Modern.az

“Xainlər, satqınlar hər zaman olub - hadisəyə soyuqqanlı yanaşmaq lazımdır” - Bir daha son günlərin ən səs-küylü OLAYI haqda

“Xainlər, satqınlar hər zaman olub - hadisəyə soyuqqanlı yanaşmaq lazımdır” - Bir daha son günlərin ən səs-küylü OLAYI haqda

11 May 2017, 17:27

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı təxribat fəaliyyətinin qarşısı alınıb.

Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirilir ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və  mülki şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib. Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər...

Hadisə ilə bağlı rəsmi açıqlama sosial şəbəkələrdə və cəmiyyətdə geniş müzakirələrə  səbəb olub. Bəziləri satqınların adlarının tezliklə açıqlanmasını tələb edir, onlara hətta güllələnmə istəyir, digərləri səbrli olmağı, istintaqın yekunlarını gözləməyi məsləhət görür...

Ermənilərə işləyən məxfi şəbəkənin ifşası haqda məlumatın müharibə şəraitində olduğumuzdan açıqlanmasını zərərli sayanlar da az deyil. Sonuncular düşünürlər ki, məlumatın açıqlanması Azərbaycan Ordusuna inam və güvənci zədələyə bilər...
 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Modern.az-a deyib ki, müharibə şəraitində yaşayan ölkə olaraq orduda bu halların müşahidə olunması normaldır:

“Orduda xainlər də, satqınlar da ola bilər. Bunu dramatikləşdirməyə ehtiyac yoxdur. İstisna deyil ki, Ermənistan ordusunda da Azərbaycan üçün işləyən xəfiyyələr var. Bizim də onlardan kəşfiyyat məlumatları əldə etməyimiz istisna deyil. Onların öz xəfiyyələrini bizim ərazimizdə yerləşdirmələri və bundan istifadə etmələrini şişirtməyə ehtiyac görmürəm. Sadəcə biz tərəfdən tədbirlər görülməlidir ki, bu hal bir daha təkrarlanmasın”.

E.Şahinoğlu şəbəkənin ifşa olunmasını Azərbaycan əks-kəşfiyyatının uğuru sayır:

“Bu, Azərbaycan əks-kəşfiyyatının uğurudur ki, bu şəbəkəni yaxalaya bilib. Amma bir daha vurğulamaq istəyirəm ki, müharibədir və məsələni dramatikləşdirməyə ehtiyac belə, görmürəm. Əsas odur ki, bu şəbəkə ifşa olunub. Bundan sonrakı mərhələdə şəbəkənin əlaqələri araşdırılmalıdır. Bu şəbəkə ilə əlbir olan, onlara informasiya ötürənlər də müəyyənləşməlidir. Təbii ki, bu istintaq qrupunun işidir. Elə bir iş aparılmalıdır ki, bu hal bir daha təkrarlanmasın”.

 


E.Şahinoğlu deyir ki, bu kimi hallar Azərbaycan ordusunun imicinə zərbə vura bilməz:

“Mən düşünmürəm ki, bu cür hallar bizim niyyətlərimizə, torpaqlarımızı azad etmək planlarımıza, ordumuzun qüdrətinə ciddi bir maneə yaratsın. Əlbəttə, cəbhə bölgələrinə yaxın yerlərdə Ermənistana işləyən xainlər olubsa, onlar layiqli cəza almalıdırlar. Həyata keçirilməsi planlaşdırılan hücum əməliyyatlarından çox az adamın xəbəri olur. Ona görə də “Aprel döyüşləri”ndə bu cür xəfiyyələrin bizə zərər vurduğunu düşünmürəm.

Sadəcə, sayın 40-ın üzərində olması bir az narahatlıq doğurur. Belə çıxır ki, Ermənistan kəşfiyyatı həm ordumuz, həm də vətəndaşlarımız arasında çox güclü işləyib. Müharibə şəraitində belə halların olması anormal deyil. Anormal o olardı ki, həmin xəfiyyələr işlərini davam etdirib, öz çirkin niyyətlərinə nail olardılar. Sadəcə, bu əlaqələrin hara gedib çıxdığı aşkarlanmalı və məhkəmə keçirilməlidir.


Qeyd edim ki, 20 illik atəşkəs dövründə cəbhə bölgəsində bu cür xəfiyyələrə rast gəlinib. Təkcə Ermənistana yox, Azərbaycana rəqib gözü ilə baxan ölkələrə də işləyənlər olub. Ermənistanın özündə Azərbaycana işləməsi iddia olunan şəxslər tutulub. Hətta xarici işlər sistemində bir şöbənin rəhbəri də həbs olunmuşdu. Ona görə hadisələrə soyuqqanlı yanaşmaq lazımdır”.

 

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir