Modern.az

Sıralarımızdan gedən Zöhrabımız - Aytəkin Alxaslının yazısı

Sıralarımızdan gedən Zöhrabımız - Aytəkin Alxaslının yazısı

Media

9 May 2017, 13:50

Tanınmış jurnalist Aytəkin Alxaslının tələbə yoldaşı və dostu Zöhrab Əmirxanlı barədə xatirələri

Ölüm sevinməsin qoy! 1012-nin sırasından gedən Zöhrabımız. Onun haqqında keçmiş zamanda danışmaq çox çətindir, çox. Mehribandan sonra Zöhrabı da itirdik. Adamın heç inanmağı gəlmir, vallah. Düzü, tələbə yoldaşımız Zöhrab Əmirxanlının vəfatından xəbərim yox idi. Problemlər, qayğılar o qədər başımızı qatır ki, bəzən, istər -istəməz diqqətsiz təsiri bağışlamalı oluruq. Bir də onda ayılırıq ki, keçmişdə tanıdığın, hörmət etdiyin bir adam artıq həyatda yoxdur. Zöhrab kimi…

Vaxtaşırı zəngləşdiyim qrup yoldaşım Afaqa telefon açmışdım. Məqsədim də bu il universiteti bitirməyimizin 30 ili olduğunu demək, yığışmağımızı təklif etmək idi. Birdən Afaq qayıtdı ki, Zöhrabdan xəbərin var? Və... Hər şey məlum oldu. Zöhrab da gedibmiş sıralarımızdan.

Oxuculara bildirim ki, Zöhrab Əmirxanlı ilə 1982-1987-ci illərdə keçmiş S.M.Kirov adına ADU-nun (indiki Bakı Dövlət Universitetinin) Jurnalistika fakültəsində birgə oxumuşuq. Onun Mehribanı da qrup yoldaşımız idi. Birinci kursda oxuyarkən ilk günlərdən hamımız hiss edirdik ki, ilk baxışdan sakit görünən Zöhrab yevlaxlı balası, qaraşın gözəl Mehribana vurulub. Mehriban hara getdi, kimlə danışdı, Zöhrabın diqqətində idi, onu hər yanda həm qoruyur, həm də hər anını izləyirdi Zöhrab. Günlər keçdikcə onların isti-ilıq münasibətləri aydınca sezilirdi. Olduqca qısqanc idi Zöhrab. Yadımdadır, Ağdama-qrup yoldaşımız Sayadın nənəsinin yasına getmişdik. Qatarda oğlan tələbə yoldaşlarımızın qızlara, xüsusən Mehribana nəzərləri dikiləndə Zöhrabın necə daxilən hirslənib sarsıntı keçirdiyi, həyəcan keçirdiyi dəqiqələri, anları xatırlayıram indi. Zöhrab çox sevirdi Mehribanı. Mehriban da onu... Pirquluya gedəndə Zöhrabgildə də olmuşuq,Yevlaxda da Mehribangildə. Onların sevgisi haqda çox danışa bilərəm. Evlənəndən sonra tez-tez görüşməsək də, mehriban, xoşbəxt yaşadıqlarını bilirdim.


Zöhrabın da, Mehribanın da yaxşı qələmləri vardı. Zöhrab müxtəlif mətbuat orqanlarında çalışıb, kəskin yazırdı. Üç övladını da birgə böyüdüb xoşbəxt görmək istəyirdilər. Amma... Amansız ölüm 6 il əvvəl ürək xəstəliyindən Mehribanı apardı. Zəhrimar şəkər də Zöhrabı.

 Zöhrab bəlkə də 6 il idi ki, Mehribansız yaşamırdı, inləyirdi. Deyərdim ki, onun yanına tələsdi. Mehribanın-Mehribanımın yanına özü demiş. Yaxşı ki, Mehribandan sonra Məhinin, Şəbnəmin toyunu gördü Zöhrab. 18 yaşlı oğlu Mətinin toyunu da bundan sonra nə Zöhrab görəcək, nə də Mehriban... Həmkarımı, qrup yoldaşımı Mehribanın yasından sonra görməmişdim.Yaxşı ki, şimalda bir dostunun qanuni işinə kömək üçün zəng edəndə yardım etmişdim Zöhraba, "Ayka, çox sağ ol" demişdi. Yaxşı ki,onda da olsa danışmışdıq. Nə deyim?

1012-ci qrupun, qrup yoldaşımız Esmira demişkən, yarpaq tökümü Mehribanla Zöhrabdan başladı. Ruhları şad olsun həmkarlarımın, qrup yoldaşlarımın. Yarpaq tökümümüz dayansın barı bununla... Dostlarımızın yaza bilmədiyini, deyə bilmədiyini biz yazaq, biz deyək barı. Bizə möhlət versin əcəl, Afaqa dediyim kimi, tələbəliyə əlvida deməyimizin 30 ilini keçirə bilək. Zöhrabın, Mehribanın əvəzinə də unudulmaz tələbəlik illərimizi, 1012-li günlərimizi xatırlayaq. Ürəyimiz sızlasa belə...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı