Modern.az

BP-nin Departament rəhbəri: “Azərbaycan gənclərinin özünü ifadə etmək bacarığı zəifdir” - MÜSAHİBƏ

BP-nin Departament rəhbəri: “Azərbaycan gənclərinin özünü ifadə etmək bacarığı zəifdir” - MÜSAHİBƏ

Mədəni̇yyət

11 May 2017, 12:29

Rəşad Bayramov: “Gənclərə əsas tövsiyəm budur ki, israrlı, iddialı olun, heç vaxt ruhdan düşməyin, heç bir halal zəhmətdən utanmayın


 Zamanı  “TƏHSİL + KARYERA”  cəminə böldükdə qismətdə “UĞUR”  əldə edənlər  həqiqətən də uğurlu insanlardır. İlk baxışda sadə əməliyyat kimi görünsə də, heç də göründüyü qədər bəsit deyil. Müsahibəmizi oxumaqla biləcəksiniz ki, həyatın “QIZIL NİSBƏT” formulunu əldə etmək üçün nələri bilmək vacibdir.

Beləliklə, Modern.az saytının növbəti müsahibi beynəlxalq təlimçi, BP şirkətinin Xarici Əlaqələr Departamentinin rəhbəri, “Sözünə güvən” kitabının müəllifi Rəşad Bayramovdur.


- Xoş gördük Rəşad bəy. Layihəmizin ənənəsinə sadiq qalaraq, məktəb illərinizdən söhbətimizə başlayaq. Nümunəvi şagird olmusunuz?

-Bəli. Həmişə əla oxumuşam, çünki əlaçı olmaq mənim üçün bir məqsəd olub. Qarşıma məqsəd qoymuşdum ki,  məndə “4” qiymət ola bilməz və 10 illik məktəb dövründə 1 ya da 2 dənə rüblük  qiymətim “4” olub. Qiymətlərim həmişə “5” olub.


-
Ali məktəbə hazırlıq dövrünüzü necə xatırlayırsınız? Hər şeyi nizamlı plan çərçivəsində edirdiniz, yoxsa  valideynlərinizin nəzarəti ilə?


-Əslində cavab hər ikisidir. Mən  özüm kifayət qədər nizam-intizama riayət edən insanam və demək olar ki, uşaqlıq illərindən beləyəm. Bizim  ailəmizdə anamın təsiri altında həm qardaşım, həm də mən dərslərə intizamla yanaşmağa vərdiş etmişdik. Anamız həmişə, elə indinin özündə də çox ciddi tələbkar insandır və ona görə bizdən tələb edib ki, hər şey yaxşı olmalıdır və daim özü nəzarət edib dərslərimizə. Ona görə də burda onun rolu danılmazdır, yəni mən bütün məsuliyyəti öz üzərimə götürmək istəmirəm ki, mən belə olmuşam. Təbii ki, mən də onun övladı olduğuma və onun tərbiyəsini götürdüyümə görə, onun intizamını özümdə inkişaf erdirmişəm. Amma anam da hər zaman, hətta deyərdim universitet illərinə qədər mənim və qardaşımın dərslərinə nəzarət edib.


-
Uğur qazanmaq üçün planlı olmaq şərtdirmi? Bugünkü həyatınızda nə qədər planlı insansınız ?


-Çox yaxşı sualdır. Bunun cavabı belədir: çox qısa, bəli. Hesab edirəm ki, insan həyatda uğur qazanmaq istəyirsə , birinci növbədə onun məqsədi olmalıdır. Məqsəd isə mümkün qədər dəqiq, ölçüləbilən, müəyyən son tarixi olan məqsəd olmalıdır. O məqsədə çatmaq üçün isə plan zəruridir. Plansız məqsədə çatmağı mən meşədə kompassız gəzməyə bənzədirəm. Ola bilsin ki, siz meşədən çıxacaqsınız, amma bu sizə baha başa gələcək. Plan həmin kompasdır.



-
Peşə seçimində sərbəst olmusunuz?


-Əslində, valideynlərim uşaqlıqda mənim həkim olmağımı istəyirdilər, mənim atam həkimdir. Sonra Azərbaycan ailələrində çox populyar olan hüquqşünas peşəsinə yiyələnməyimi istədilər. Bu daha çox anamın istəyi idi. Amma müəyyən vaxt sonra, təxminən 10-cu sinifdən mənim təmayülüm ən güclü tərəfim olan humanitar fənnlərə istiqamətləndi. Çünki doğrudan da atam da, anam da gördülər ki, mənim dil qabiliyyətim, humanitar fənlərə marağım daha çoxdur, nəinki texniki fənlərə. Sənədlərimi verdim, kifayət qədər yüksək bal yığmışdım və bu balla ADU-nun  ingilis dili və roman–german filologiyası fakultəsinə qəbul olundum. 1995-ci ildən 2002-ci ilə qədər 4 il bakalavr, 2 il magistr olmaq üzrə təhsilimi bu universitetdə davam etdirdim.

- Sizcə valideynlər övladın peşə seçiminə nə dərəcədə müdaxilə etməlidir?

-Bəli, birmənalı olaraq valideynlər uşağa düzgün seçim etməkdə kömək etməlidirlər. Sizə açıq etiraf edim ki, bu gün mənim 38 yaşım var, həyatda bir çox şey görmüşəm, iki ali təhsilim var, Azərbaycanın ən iri şirkətində işləyirəm və kifayət qədər nüfuzlu bir vəzifədəyəm. Amma hətta, bu gün mən, belə düşünürəm ki, bu işlə ömrümün sonuna qədər məşğul olmaq istəyirəmmi?! Ona görə yox ki, mən indi sarsıntı və suallar içindəyəm. Xeyr, mən öz həyatımdan razıyam və öz planımı da bilirəm. Amma mənim 38 yaşım var, o vaxt qərar verən uşaqların neçə yaşı var? - 15, 16. Bu yaşda ciddi qərar vermək mənim fikrimcə, qeyri-mümkündür. Heç bir uşaq istisnalar olmaqla öz həyatını 15-16 yaşında verdiyi qərarıyla yaşamayacaq. Ona görə də valideyn mütləq övladı istiqamətləndirməlidir, məcburiyyət yox, sadəcə istiqamət göstərməlidir. Təbii ki, son seçim insanın öz seçimi olmalıdır.

- BP kimi nüfuzlu şirkətdə yüksək pozisiyada çalışmaq və beynəlxalq təlimçi olmaq- bu uğur  uşaqlıq arzularınızın arasında yer alırdımı?


- Yox mən sizə deyim ki, uşaq olanda BP-dən heç söhbət belə, gedə bilməzdi, çünki mənim uşaqlığım sovet dövrünə düşüb və o vaxt bu şirkət mövcud deyildi. BP Azərbaycanda 92-ci ildə yaranıb və o vaxt mən 9 ya 10-cu sinifdə oxuyurdum. İlk dəfə BP haqqında mən birinci kursda oxuyarkən eşitdim ki, hardasa bizdə belə bir neft şirkəti var. 95-ci il idi, “Əsrin müqaviləsi” artıq bir il idi imzalanmışdı. Və təbii ki, BP-yə işə düzəlmək arzum hardasa üçüncü kursdan yarandı. Çünki vəziyyəti öyrəndikcə, gördüm ki, orda işləyən hər kəs şirkəti tərifləyir, şirkətdəki münasibətlər, yüksək iş və inkişaf imkanları, şirkətdəki xarici abu-hava bütün bunlar məndə şirkətə qarşı maraq yaratdı. Amma uşaqlıqda təsəvvür belə etməzdim. Çünki mən lap uşaqlıqdan düşünürdüm ki, yəqin atam kimi həkim olacağam.

- Ali təhsil ocaqlarımızın tədris sistemində sizi qane edən və etməyən amillər?


-Mənim tələbə olduğum dövrdə bizim təhsil sistemimiz təəssüf ki, bir o qədər də yaxşı vəziyyətdə deyildi. Çünki Sovet İttifaqından biz yenicə  ayrılmışdıq , müstəqilliyimizi təzə bərpa etmişdik. Təbii ki, bütün sistem – müəllimlər, tədris materialları, tədris metodologiyası yüz faiz sovet sisteminin qalığı idi. Siyasi dövran dəyişmişdi, Azərbaycan müstəqil ölkə idi, Qərb yönümlü, Avropaya can atan ölkə idi, amma bizim metodikamız, dərs vəsaitlərimiz hamısı sovet ittifaqı ruhunda qalmışdı. Ona görə də mən o sistemdən müsbət nəsə götürdüm deyə bilmərəm. Daha sonra mən 2001-ci ildə təhsilimi Amerikada davam etdirdim və bir daha şahidi oldum ki, bizim sistemlə onların sistemləri arasında yerlə göy qədər fərq var. Amma nəzərə alaq ki, söhbət 2001-ci ildən gedir, indi 2017-ci ildir və mənim sözlərimi bugünkü təhsilimizə aid etmək ədalətli olmaz, çünki mən universitetlərimizin hazirki təhsil sistemi ilə yaxından tanış deyiləm.


- Xaricdə təhsil almaq Azərbaycan gəncliyinin üzünə hansı qapıları açır?


-
Xaricdə təhsil almaq zənnimcə üç problemi həll edir. Birinci, siz birmənalı dünyanın müasir bilik toplusuna çıxış alırsınız. Çünki, istənilən  nüfuzlu xarici universitetin artıq qloballaşan dünyanın məlumat mənbəyinə çıxışı var və onlar həmin mənbələrdən daim yenilənmiş informasiyaları  əldə edirlər.
İkinci, onların tədris metodları bizdəkindən fərqlidir. Azərbaycanda gəlin etiraf edək ki, əksər universitetlərdə bu günə qədər sovet akademik təhsil sistemi mövcuddur. Mən demirəm bu səhvdir, amma bu bizim stilimizdir. Düzdür, Qərbdə də mühazirə-seminarlar var, amma onların istifadə etdiyi metodoloji alətlər, məsələn, tələbələrlə daha çox ünsiyyət qurmaq, tələbələrin fikrinə hörmətlə yanaşmaq, tələbələrə problem həll etməyə imkan yaratmaq, tələbələri qrup şəklində yığaraq onları qrup dinamikasına öyrətmək və s. Bütün bunlar düşünürəm ki, ciddi fərqlərdir. Çünki insanlar gələcəkdə şirkətlərdə çalışacaqlar, şirkətdə isə hec kəs özbaşına işləmir. Hamı komanda şəklində işləyir.  Bax, bu ruhu onlarda aşılamaq, Qərb təhsilinin ikinci böyük üstünlüyüdür.
Üçüncü xarici universitetlərin nüfuzu  yüksək olduğundan həm Azərbaycanda, həm də Azərbaycanın hüdudlarından kənarda  iş axtarışında  məzun avtomatik əlverişli  vəziyyətdə olur, nəinki eyni ixtisasda yerli  universitetlərin birindən məzun olmuş tələbə.

- Beynəlxalq təlimçisiniz, bu da o deməkdir ki, tez-tez xarici ölkələrdə təlimlərdə olursunuz. Azərbaycanın tələbə auditoriyası digər ölkələrdən nə ilə seçilir? Üstün və zəif cəhətlərimiz  nələrdir?


- Mənim iki cür auditoriyam var – tələbələr - hansı ki onlar üçün təlimlər, seminarlar ödənişsiz və tam təmənnasız keçirilir. Bir də mütəxəssis auditoriyam var. Hər ikisini də ümumiləşdirib birinci üstün cəhətlərdən başlayaq. Bir  millət olaraq, çox istiqanli, mehriban insanlarıq. O mehribanlığı, gülərüzlülüyü mən auditoriyada hər zaman hiss edirəm. Gənclərin fəallığını hiss edirəm.Tədbirlərdən sonra da bir qismi mənə yaxınlaşır və öz suallarını verirlər. Əgər biz mənfiyə baxsaq, mənə elə gəlir ki , Azərbaycan  gənclərində özünü ifadə etmək bacarığı o qədər də yaxşı inkişaf etməyib. Təəssüf ki, bu çox dərin sualdır. Mən hətta bu haqda “Gəncliyin boğulan səsi” adlı məqalə də yazmışam. Çox səbəb var. Ola bilsin, bu bəlkə də təhsil sistemindən qaynaqlanır. Amma xaricdə  - Türkiyədə, Qərbdə gənclər daha sərbəst fikirlərini ifadə etmək qabiliyyətinə malikdirlər. Ümid edirəm ki, bu keçid bir problemdir və tezliklə Azərbaycan gəncliyi Qərbin bu mədəniyyətini özündə inkişaf etdirəcək. Çünki özünü ifadə bacarığı çox vacib bir vərdişdir.

- Ümumiyyətlə, xaricdə təlim keçərkən elə bir ölkə olubmu ki, gənclərinə yaxşı mənada qibtə etmisiniz və “kaş ki, bu xüsusiyyətlər bizim gənclərimizdə də formalaşsaydı” demisiniz?


-
Qərbi Avropa və Amerika mənim həm işlədiyim, həm də təhsil aldığım məkandır. Orda gənclər yaşayış tərzi baxımından çox sərbəstdirlər və bu sərbəstliyi erkən gənclik yaşlarından öyrənirlər. Amerikada çox adi haldır ki, məktəb məzunu bir universitet və ya kollec seçir, ərizəni verir qəbul olandan sonra ata-anaya deyir ki, mən getdim və oturur avtobusa, gedir tamam başqa istiqamətə. Və həmin illər onların həyatında, formalaşmasında ən əhəmiyyətli  illərdir. Bu düşünürəm ki , Azərbaycanın əksər gənclərinə xas deyil. Bizdə əksinədir, evə yaxın, valideynə yaxın,  xüsusən xanımlara qarşı “yox, sən niyə belə uzağa getməlisən?” kimi fikirlər formalaşdırırlar. Regiondan  gələn qız və oğlanlar çox çətinliklə gəlib burda yerləşirlər. Bizdə bu proses az qala faciəyə çevrilir. Uşaq necə olacaq, necə qalacaq? Bakıda, gərək arabir gedib uşağa baş çəkim, yemək gətirim  arıqlamısan və s.bu kimi fikirlər. Mən Amerikada oxuyanda kampusda qalırdım və bunların heç birini görmədim. Düşünürəm ki, məncə biz o istiqamətdə getsək, heç də pis olmaz. Çünki bu azad düşüncəli və özünə güvənən insanları yaradır.



- On beş, iyirmi il əvvələ qayıtsaq, görərik ki, gənclər üçün “Təlim”,  “Kouçinq”  kimi terminlər yad idi. Amma bu gün bu sözlər az qala həyatımızın “olmazsa olmaz”ı halına gəlib.
Sizcə bunun səbəbi nədir ?


- Azərbaycan cəmiyyəti bütün sektorlarda inkişaf edir və bu inkişaf nəyi tələb edir? – Ağıllı, bilikli insan resursunu. Təəssüf ki, bizdə bu sahədə qıtlıq yaşanır. Bu o demək deyil ki, hər yerdə var, bir bizdə çatışmır. Yox, hər bir ölkədə olduğu kimi, bizdə də püxtələşmiş mütəxəssis kadrlar  qıtlığı var. Təlimlər nəyə lazımdır? – təlimlər çox vaxt artıq müəyyən peşəyə sahiblənmiş, işləyən kadrları əlavə olaraq dayanmadan inkişaf etdirmək üçün bir proqramdır. Bu təlimlər texniki, qeyri-texniki, fərdi bacarıqları inkişaf etdirən və s. təlimlər ola bilər. Bütün bunlar istər hökumətin, istər QHT-nin, istərsə də biznesin fəaliyyətini daha da effektiv etmək üçün lazımdır.


- Arzuladığınız təhsil sistemini  görmək və özünə güvənən kadrlar yetişdirmək üçün heç  ali məktəbdə dərs demək kimi bir istəyiniz olubmu?


- Əslində, bəli. Amma mən rəsmi müəllim olmasam da, bir çox ali  məktəblərdə mühazirə deyirəm. BDU, ADA, ADU, BANM vaxtaşırı məni dəvət edir. Və mən həmin universitetlərdə qonaq lektor kimi tam mühazirə tipli deyil, interaktiv məşğələlər keçirəm. Ali təhsil müəssisələriylə münasibətim var, dəvətlər çoxdur, lakin təəssüf ki, vaxtım yoxdur. Çünki mən BP-də tam ştatlı işçiyəm, vəzifədəyəm, eyni zamanda təlimçiyəm, xaricə təlimlərə gedirəm. Bunun üzərinə mənim ailəmi qoyun, ailəliyəm, 2 övladım var. Bütün bunların müqabilində  əlavə dərs də götürmək düşünürəm ki, effektiv olmayacaq və mən istədiyim nəticəni ala bilməyəcəyəm.


-
Hər bir zəfərin arxasında gözlə görünməsə də, yalnız sahibinin hiss edib yaşadığı çətinliklər olur. Bir az da yaşadığınız çətinliklərdən danışın...


- Çətinliklər... yaxşı sualdır. Əlbəttə, çətinliklər hər bir işdə var. Uğur çətinliksiz ola bilməz. Götürək sizin dilinizlə desək, mənim uğurlarımı. Mən xarici bir şirkətdə vəzifədəyəm və bu bir çox azərbaycanlı gənc üçün uğurdur. Bu asanmı başa gəlib? Yox, əlbəttə. Mən söhbətimizin əvvəlində də dedim ki, yaxşı oxumağı, hamıdan üstün olmağı qarşıma məqsəd qoymuşdum. Təbii ki, təkəbbürlü mənada yox. Əgər oxumalı əlavə bir kitab da vardısa, mən mütləq o kitabı da oxuyurdum. Bir də mən erkən yaşımdan özümdə “Yox!” demək bacarığını inkişaf elətdirmişəm. Bu haqda hətta “Yox demək, nə deməkdir?” adlı məqaləm də var. Uğur qazanmaq üçün siz mütləq müəyyən işlərə, müəyyən insanlara “Yox!” deməyi bacarmalısınız. Uşaq olanda uşaqlar çöldə futbol oynayırdı, amma mən gedib uşaqlara qoşulmurdum. Çünki mən bilirdim ki , mənim dərslərim var və oxumalıyam. Bu intizam məndə uşaqlıqdan olub və valideynlərim tərəfindən də bir az da inkişaf  etdirilib.



- Təzəliklə Qazaxıstanın Astana şəhərində  “Kazaxtelekom” şirkətində təlimlər verdiniz. Bu səfərinizin təəssüratlarını bizimlə də bölüşərdiniz...


- Qazaxıstana ilk səfərim idi. Astana Bakıdan çox fərqlidir,  sanki Dubayı xatırladır. Bakı qədim tarixə malik şəhərdir, amma  Astana gənc şəhərdir. İnsanları çox gülərüz, qonaqpərvərdir, bizdən fərqli cəhətləri odur ki, sözü birbaşa üzə deyən insanlardır. Mən çox şad oldum ki, orda bir azərbaycanlı kimi beynəlxalq səviyyəli təlim keçə bildim. Çünki onların bir qismi ilk dəfə azərbaycanlı təlimçiyə rast gəlirdi. Hətta təlimin sonunda bir xanim mənə yaxınlaşaraq dedi ki, “siz mənim gördüyüm ilk azərbaycanlısınız və mən bundan sonra azərbaycanlılar haqda düşüncələrimi sizin üzərinizdən quracağam”.
Bilirsiniz, bu təəssürat çox xoş və eyni zamanda da məsuliyyətli bir hissdir. “Kazaxtelekom”  Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir. Mən orada şirkətin rəhbəri və idarə heyəti üçün 4 günlük təlim proqramı keçdim. Daha sonra Qazaxıstanın azad sahibkarlar assosiasiyası olan “Ataməkan”da təlimlər keçdim. Bundan əlavə, mən bu səfərin nəticəsi olaraq Qazaxıstanla bağlı iki böyük layihə üzərində işləyəcəm. Birinci layihə Qazaxıstanın biznesmenlərini Bakıya dəvət edib, burada təlimlər keçmək, ikinci layihə isə Qazaxıstanın böyük tədqiqat mərkəzinin rəhbəri, dostum Rəsul Canbayevlə “Liderliyin inkişafi” təlim proqramını hazırlamaq.


- Niyə “Özünə güvən” yox, məhz “Sözünə güvən”?  Sözümüzə güvənmək özgüvənimizdən öncəmi gəlməlidir?

- Siz görünür ki, mənim kitabımın adını deyirsiniz. Əslində, kitabın adının belə  tərəfli olması qəsdən edilib. Orada fikir versəniz görərsiniz, “S” hərfi başqa rəngdədir. Bu da ona görədir ki , mən həm özünə, həm də sözünə güvənməyi vacib sayıram. Hesab edirəm ki, yaxşı natiqi digərlərindən ilk növbədə fərqləndirən cəhət odur ki, deməyə sözü, veriləsi məsləhəti var. Sözünə güvən odur ki, yaxşı natiq  öz işinin peşəkarıdır, o elə bir məlumata malikdir ki, bunu  insanlarla paylaşmaq istəyir və nə deyəcəyini bilir. Özünə güvən isə o deməkdir ki, rahat ol, qoy ayağın büdrəməsin, qoy səsin titrəməsin. Unutmayın ki, birinci məzmundursa, ikinci formadır. Birinci nə deyəcəyəm, ikinci necə deyəcəyəm.

- “Özgüvən” çox olduqda “Ego”ya  çevrilmə təhlükəsi varmı ?


- Var əlbəttə. Ümumiyyətlə, hər bir natiq nitqə başlayanda öz egosu ilə mübarizəyə girir. Sanki, öz-özünə sual verir – mən vacibəm , yoxsa auditoriya? Əgər o mübarizədə ego qalib gəlirsə, natiq deyir ki, mən vacibəm. Bunun mənfi cəhəti odur ki , insan öz söhbətini monoloqa, nə qədər maraqlı danışsan da müəyyən vaxtdan sonra auditoriya sönür. O insan ki, egosuyla mübarizədə deyir ki, mən yox, auditoriya vacibdir, o insan avtomatik monoloqdan keçir dialoqa. Və bununla da auditoriyanı ələ alır, onların ürəyinə yol tapır. Düşünürəm ki , yaxşı natiq həmişə belə edir.

- Sonda gənclərə demək istədikləriniz.

- Əslində məncə mən gənclərə çox şey dedim, amma yenə də fikirlərimi ümumiləşdirib demək istədiklərim:


- Heç vaxt ruhdan düşməyin. Bilirəm ki, çətindir, çətinliklər çoxdur, amma israrlı, iddialı olun. Yıxıldınızsa, qalxın. Çünki qalxmayan insanın uğur şansı sıfırdır, amma qalxan insanın ən azı şansı var.


-Həyata baxış bucağınızı həmişə geniş saxlayın. Həyatda nəyəsə nail olmaq üçün yalnız bir yol yoxdur, iki, üç bəlkə də beş yol var...


-Heç vaxt heç bir zəhmətdən utanmayın. Əsas odur ki, bu halal zəhmət olsun. İnsana oğurluq, soyğunçuluq yaraşmaz. Amma halal yolla pul qazanmaq nə olursa olsun, qəbahət deyil. Bu stereotipləri başınızdan atın. Əksinə, gənc yaşda zəhmətə alışan insan həyatdan daha çox öyrənəcək, nəinki  oturub stol arxasında tələbəlik illərini yalnız mühazirə zalında keçirən insan. Bu artıq mənim şəxsi, subyektiv fikrimdir.


P.S. Yeri gəlmişkən, Rəşad Bayramovu müəllifi olduğu "Sözünə güvən"  kitabının BDU-da dərslik statusu qazanması münasibətilə təbrik edir və daha böyük uğurlara imza atmasını arzu edirik.


Dünya Muradova

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu