Modern.az

Parlament müxalifəti Heydər Əliyev haqda: “Ona borcluyuq”

Parlament müxalifəti Heydər Əliyev haqda: “Ona borcluyuq”

Parlament

10 May 2017, 15:03

Bu gün dünya şöhrətli siyasi xadim, mərhum prezident  Heydər Əliyevin 94-cü il dönümüdür. O, 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlib.

 

Modern.az saytı bu münasibətlə Milli Məclisdə fəaliyyət göstərən müxalifət partiyalarının sədrlərinin təəssüratlarını öyrənib.

 

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) lideri, deputat Fərəc Quliyev:

 

“Ümumiyyətlə mən ölkədə bütün siyasi liderlərə,  siyasi partiyalara bərabər yanaşmanın tərəfdarıyam. Hesab edirəm ki, kimin hansı tərəfdə  olmasından asılı olmayaraq qısqanclıq nümayiş etdirmək və yaxud kimisə gözdən salmaq doğru  deyil.  Azərbaycanın siyasi tarixi var və bu tarixin səhnəsində hər lider öz rolunu oynayıb. Əlbəttə tarixdə qara ləkə kimi qalan adamlar da var idi. 20 yanvar qırğınını törədiblər, Xocalı soyqırımının səbəbkarı olublar və.s.

 

Amma  müstəqillik illərindən sonra qurucu liderlər olaraq Əbülfəz Elçibəy, Heydər Əliyev  və İlham Əliyev bizim prezidentlərimiz və tariximizdir.

 

Biz tariximizə hörmətlə yanaşmalıyıq. O insanların qoyduqları irsi davam etdirməyi bacarmalıyıq. Yarımçıq qalan işləri tamamlamalıyıq. Heydər Əliyev də dönəmin çox böyük siyasi xadimlərindən olub.

 

Mən həm Heydər Əliyevin, Məhəmməd Əmin Rəsulzadənin, həm də Əbülfəz Elçibəyin  xatirəsinin mütəmadi olaraq anılmasının tərəfdarıyam. Hesab edirəm ki, buna bütün partiyalar partiya mövqeyindən yox, millət mövqeyindən baxmalıdırlar”.

 

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa:

 

“Heydər Əliyev Azərbaycan dövlətçiliyinin inşasında müstəsna rolu olmuş tarixi şəxsiyyətdir. Bu gün də Azərbaycan dövlətinin dünyada tanınmasında onun misilsiz rolu var. Ona görə də Azərbaycanın ən ağır günlərində  ölkəmizin toparlanması, yenidən dövlət olaraq möhkəmlənməsi, həm də beynəlxalq arenada  qəbul olunan dövlətə çevrilməsi  Heydər Əliyevin  reallaşdırdığı strategiyanın yekunudur. O, hər zaman Azərbaycan tarixində  böyük şəxsiyyət kimi  xatırlanacaq”.

 

Vəhdət Partiyasının sədri , deputat Tahir Kərimli:

 

“Mənim müxalifətdə fəaliyyət göstərdiyim vaxtların olması faktdır. O zaman Heydər Əliyevin xalq hərəkatı üzərində böyük təsirini danmaq olmaz.  O, daim dövlət quruculuğunda, müstəqilliyin əldə edilməsində  öz məsləhətlərini verib. Hətta uzun müddət Heydrə Əliyevin fikirləri xalq hərəkatı ilə  üst-üstə düşüb.  Əbülfəz Elçibəy ilə İsmayıllıdakı mitinq də bunu təsdiqləyir.  Onun çıxışı zamanı səsləndirdiyi fikirlər hərəkatın istəkləri ilə oxşarlıq təşkil edirdi.

Heydər Əliyev  şübhəsiz ki, Azərbaycan tarixinin yetişdirdiyi çox böyük şəxs olub. İlk azərbaycanlı KQB generalı olub. Yadımdadır, onun dövründə Şamaxı, Ağsu, İsmayıllı, Kürdəmir kimi rayonlarda insanların rahat yaşayışı təmin edilmişdi. 70-ci illərdə Ağsuda yaşayırdım deyə bunun canlı şahidi olmuşam.  İqtisadiyyat inkişaf edirdi, insanların təhsil səviyyəsi yüksəlirdi və.s

 

Bu gün də biz dövlət başçısı ilə birlikdə Fəxri Xiyabanda ümummilli liderimizin anımında iştirak etdik, gül dəstələri qoyduq. Hesab edirəm ki, cənab prezident İlham Əliyevin atasının yolunu davam etdirməyi çox böyük hadisədir. Bu gün Aəzrbaycanda bəzi müsəlman dövlətləri kimi  sabitlik pozulmayıbsa, Heydər Əliyevə borcluyuq. O, böyük dövlət xadimi, liderdir.

Mən etiraf edirəm ki, uzun illər müxalifət tərəfindən çıxış etməyimə baxmayaraq  Heydər Əliyevin dövlətçilik ənənlərini qəbul etmişəm. Eləcə də  mənim kimi yüz minlərlə insan bunu qəbul edir”.

 

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə:

 

“Heydər Əliyev böyük dövlət xadimi, siyasi xadim idi. Bununla yanaşı həmçinin mübariz biri kimi yaddaşlarda qalıb. Mənə elə gəlir ki, o, bu gün hamı tərəfindən anılmalıdır”.

 

Günay RƏSULQIZI

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?