Modern.az

Adı rahat, özü narahat adam

Adı rahat, özü narahat adam

9 May 2017, 16:40

Etibar Cəbrayıloğlu


Rey... Yadda saxlamaq üçün bundan da rahat ad? Kərim kişinin oğluna bu adı təsadüfən qoymayıblar, bunun maraqlı tarixçəsi var. Amma həmin hadisəni yazıb vaxtınızı çox almaq istəmirəm. Onsuz da Rey müsahibələrində adqoyma məsələsinə yetərincə toxunub. Yeri gəlmişkən, Rey Kərimoğlu medianın həmişə diqqətində olan həmkarlarımızdandı. Döyüşçü kimi də, jurnalist kimi də ondan tez-tez yazılıb, yazılır və hələ bundan sonra çox yazılacaq. Bizim Reyin nə yaşı var ki...

Bizim Reyin 50 yaşı var. Ad günü gözəl bir tarixi hadisə ilə eyni günə təsadüf edir- Rey düz 50 il öncə 9 May Qələbə Günü dünya gəlib. Doğulduğu Ağdam üçün, Qarabağ üçün, Azərbaycan üçün döyüşməyi bacarıb, ölümlə üzbəüz qalıb, dəfələrlə yaralanıb. Rey Kərimoğlu Vətəni sevmək üçün heç vaxt tribunaya qalxmayıb, həmişə səngərə enib. Jurnalist kimi yazanda da döyüşüb, döyüşçü kimi vuruşanda da yazıb. Rey əsl Qarabağlı kimi muğamla, musiqi ilə nəfəs alır. Çox heyf ki, oxumuğa səsi yoxdu, amma bunun da yolunu tapıb, muğamlarımızı, bəyəndiyi mahnıları elə gözəl danışır...

Adı rahat olsa da, özü narahat adamdı. Lap bədənində gəzdirdiyi qəlpələr kimi...

Reyin necə narahat adam olduğunu bilmək üçün heç uzaqlara getməyə ehtiyac yoxdu, Bakıda barmaqla göstərilən “Jurnalistlər binasında” onunla qonşu olmaq yetər. Ən çətin gündə, kritik anda Reyin 15-ci qatdakı qapısını döymək, sutkanın istənilən vaxtı telefonuna ürəklə zəng vurmaq olar. Ağır gündə, sevincli anlarda, xəstəliklə vuruşanda Rey öz nazlı avtomobili-“NAZ-Lifan”la biz qonşuların yanındadı. Reyin Qadir İbrahimli ilə mübahisələrini, zarafatlarını kənardan izləməyin ayrı ləzzəti var.


Rey narahat adamdı, qazi yoldaşlarının problemi olanda ayağını ayağının üstünə aşırıb rahat oturmaz. Etimadla, Firudinlə nazirin, icra başçısının, millət vəkilinin qapısını döyər, problemi yoluna qoymağa çalışar.

Reyin necə qayğıkeş dost olduğunu Şəmistan Əlizamanlıdan, İlham Tumasdan, Elxandan, Ramildən, Qurbandan... soruşun. Reyin dost məclislərində yeri başdadı, Reyin dost məclislərində yeri başqadı. Belə məclislərdən sonrakı söhbətləri özü elə bir məclisdi. Ötən il onun bu bacarığına “şeir” yazıb dostumuzu əsbiləşdirmişəm də:

 

                    Yolboyu Rey danışdı,

                    Yolboyu hey danışdı.

                    Dedi: “Məktub yazıram

                               gecələr hey yuxuda.

                    Bir gün Həzrət Abbasa,

                    Bir gün Aqil Abbasa”... 

 

Reyi 50 illik yubileyi münasibəti ilə qonşular, həmkarlar, dostlar adından təbrik etmək gözəl duyğudu. Rahat adlı, narahat adam, uğrunda qazi olduğun torpaqlarımızın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirəm. Qələbə xəbərinə sənin necə sevindiyini görmək üçün o günü gözləməyə dəyər!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı