Modern.az

Beynəlxalq Bankın sağlamlaşdırılması əmanətlər üzrə əməliyyatlara şamil edilməyəcək

Beynəlxalq Bankın sağlamlaşdırılması əmanətlər üzrə əməliyyatlara şamil edilməyəcək

İqtisadiyyat

11 May 2017, 21:46

Prezident İlham Əliyevin Azərbaycan Beynəlxalq Bankının (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli fərmanı icra olunur. Bunun çərçivəsində ABB sağlamlaşdırılmanın növbəti mərhələsinə başlandığını elan edib.

 

Bu haqda Modern.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildirilib.

 

Bu mərhələdə bankın balansında qalmış problemli aktivlərin dövlətə ötürülməsinin tamamlanması, öhdəliklərin restrukturizasiyası və törəmə bankların fəaliyyəti ilə bağlı strategiyanın müəyyən edilməsi nəzərdə tutulur.

 

Bankın restrukturizasiya planı qanunvericiliyə müvafiq qaydada MBNP ilə razılaşdırılıb. Və MBNP ölkənin ən iri bankı olan ABB-nin maliyyə vəziyyətinin sabitləşdirilməsi və onun dayanıqlığının təmin edilməsi baxımından bu planı məqbul hesab edir.

 

MBNP vurğulayır ki, restrukturizasiya planı yalnız bankın xarici kreditorları və dövlət qarşısındakı müəyyən öhdəliklərini əhatə edir. Və Azərbaycan Beynəlxalq Bankının bütün digər öhdəlikləri, o cümlədən Azərbaycan vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatlarına şamil edilmir. Bu öhdəliklərin icrası üçün bank yetərli həcmdə sərbəst maliyyə vəsaitlərinə malikdir.

 

Nəzarət orqanı olaraq MBNP planın ardıcıl qaydada icrası və bankın müştərilərinin maraqlarının təmin edilməsini diqqət mərkəzində saxlayacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər