Modern.az

“Azərbaycanlılarla anlaşmaq asandır” - İslam Oyunlarına gələn turstlərin TƏƏSSÜRATLARI - VİDEO

“Azərbaycanlılarla anlaşmaq asandır” - İslam Oyunlarına gələn turstlərin TƏƏSSÜRATLARI - VİDEO

11 May 2017, 13:15

Sabah "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının açılışı olacaq. Azərbaycan 10 gün ərzində keçiriləcək oyunlarda 57 ölkəni təmsil edən 6 mindən çox idmançı ilə yanaşı, minlərlə rəsmi nümayəndəni, o cümlədən qonaqları qəbul edir.


Bu oyunlar həm də bir fürsətdir. Azərbaycanın zəngin mədəni irsini, mətbəx nümunələrini, xalq tətbiqi sənətini əks etdirən yarmarkalar, Bakı şəhərində və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olunur.

Modern.az saytının əməkdaşları Azərbaycanla tanış olmaq imkanı qazanan turistlərin təəssüratlarını öyrənib.

İlk müsahibimiz qonşu Rusiyadandır. Özünü Andrey kimi təqdim edən rusiyalı turist Azərbaycana ilk dəfə gəldiyini bildirir:

“Artıq 3 gündür buradayam. Sabah qayıdacam. İstirahət etmək üçün buranı seçdim. Bakı maraqlı və gözəl şəhərdir. İnsanları dostcanlı, suyuşirindir. Yeməkləriniz çox dadlıdır. Fikrimcə, qiymətlər də münasibdir. Rusiyada çoxlu müxtəlif restoranlar var. Oradakı qiymətlər burdakılara nisbətən daha bahadır”.


Növbəti həmsöhbətimiz qardaş Türkiyədən gəlmiş Rəmziyə və Fatma bacılarıdır. Öyrəndik ki, Fatma xanım artıq 3-cü dəfədir bizim ölkəyə səyahət edir. Rəmziyənin isə Azərbaycana ilk gəlişidir:

“Biz Ankaradan gəlmişik. Bakı memarlıq baxımından çox möhtəşəmdir. Müşahidə etdiyimiz qədər Bakının mərkəzi Sahil, İçərişəhərdir. Biz də bu yerlərlə yanaşı, Atəşgahı da ziyarət etdik. Bildiyiniz kimi, türk mətbəxi çox  çeşidlidir. Ancaq sizin mətbəx də ondan geri qalmır. Burada əsasən kabab çeşidlərini bəyənirik. Qutab da xoşumuza gəldi. Hansı ki, bu qida bizdə çiy börək adlanır. Bir də Azərbaycanda qidalar təbii formada yetişir. Bu da bizi qane edir. Gəlmədən öncə otellərlə bağlı internetdən axtarış etdik və gördük ki, qiymətlər bahadır. Türkiyədə olan otellər qiymət baxımından daha münasibdir. Hazırda qohumlarımız bizi qonaq edir”.

Digər müsahibimiz isə indoneziyalı oldu. Sisi adlı xanım işlə bağlı 8 aydır Azərbaycanda olduğunu deyir:

“Bakı qədim arxitekturaya malik şəhərdir. İnsanlar çox xeyirxahdır. Sadəcə, burada tək məyus olduğum məsələ ingilis dilində bilik səviyyəsinin aşağı olmasıdır. Bizim ölkə ilə müqayisədə ingilis dilində danışanlara burada az təsadüf edirik. Bu baxımdan bəzi məqamlarda çətinlik çəkirik. Mən əsasən Asiya mətbəxini sevdiyim üçün milli yeməkləriniz barədə o qədər də məlumatlı deyiləm”.

 

Səudiyyə Ərəbistandan olan Faiz ilk dəfədir ki, Azərbaycana səyahət etdiyini bildirir:

“Daha öncə dostlarım mənə Bakı haqqında bəhs edib. 4 günlük istirahət üçün gəlmişəm. Gözəl şəhərdir. Otellər ucuz və təmizdir, sadəcə qidaların çeşidləri azdır. Yəni Rusiya mətbəxi daha geniş yayılıb. Ərəb mətbəxi azlıq təşkil edir. Yaxşı olar ki, ərəb mətbəxinə daha geniş yer verilsin. Burada əsasən yumurta ilə hazırlanan yemək çeşidlərini sevdim. Bəzi restoranlarda qiymətlər baha, bəzilərində isə normaldır”.

 

Fransalı turist öncələr Bakı haqqında heç vaxt eşitmədiyini etiraf edir: “Daha öncə bu şəhər haqqında duymamışam. Bakı ilə ilk dəfə tanış oluram. Lakin gəldikdən sonra buranı çox xoşladım. 3-4 gündür Bakıdayam. İnsanlar olduqca mehriban və ünsiyyətcildir. Bu baxımdan onlarla danışmaq asandır. Milli mətbəxiniz barəsində onu deyə bilərəm ki, çeşidləriniz yetəri qədər zəngindir. Digər olduğum ölkələrin mətbəxindən daha dadlıdır. Burada olduğum restoranların bir çoxu standartlara cavab verir”.

Bu məqamda İçərişəhərin küçələrində Türkiyədən olan macərapərəst bir cütlüklə qarşılaşır və fürsəti dəyərləndiririk.

Gürol Şahan və xanımı Zulya artıq iki gündür ki, paytaxtımıza gəliblər:

“Biz iki gündür buradayıq. İstanbuldan motosikllə gəldik. Bir qədər Gəncədə dincimizi aldıqdan sonra Bakının yolunu tutduq. Bu şəkildə səyahət etməyi xoşlayırıq. Mən ikinci dəfədir ki, Bakıya gəlirəm. İlk gəlişimlə bunun arasında çox fərq var. Yeni binalar, komplekslər, xüsusilə iri idman kompleksləri diqqətimi cəlb etdi. İnsanlar çox yardımsevərdir. Köməyə ehtiyac olduqda dərhal qayğı göstərirlər. Həmçinin istiqanlıdır, eynən Türkiyədə olduğu kimi. Mətbəxiniz bizə yaxındır. Bu baxımdan  kabab çeşidlərini bəyəndik. Mənim peşəm turizmlə bağlı olduğundan bir-iki cümlə də bu barədə deyim. Biz hazırda 4 ulduzlu oteldə qalırıq. Göstərilən xidmət müvafiq standartlara cavab verir. Orta Asiya ilə müqayisədə qiymətləri münasib hesab etmək olar”.

 

Qazaxıstandan ölkəmizə qonaq gələn Aliyə 2 gündə şəhəri kəşf etdiyini qeyd edir:

“Bakının mənzərəsi çox xoşdur. İnsanları çox mehriban və qonaqpərvərdir. Daim kömək əlini uzadırlar. Mətbəxinizlə bağlı fikir bildirmək mənim üçün çətindir. Çünki yeməklərlə o qədər də aram yoxdur. Hazırda hosteldə qalıram. Qiymətləri uyğun hesab edirəm”.

Yolumuza davam edərkən Ərəbistan yarımadasının cənub-şərqində yerləşən Oman Sultanlığından olan qonaqlarımıza da təsadüf etdik:

“Mənim adım Əhməddir. Oman Sultanlığından gəlmişəm. Bu mənim Azərbaycana ilk səfərimdir. Dostlarımın tövsiyəsi ilə istirahət üçün buranı seçdim. 2 gündür buradayam. Mən bundan öncə Tiflisdə olmuşam. Sizin ölkənin Gürcüstanla bənzərliyi çoxdur. Başqa səyahət etdiyim ölkələr də var. Müqayisə etdikdə o qənaətə gəlmək olar ki, azərbaycanlılarla anlaşmaq daha asandır. Mətbəxiniz olduqca ləzizdir. Bizim sultanlığın mətbəxi ilə oxşar cəhətləri var. Qiymətləri isə qənaətbəxş hesab etmək olar”.


Məcid ƏMİROV

Tərlan Yusif

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?