Modern.az

Niyazinin şəxsi fotoqrafı, Medvedevin azərbaycanlı dostu: “Zeynəb Xanlarovanın şəklini özünə 1000 rubla satmaq istədim” - MÜSAHİBƏ

Niyazinin şəxsi fotoqrafı, Medvedevin azərbaycanlı dostu: “Zeynəb Xanlarovanın şəklini özünə 1000 rubla satmaq istədim” - MÜSAHİBƏ

Müsahibə

12 May 2017, 10:34

Peşəkar fotorəssam Tahir Cəfərov 1948-ci il fevralın 15-də  Bakıda anadan olub. Tahir müəllimin foto sahəsinə yönəlməsində caz musiqisinin özünəməxsus rolu var desək, yanılmarıq. 12 yaşında olarkən təsadüfən məşhur caz sənətçisi Yuli Armstronqun musiqisini duyur və heyran qalır. Bir müddət sonra dahi cazmenin şəkillərini əldə etmək istəyi Tahir müəllimin fotoya ilk marağı olub. Daha sonra  o vaxtki Yuri Qaqarin adına pionerlər evində "Foto" dərnəyinə yazılır. Beləliklə gələcəyin peşəkar fotoqrafı bu sənətə doğru ilk addımını atır.


50 ildir fotorəssamlıq sənəti ilə məşğul olan qocaman sənətkarın  Modern.az-a müsahibəsini təqdim edirik.

- Fotorəssam Tahir Cəfərov! Həm fotoqraf, həm də rəssam. Bunlardan hansı sizə daha yaxındır?

- 1965-ci ildə kinostudiyada işləməyə başladım. “Gün keçdi” filminin reklamına görə mənə “rəssam-fotoqraf” adı verildi. Bu təltifə görə maaşımdan əlavə olaraq o vaxt 450 rubl alırdım. Daha sonra psixolji mövzuda çəkdiyim şəkillərlə bağlı Moskvada “qran-pri” mükafatı aldım.Orada işləyərkən Rusiya, Moldova, Riqa, o vaxtki Çexslovakiya kino jurnallarına Azərbaycan filmləri haqqında çoxlu şəkil göndərirdim və qonorar alırdım. Bundan əlavə, tanınmış skripka ifaçısı maestro Niyazinin şəxsi fotoqrafı işləmişəm. Qeyd edim ki, Niyazinin yanı mənim üçün incəsənətə açılan bir qapı idi. Çünki  Niyazi bəylə görüşmək üçün dünyanın müxtəlif ölkələrindən sayılıb-seçilən insanlar gəlirdi. Bu baxımdan sənətçinin fotoqrafı olduğum 5 il müddətində çox təcrübə qazanmışam.

- Fotoqraflığa gəlişinizi necə xatırlayırsınız? Bu sahədə ilk müəlliminiz kim olub?


- İlk müəllimim milliyətcə erməni olub. Mən ona minnətdar olmaya bilmərəm. Hər şeydən əvvəl bu, bir müəllimə haqsızlıq etmək olardı. Lakin bir müddət sonra dərnəkdə olan iki qrup arasında ayrı-seçkilik saldığını gördüm. Belə ki o, rus bölməsinə diqqət və qayğını əsirgəmir, bizə isə ötəri yanaşırdı. Bu barədə öz etirazımı bildirdim və pionerlər evində fəaliyyət göstərən başqa bir müəllimə müraciət etdim. O isə cavabında öz kolleqası ilə üz-göz olmamaq üçün təklifimi qəbul etmədi. Lakin başqa bir müəllimi məsləhət gördü. Həmin müəllimin ikinci mərtəbə olduğunu dedi. Mən yuxarı mərtəbəyə çıxdım. Burada xeyli kitab var idi. Xidmətçilərdən birinə yaxınlaşdım, həmin müəllimi soruşdum. O isə əvəzində mənə foto sahəsi ilə bağlı kitablar olan rəfi göstərdi. Həə, bax onda anladım ki, hər kitab bir müəllimdir.

 

- Hansı mətbu orqanlarda çalışmışınız?

- Mən bir çox yerdə işləmişəm. Bunlardan  "Azərbaycan pioneri", "Azərbaycan gəncləri", "Vışka", “İnternet ekspress” , “Son Söz” qəzetlərini sadalaya bilərəm. Eyni zamanda Moskvanın qəzet və jurnallarında da çalışmışam. "Zdorovye", "Sovetskaya kultura", "Sovetskiy ekran". "Sovetskoye foto", "Novıy film" kimi mətbu orqanlarında fəaliyyətim olub.

- Peşəkar fəaliyyətinizdə ilk əsəriniz hansıdır?

- İlk vaxtlar əsərlərimi etüd adı ilə işləyirdim. Foto sahəsində etüd, kiçik əsərə deyilir. Məsələn mən bir fincanın şəklini olduğu kimi, ya da fərqli rakurslarda çəksəm, bu etüd əsəri hesab olunacaq. İlk peşəkar əsərim isə ağac şəkli olub.

- Dünya fotoqraflarından kimləri bəyənirsiz?

- Dünya fotoqraflarından Reza Diqqəti və Tomas Qoldzu bəyənirəm. Yeri gəlmişkən, Tomas Qoldzla bağlı əhəmiyətli bir hadisəni danışım. Deməli, Qarabağ uğrunda döyüşlər gedən vaxt Tomas Qoldz Moskvadan dəvət alır. Amerikalı fotoqrafa bu döyüşlərdə bir neçə kadr çəkmək təklif olunur. Goldz təklifi qəbul edir və təyyarə ilə müəyyən olunmuş yerə gəlir. Burada ətrafına yığılan insanların danışdığı dili anlamasa da, onların erməni millətindən olduğunu sezir. Daha sonra ermənilərdən biri Qoldza yaxınlaşıb deyir:

- Sabah Xocalı şəhərində  erməni qırğını törədiləcək. Sizdən xahişimiz odur ki, bu  zaman onların şəklini çəkəsiniz.

Qoldz təəcüblü şəkildə bildirir ki, “axı mən də insanam, müharibə zamanı məni də öldürə bilərlər”.

Erməni cavabında deyir:

- Biz bilirik sizi Moskva dəvət edib. Onu da bilirik ki, sizin başınızdan bir tük əskik olsa, onlar bizi cəzasız qoymaz. Buna görə də arxayın ola bilərsiniz. Biz sizi qoruyacağıq.

Çətin vəziyyətdə qalan amerikalı jurnalist, təkliflə razılaşır.

Döyüşlər başlamazdan bir az əvvəl o həqiqəti bilir. Belə ki döyüşə gedərkən həmin erməni Tomasa deyir:

- Sizə xırda bir məlumatı çatdırmağı unutduq. Ancaq bu barədə heç kim bilməməlidir. Burada azərbaycanlılar erməniləri yox, ermənilər azərbaycanlıları öldürəcək. Bu baxımdan həyati təhlükənizin olmadığına əmin ola bilərsiniz. Döyüşdə bir dənə də azərbaycanlı sağ çıxmayacaq. Bəs siz bilirsinizmi,bu barədə məqalənizdə necə yazacaqsınız?

Tomas Qoldz:

- Bəli, bilirəm. Nə görürəmsə, onu da yazacam.

Erməni daşnak:

- Xeyr! Siz yazacaqsınız ki, azərbaycanlılar erməniləri qırır.

Amerikaya  qayıtdıqdan sonra, hadisələrin canlı şahidi olan fotojurnalist özünün dediyi kimi, gördüyünü yazır. Həqiqətləri olduğu kimi insanlara çatdırır. Hətta sonralar bu genosidə dair kitab dərc etdirir.

Müsahibimiz Tahir Cəfərov onu da deyir ki, Thomas Goldzun həyat yoldaşı azərbaycanlıdır.

Tahir Cəfərov həmin hadisələr zamanı fasiləsiz fəaliyyət göstərən fotoqraflardan olub və 300-dən çox fotoşəkil çəkib. Bu hadisələri danışan vaxt müsahibimizin bir qədər kövrəldiyini müşahidə edib mövzunu dəyişmək qərarına gəldik.
 

- Tahir müəllim, məlumdur ki, siz saysız-hesabsız tədbirlərdə, konfranslarda olmusunuz. Yəqin ki, tanınmış siyasətçi, idmançı, yaxud başqa sahədə olan insanlarla bağlı xatirələriniz var...

- Əlbəttə. Özü də nə qədər istəsən (gülür). Maestro Niyazini yəqin tanıyırsınız. Mən onun şəxsi fotoqrafı işləmişəm. Qeyd edim ki, onunla işləmək mənim üçün incəsənətə açılan bir qapı idi. Çünki Niyazi bəylə görüşmək üçün dünyanın müxtəlif ölkələrindən sayılıb-seçilən insanlar gəlirdi. Bu baxımdan sənətçinin fotoqrafı olduğum 5 il müddətində çox təcrübə qazanmışam.
Bundan əlavə, Zeynəb Xanlarova ilə bağlı bir xatirəm var. Mənim bir dostum var. O vaxtlar Leninqradda fotaqraf idi. Biz onunla tez-tez yazışırdıq. Sonralar siyasətçi oldu. Özü də çox böyük siyasətçi oldu. Onun qapısını açmaq mümkün deyildi. Kim olsa yaxşıdır?! Dimitri Medvedev! Bəli, Medvedev siyasətə qoşulmazdan öncə fotoqraf sənəti ilə məşğul olub. Bu belə...
İndi sizə başqa bir xatirəmi danışım. O vaxtlar Zeynəb Xanlarovanın bir şəklini çəkmişdim. Zeynəb xanım həmin şəkli görmək istədiyini dedi. Şəkli gördü və çox bəyəndi. Həqiqətən də şəkil çox gözəl, qeyri-adi formada çıxmışdı. Məndən soruşdu ki, bu şəkil üçün nə qədər pul vermək lazımdır. “1000 rubl” dedim. O isə qiyməti bəyənmədi və təklifimi rədd etdi. Bir neçə il sonra peşman olsa da, necə deyərlər, sonrakı peşmançılıq fayda verməz! Şəkli ona satmadım. Sərgilərimin birində həmin şəklə yer verdim və insanlar tərəfindən çox maraqla qarşılandı.

 

 

- Tahir müəllim, sərgi demişkən, gəlin bu barədə bir az danışaq. Neçə dəfə sərgi keçirmisiniz?


- 25 dəfə sərgim olub. Bunlardan 24-ü Xocalı mövzusundadır. Necə ola bilər ki, bir sərgidə 6 nəfərin ürəyi getsin?! Qoy deyim. Sumqayıtda Xocalı sərgisi zamanı bir qadın üzünü turşudub dedi ki, o nə şəkildir elə? (Sonra bildim ki, həmin qadının ailəsində 18 şəhid olub) . Dedim sən o şəklə diqqətlə bax. Bəlkə yaxınlarını gördün. Qadın şəklə baxdıqdan sonra ürəyi getdi. Ayılandan sonra məlum oldu ki, şəkildəki şəhidlərdən biri ailəsindən imiş. Və beləcə eyni hadisə 5 nəfərlə də baş verdi. Sonra Sumqayıtın icra başçısı məndən xahiş elədi ki, o şəkli sərgidən çıxarım.

Digər bir sərgim isə bədii fotoqrafiya ilə bağlı olub.
 

- Az öncə sizinlə dünya fotoqraflarından danışdıq. Bəs bizim fotoqraflardan necə, bəyəndiyiniz varmı ?

- Bizim fotoqraflardan Vüqar İbadov, Yaşar Xəlilovu bəyənirəm. Bununla yanaşı, Fərid Xayrullini də qeyd edə bilərəm.

- Müasir fotoqrafiya ilə bağlı düşüncələriniz, bu sənətin inkişafına dair tövsiyələriniz nələrdir?

- Mənə elə gəlir ki, böyük bir məktəb açmaq lazımdır. Bizdə belə  bir məktəb yoxdur. Bizdə Fotoqraflar Birliyi var. Mən də onun üzvüyəm, amma ora getmirəm.

- Niyə?

- Çünki ora uşaq-muşaqlar yığılıb. Öncələr başqa adam rəhbərlik edirdi. Onda bütün ağsaqqallar da orda olurdu. Sənin kimi cavan uşaqlar bizdən öyrənirdi. İndi isə cavanlar gəlir. Di gəl ki soruşmağa, öyrənməyə ağsaqqal yoxdu orda. Bəs nə üçün? Onlar məni dəvət eləmirlər. Ona görə ki, mən ora getsəm onların nə qədər gizli işləri var açacam. Çünki ürəyimdə saxlaya bilmirəm. Görürəm axı düzgün etmirlər.

- Bu gün yolunuzu davam etdirən tələbələriniz varmı?

- Bəli. Hətta o vaxt belə bir elan da vermişdim ki, kim ali fotoqrafiyanı öyrənmək istəyirsə müraciət edə bilər. Xeyli müraciətlər oldu və öz evimdə 3 aylıq kurslarla bu sənəti tədris elədim. Mən dərsimdə jurnalistikaya da yer verirdim. Fotojurnalistikanın qanunlarını çox gözəl bilirəm. Çünki onun dərsini Nəsir İmanquliyevdən almışam. Bilirsiz yəqin, Nəsir İmanquliyev birinci xanım Mehriban Əliyevanın babasıdır. Çox böyük professor idi. O bizi düzgün tərbiyə edirdi.

- Bəs hazırda necə, dərs verirsinizmi?

- Xeyr. Çünki indi tələb yoxdur. Maraq da azdır.

- Bu günlərdə Bakı bayram ab- havasındadır. Paytaxtımız mötəbər İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Yəqin ki, bu yarışları lentə köçürəcəksiniz. Təklif və tövsiyələrinzii eşitmək istərdik...

 

- Çox mühüm bir məsələni yadıma saldınız. Minnətdaram. Mənim çoxdankı şikayətim cib telefonları ilə bağlıdır. Peşəkar olmayan insanlar bu kimi tədbirlərdə hərə bir tərəfdən telefonu əlinə alır, başlayır çəkməyə. Ancaq bilmir ki, bu zaman o bizə, xüsusən də operatorlara maneə yaradır. Ancaq bildiyimə görə İslam oyunlarında mediaya ingilislər nəzarət edəcək. Düşünürəm ki, belə problemlərlə üzləşməyəcəyik.

 

 

Məcid ƏMİROV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir