Modern.az

“Zaqazkontor”dan tədarük-təchizata  

“Zaqazkontor”dan tədarük-təchizata   

9 May 2017, 16:52

Azər Qismət

Birinci sinfə gedəndə iri anbarların yanından keçməyə məcbur idim. Oradan həmişə qəribə, insanın ödünü ağzına gətirən qoxu gələrdi. Bunu sinifdə deyəndə Hüseyn adlı oğlan üstümə qabardı ki, “oranı atam işlədir”. Hərdən imkan tapıb içəri nəzər salardıq, işçilər heç nə deməzdilər. İlahi, içəridəki çürük meyvə-tərəvəz indi də gözümün qarşısından getmir. Buranın nə olduğunu yuxarı siniflərdə öyrəndim. O da təsadüfən oldu. Atam evdə dedi ki, “zaqazkontorun müdirinin oğlunun toyudur”. Və məni də apardı. Bu ifadə həmişə beynimdə qaldı: “Zaqazkontor”. Yəni, istehsal edilən məhsulların tədarükü.

Sovet illərində kolxozlara kömək məqsədilə belə bir idarənin yaranmasına qərar verildi. Azərbaycanda tədarük edilən məhsulların anbarı Moskva prospektində yerləşirdi. Quba-Xaçmaz bölgəsindən meyvə, cənubdan isə tərəvəzləri alıb həmin prospektdəki anbarlara toplayardılar. Məhsulları müttəfiq respublikalara bölüşdürsələr də, daxili təlabat da unudulmurdu. Plan sistemi ilə işləyən iqtisadiyyata keyfiyyət lazım deyildi. Məhz bu səbəbdən gördüyüm çürük meyvə-tərəvəz yalnız beşillik planların vaxtında yerinə yetirilməsinə xidmət edirdi.

Vaxtilə Cəlilabad rayonundakı “zaqazkontor”da işləyən 83 yaşlı Arif kişidən adıçəkilən idarənin fəaliyyəti barədə xatirələri yada salmasını istədim. Arif kişi dedi ki, “o illərdə kolxoz-sovxozlara maşınlarla gedib məhsulları toplayar və anbarlarımıza gətirərdik. Kolxozların pulunu dövlət ödəyərdi. Yadıma gəlir ki, məhsullar arasında keyfiyyətsiz məhsullar çox idi. Gecə-gündüz 70 manat məvacibə işləməklə problemlərimiz həll olunmurdu. Hərdən solaxay işlər görməyə məcbur qalardıq. Kolxozla razılığa gəlib bəzi məhsulları bazara çıxarardıq. Axşam bazarı qiymətlərlə xırıd edərdik. Sonra müstəqillik oldu və idarə bağlandı. İndi tamam başqadır”.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov cəlilabadlı Arif kişinin sonuncu ifadəsini belə şəhr etdi ki, “indi doğrudan da tamam başqa situasiyadır. Bazar iqtisadiyyatı sistemi ilə özəl təsərrüfatlarla iş görülür. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC keyfiyyətə xüsusi önəm verir. Çünki indi məhsulların tədarük edildiyi dövlət qurumları keyfiyyətli məhsul gözləyirlər. Tutaq ki, uşaq bağçasına tərkibi azotla yüklənən məhsulların tədarükü balacaların sağlamlığında sağalmaz fəsadlar törədə bilər. Bu da işin əksinə yönələr. Məhz bu baxımdan adıçəkilən qurum ciddiliyə əməl edir. Yaxud götürək Silahlı Qüvvələrimizə tədarük edilən məhsulları. Kim istəyər ki, düşmənlə üzbəüz dayanan əsgərlər keyfiyyətsiz qidalar qəbul etsinlər?! Keyfiyyət həm də ona görə lazımdır ki, daxili təlabat ödənəndən sonra bu məhsullar xaricə də ixrac ediləcək. İdarənin funksionallağı və əhəmiyyətinin daha bir özəl məqamı avanslarla bağlıdır. Artıq yerlərdə müqavilə bağlanan fermerlərə avans da verilir. Bax, buna deyərəm əsil iş”.

İndiyə qədər fermerlər deyirdi ki, “əlimizdə pul olsa dağı dağ üstünə qoyarıq”. Belə bir problem doğrudan da vardı. Budur, əkinçilərə avans da verilir. Rəqəmlərə nəzər salsaq görərik ki, avans verilmə prosesi sürətlə gedir. Təkcə mayın 2-də Tovuz, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan 18 fermerə 90 min 861 manat məbləğində avans təqdim olunub. Həmin vəsait kartof, yerkökü, çuğundur məhsulları istehsalının artırılması məqsədi ilə verilib. Ertəsi gün isə Yevlaxda keçirilən tədbirdə bu bölgədə və ətraf rayonlarda fəaliyyət göstərən 20 istehsalçıya 197 min 500 manat vəsait ödənib. Ağcabədi, Ağdam, Ağdaş, Bərdə, Cəlilabad, Yevlax, Qax, Zərdab, Neftçala, Saatlı, İmişli və Zaqataladan olan fermerlər bu vəsait hesabına idxalı əvəzləyən məhsullar yetişdirəcəklər. Bir sözlə, bütün ölkənin fermerləri nəzərə alınır.

Ancaq bu o demək deyil ki, fermer avansı alıb heç bir iş görməyəcək, yaxud aqrotexniki qaydalara dədə-babadan qalma üsullarla əməl edəcək. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC avans verdiyi şəxsləri maarifləndirəcək. İnsan var ki, bu işə başlamaq istəyir, lakin əkin texnologiyasını bilmir. Cəmiyyətin əməkdaşları əkin qaydalarını sıfırdan anladacaq. Bu məlumatlar bazar təlabatına uyğun məhsul yetişdirilməsindən tutmuş, hansı pestisid və herbisidlərin verilməsinə qədər öz əksini tapacaq. Loru dillə deyilərsə, kimsə qarpız əkmək istəyirsə, daha torpağa külli miqdarda azot verib məhsulunu şişirdib sadə alıcıları aldatmayacaq. Keyfiyyətə tam əməl olunması üçün cəmiyyətin əməkdaşları təsərrüfatlara baş çəkəcəklər. Sonda keyfiyyətli məhsulun qiyməti tam ödənəcək. Bu həm də süni qiymət artımının da qarşısını alacaq. Əvvəlki illəri gözümüzün qarşısından keçirək. Fermer əkirdi, dəllallar gəlib qapıdan qiyməti öldürüb alırdılar, üstünə öz qiymətlərini qoyub bazarda satırdılar. Sual oluna bilər ki, bəs niyə fermerin özü məhsulunu satmırdı? Çünki fermerin paytaxta gəlişi, bazarda piştaxtaya görə verdiyi gündəlik rüsum, naharı, üstəlik gecələmək problemi onu əlavə məsrəflərdən çəkindirirdi. Nəticədə dəllallar öz qara işlərini görürdülər. Daha belə olmayacaq. Dövlətin dəstəyi ilə cəmiyyət məhsulları bazar qiymətlərinə münasib qiymətə alıb əkinçiini sevindirəcək, dəllalları qəmləndirəcək.      

       

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!