Modern.az

Kim ki yüz il yaşamırsa... - Dəmir çatışmazlığı orqanizmdə hansı problemləri yaradır?

Kim ki yüz il yaşamırsa... - Dəmir çatışmazlığı orqanizmdə hansı problemləri yaradır?

Ədəbi̇yyat

10 May 2017, 11:06

Orqanizmdə dəmir çatışmazlığı ciddi patoloji hal sayılır və bu hal insanda bir çox xəstəliklərin meydana gəlməsinə əlverişli şərait yaradır.

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı da məhz bu haqdadır.

Dəmir kimi olmaq istəyirsinizsə “dəmir”lə qidalanın. Elə düşünməyin ki, bunun üçün dəmir parçasını yemək lazımdır. Əsla. Söhbət tərkibində dəmir olan qida məhsullarından gedir. Qida rasionunda belə məhsulların olması olduqca vacibdir.

Statistikaya görə dünya əhalisinin təxminən 30 faizində dəmir çatışmazlığı var. Bəs bu orqanizm üçün hansı problemləri yaradır? Ümumiyyətlə dəmirin orqanizmdə rolu nədən ibarətdir?

Sadə dildə desək, dəmir qan tərkibinin ən vacib maddələrindən biridir. Hemoqlobinin yaranmasında iştirak edən dəmir qırmızı qan hüceyrələrinin tərkib hissəsidir. Hemoqlobin bədən üzvlərinə oksigen çatdıran maddədir. Əgər orqanizmdə dəmir çatışmazlığı varsa bu qanın qırmızı hüceyrələrinin az olması deməkdir. Belə olan halda qanda hemoqlobinin səviyyəsi aşağı düşür və toxumalar lazımınca oksigenlə təmin oluna bilmir.

Həmçinin dəmir immuniteti gücləndirir, metabolik proseslərdə iştirak edir, fiziki və əqli işin məhsuldarlığını artırır, orqanizmi enerji ilə təmin edir.

Orqanizmdə dəmir çatışmazlığı dəmir defisitli anemiya xəstəliyidir ki, buna el arasında qanazlığı da deyilir.

Dəmir çatışmazlığının ilk əlamətləri aşağıdakılardır:

Üz dərisində solğunluq, dəri quruluğu

Saçlarda və dırnaqlarda kövrəklik

Dodaq ətrafında çatların yaranması

İştəhasızlıq

Yorğunluq

Udqunmaq çətinliyi

Bağırsaq pozğunluqları

Təngnəfəslik

Ürək döyüntüsünün tezləşməsi-taxikardiya

Baş ağrısı və başgicəllənmə

Ağız boşluğunda quraqlıq.

Orqanizmin dəmirə sutkalıq tələbatı kişilərdə 10, qadınlarda 20, uşaqlarda 4-18 mq-dır. Hamilə qadınlarda isə sutkalıq norma 30-35 mq olmalıdır.

Dəmir çatışmazlığı problemi ilə üzləşməmək üçün qida rasionuna müntəzəm olaraq dana, ördək, dovşan əti, toyuq içalatı, qaraciyər, yumurta sarısı, yulaf sıyığı, qarabaşaq və mərçimək, qırmızı çuğundur, kələm, ispanaq, kök, sarmısaq, soğan, qurudulmuş meyvələr, alma, qara gavalı, əncir, nar, üzüm, şaftalı, armud, qoz, noxud, balıq və balıq məhsulları kimi qidaları daxil etmək lazımdır.

Nəzərə almaq lazımdır ki, dəmir orqanizm tərəfindən yaxşı mənimsənilmir. Onun yaxşı mənimsənilməsi üçün tərkibində C vitamini olan qidalardan da istifadə etmək vacibdir. Bunun üçün yuxarıda sadalanan qida məhsullarını rasionunuza daxil edərkən ən azı limondan istifadə etmək olar.

 

İlham Cəmiloğlu

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı