vəziyyətlə bağlı məlumatları eşitmək üçün səbirsizliklə Levitanın səsini gözləyiblər.

Müharibə illərində Yuri Levitan “Sovinformbüro”nun iki mindən artıq məlumatını, yüz iyirmidən artıq Müdafiə Komitəsinin xəbərini oxuyub.

1945-ci ildə alman faşizmi üzərində qələbə xəbərini çatdırmaq da Levitana tapşırılıb. Həmin möhtəşəm xəbəri çatdırmaq məqamında Levitan kiçik bir problemlə üzləşib. Kremldən çıxab radio komitəsinə kedən zaman Qızıl meydana toplaşmış saysız-hesabsız insanların arasından keçmək müçkülə dönüb. İnsanlara toxuna-toxuna keçən diktora əsəbi şəkildə irad tutanlar da olub:

- Hara gedirsən? Mane olma, bir ayaq saxla. İndi Levitan qələbə xəbərini deyəcək.

Levitan çətinliklə insanların arasından çıxıb və onların illərlə gözlədiyi xəbəri səsləndirməyə tələsib.

Müharibədən sonrakı illərdə Yuri Levitan hökumət və dövlət müraciətlərini oxuyub, Qızıl meydandan, Kremlin Qurultaylar sarayından reportajlar aparıb, televiziya və radioda bir sıra verilişlərin aparıcısı olub.

Yuri Levitan sovetlər birliyində ilk SSRİ xalq artisti adını alan diktor olub.

Levitanın şəxsi həyatı uğursuz olub. On bir il rəsmi nikahda olduğu həyat yoldaşı onu atıb. O qızı və qayınanası ilə birlikdə yaşayıb. Qayınanası Yurinin xətrini çox istəyib, ona hörmətlə yanaşıb, ömrünün sonuna kimi kürəkəninin qayğısını çəkib.

Yuri Levitan 1983-cü ildə veteranlarla görüşə gedən zaman Belqorod şəhərinin ətrafında yolda ikən ürəyindən kəskin ağrı tutub. Onu yaxınlıqdakı kənd xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

 

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi