Modern.az

Sabir Rüstəmxanlı Həzi Aslanovla bağlı filmi ermənidən necə xilas etdi...

Sabir Rüstəmxanlı Həzi Aslanovla bağlı filmi ermənidən necə xilas etdi...

Ədəbi̇yyat

10 May 2017, 09:46

Dünən faşizm üzərində qələbənin- II Dünya Müharibəsinin başa çatmasının 72-ci ildönümüydü. Lakin müharibənin təsirləri, vurduğu maddi-mənəvi, siyasi, psixoloji zədələr bu gün də davam etməkdədir. Bəşəriyyətin ən böyük savaşı haqqında minlərlə bədii əsər, elmi araşdırmalar, xeyli bədii və sənədli filmlər çəkilib.

Azərbaycan yazıçıları, rejissorları da bu işdə geri qalmadılar. Bəzən, yuxarıların, bəzən isə özlərinin istəyi ilə bacardıqlarını yazıb, çəkdilər:

Azərbaycanın iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə təmsilçisi general-mayor Həzi Aslanov haqqında çəkilən “Sizi dünyalar qədər sevirdim” filmi də o sıradadır.

Modern.az təqdim etdiyi bu yazıda 1985-ci ildə rejissor Rasim İsmayılovun çəkdiyi, baş rolda aktyor Ramiz Novruzun oynadığı filmdən bəhs edilir. Film haqqında vaxtilə Həzi Aslanovu canlandıran aktyorun özü danışıb. Filmin bəzi maraqlı məqamları sonradan kitaba köçürülüb.

Demək, filmə Mərkəz tərəfindən məsləhətçi kimi bir erməni general təyin edilir. Aslanyan soyadlı generalı görən kimi bütün yaradıcı heyət təşvişə düşür. Çıxış yolunu ziyalılara müraciət etməkdə görürlər:

“Filmin ikinci rejissoru milliyətcə erməni qadın idi. Hazırlıq prosesi zamanı bir general-mayor gəlib özünü yaradıcı heyətə təqdim etdi və “məni Moskvadakı baş qərargahdan bu filmə məsləhətçi kimi göndəriblər” dedi. Soyadı Aslanyan olan general-mayorun gəlişi hamını çıxılmaz vəziyyətə saldı. Yaradıcı  heyət əvvəlcədən bir hərbi mütəxəssis, bir tarixçi, bir də Həzi Aslanovun tankının sürücü-mexaniki olan Kurkovu çəkilişlərə məsləhətçi kimi dəvət etməyi nəzərdə tutmuşdu. Aslanyanın gəlişi nəzərdə tutduğumuz fikirləri alt-üst etməkdə idi. Çıxış yolu kimi ziyalılarımıza müraciət etdik. Onlar bizə çox kömək etdilər. Yadımdadır, Sabir Rüstəmxanlı yaxşı bir qalmaqal yaradaraq, erməninin filmdə məsləhətçi qismində iştirakına qarşı çıxdı”.

Sonradan Sabir Rüstəmxanlı, kinostudiyanın o zamankı rəhbəri Eyvaz Borçalı, filmin rejissor Rasim İsmayılov Moskvaya müraciət edirlər. Moskva bu etirazları qəbul etmirdi. Amma yaradıcı heyət öz istəyilə çatmışdı: qınaqlardan qorxan Aslanyan bir daha çəkiliş meydançasında görünmədi. Onun yalnız titrlərdə quruca adı getdi.

Amma sən saydığını say, gör başqaları nə sayır deyimi də var. Bir maneəni aşandan sonra növbəti maneə də yaranır. Bunlardan biri də filmin ikinci rejissoru, milliyətcə erməni qadın olub. O, bilərəkdən Həzi Aslanovun qəhrəmanlığını əks etdirən bəzi epizodları filmdə əks olunmasına mane olub. Aktyor Ramiz Novruzun Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixi”ndən kitabı üçün dediklərindən:

 

“Həzi Aslanovun xüsusi bacarıqlarından biri də o olub ki, gözlənilmədən taktikaları ilə düşməni təəccübləndirə bilirmiş. Ssenaridə belə bir epizod var idi: deməli, Həzi Aslanov öz tank qoşunları ilə çayın kənarında mühasirəyə düşür. Çaydan keçmək mümkün deyil, digər tərəfdən də düşmən onlara tərəf irəliləyir. Bu məqamda Həzi Aslanov gözlənilmədən tankların üçünü suda batırmağı, onlardan körpü kimi istifadə etməyi qərara alır. Çünki mühasirədə səhərin açılmasını gözləmək onların hər birinin ölümü demək idi. Belə bir kadrı çəkməklə  fimlin gücünü daha da artırmaq olardı. Amma çox təəssüf ki, erməni əsilli ikinci rejissor dəfələrlə maddi çatışmazlığı qabartmaqla hamının əl-qolunu bağlayırdı”.

Təkcə o epizod kəsilsə idi, nə vardı ki... Qəhrəmanın sonda ölüm səhnəsindən tutmuş, bir çox səhnələr primitiv şəkildə dəyişilir, bəzilərini isə senzura ümumiyyətlə, ləğv edir. Hətta iki seriya üçün çəkilməli olan film cəmi 92 dəqiqəyə sığdırılır.

Filmin çəkilişində  baş verənlər

9 May Qələbə gününün  40 illiyi münasibətilə çəkilən filmin istehsalat prosesində bir çox maraqlı və arzuolunmaz hadisələr yaşanıb. Belarusda çəkilən döyüş səhnələrinin birində rejissorun sözündən çıxan aktyor ağır xəsarət alır. Filmdə Həzi Aslanovun tankçı dəstələrinin almanları mühasirəyə alma səhnəsini yəqin, xatırlayırsınız. Orada alman əsgərini oynayan litvalı aktyor mühasirəyə düşən tankdan qaçmalı, partlayıcı olan yerdən keçdikdən sonra partlayıcı işə düşməli idi. Bu zaman onun arxaya baxması qəti mümkün deyilmiş. Rejissor də bunu ona dəfələrlə tapşırır. Amma litvalı partlayıcını ötəndən sonra geriyə dönərək, Aslanovun tankına atəş açır. Ssenaridə bu yox idi, aktyor özündən əlavə etmək istəyirmiş. Nəticədə də üzü yanır.

                                                  ***

Filmin rejissoru Rasim İsmayılov ilk dəfə olaraq bir tryukdan istifadə edir. Guya, alman əsgərlərindən biri sovet tankının altında qalır. Sovet rejissorlarından heç biri bu səhnəyə o vaxta qədər risk etməmişdi. İlk dəfə Rasim İsmayılov bunu həyata keçirir. Kaskadyor təlimatlandırılır. Tank keçəndən sonra rejissorun “stop” əmrindən sonra ayağa qalxmalı imiş. Lakin tank keçəndən sonra rejissor “stop” desə də, kaskadyor yerindən qalxmır. Bütün yaradıcı qrup həyəcanlanır və kaskadyora yaxınlaşmağa ürək etmir. Sonda rejissorun öz birtəhər o tərəfə gedir və qəfil ayağa qalxan kaskadyoru görür. Sən demə, pacilyon çox səs-küylü olduğu üçün kaskadyor rejissoru eşitməyib. Özbaşına da ayağa qalxmayıb. Bundan sonra bütün yaradıcı qrup onu o ki var danlayıb. Çünki o, uzanan yerdə xəbərsiz olan başqa tank üstündən keçə bilərdi.

                               ***

Filmdə çox təəssüf ki, xırda da olsa, general Aslanovun özəlliyini, əls azərbaycanlı xarakterini göstərən bir səhnə çıxarılır. Moskvada hərbi qərargaha gedən general oğlanla qızın səmimi əl-ələ tutduğunu görüb üzünü o yana tutur ki, qoy gənclər generaldan utanmasınlar. Bu, Azərbaycan kişilərinə xas olan cəhətdir. Lakin ruslar buna qarşı çıxır. Onların fikrincə, əsl sovet generalı gənclərə yaxınlaşmalı və onların üzərinə rütbəsinin imkan verdiyi dərəcədə qışqırmalı idi.

Elmin Nuri

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub