Modern.az

Məhsul bol, qiymət baha - satan da narazı, alan da... - Bazardan REPORTAJ

Məhsul bol, qiymət baha - satan da narazı, alan da... - Bazardan REPORTAJ

12 May 2017, 11:54

Havalar istiləşdikcə bir-birindən ləziz və dadlı meyvə- tərəvəzlər yetişir və ilboyu istifadə olunan məhsullar yenisiylə əvəzlənir.  Bazara yeni məhsullar gəlsə də, bəzən qiymətinə görə onlar əlçatmaz olur. Mövsümün meyvələri arasında isə üstünlüyü hələ ki alça və çiyələk təşkil edir. 

Modern.az-ın əməkdaşı “Yaşıl Bazar”a gedərək, bazarda ümumi vəziyyət və üzü yaya doğru qiymətlərin durumu barədə satıcılarla söhbətləşib.

Satdığı məhsulları Qubadan gətirən Gülbəsti xala qiymətlərin əvvəlki illərə nisbətən bahalaşdığını söyləyib:  

“1 manat 40 qəpiyə aldığımız  məhsulu 1.50 manata  satırıq. Alça təzə yetişir deyə, bahadır. Alçanı 4 manata almışam 5 manata satıram. Kök isə Tovuzdan gətirilib. Kökü 1 manata alıram,  1.30-a satıram. Gül kələmi isə 1 manatdır”.

Rayona məhsul gətirmək  üçün iki dəfə getdiyini  deyən satıcı bayramlarda qiymət artımının olduğunu, bunun səbəbini isə bilmədiyini söyləyir.

Buradan ayrılıb başlıyırıq qiymətləri müşahidə etməyə. Mövsüm meyvələrindən çiyələk və alçanın qiyməti Gülbəsti xalanın dediyi kimi, “od tutub yanır”.  Alçanın qiyməti  4 manatdır.  Çiyələyi isə  2 - 2.50 manata satırlar. Cəlilabadın “türk sortu” olan çiyələyin qiyməti isə 5 manatadır.
   

Məhsullarını əsasən Gədəbəydən gətirən satıcılardan biri əsas problemin qıtlıq olduğunu deyir:

“Köhnə kartof qurtarır, yenisi çıxır deyə, bir az qıtlıqdır. Həm də yeni məhsullar hələ ki istixana məhsuludur. Aldığımız kartofun da qiyməti yerində baha olduğu üçün müəyyən çətinliklərlə üzləşirik. Gədəbəy kartofunu 1.50 və 1.20 manat, Şəmkir kartofunu isə 1.60-1.80 manata satırıq.


Müsahibimiz qışla müqayisədə hazırki məhsulların qiymətində 20-30 qəpik fərq olduğunu deyir. Alıcıların isə əsasən qiymətdən şikayətlənməsi barədə danışarkən o, gələn ayın axrına qədər  ucuzlaşma ehtimalının olduğunu söyləyir.

Növbəti həmsöhbətimiz isə çiyələk satışı ilə məşğul olur. Satdığı məhsulu Cəlilabaddan gətirən satıcı da qıtlığın olduğunu deyir:

“Çiyələyin qiyməti keçən illə müqayisədə 30-40 qəpik dəyişib.  Bu il soyuqla əlaqədar olaraq çiyələk gec yetişib. Keçən il 20 gün əvvəl yetişmişdi, bu il 1 ay gec yetişib. Çiyələk  təzə yetişir deyə, qiymətlər bahadır,  yay fəslinə doğru qiymətlərdə enmə olacaq. Yəqin ki, Ramazan bayramına qədər qiymət normallaşacaq”.

 O, bazarda müştəri sayının azalmasından, alverin zəif  olmasından şikayətləndi.

Məhsulu Ağdaş və Bərdə rayonlarından gətirən başqa bir satıcı isə tam olmasa da, istədikləri satışın baş tutduğunu söyləyir:

“Qiymətlər normaldı, pis deyil. Kələmdən tutmuş gül kələmə qədər bir çox məhsul satırıq. Hələ ki elə bir çətinliyimiz yoxdur.  Gül kələmi 60-80 qəpik, kök 1-1.20  manat arası qiymətlərədir.  Xiyarın qiyməti isə 1 manatdır. Tənək yarpağı hələ təzə yetişir deyə bahadır. Tənək yarpağı 2-2.50 manat arasında dəyişir. Qırmızı kələm isə 2 manatdır”.
 

10 ilə yaxındır bazarda alma satışı ilə məşğul olan satıcılardan biri isə müştəri sayının normal olduğunu və onların daim alış-verişdən razı qaldıqlarını deyir:


“Almanı Qubadan gətiririk. Mayın 20-nə kimi payız almasının sezonu bitir, iyulun 10-dan sonra isə bazara yay almaları gəlir. Onların sezonu avqusta qədər olur. Qiymətləri stabil olur, çox da baha olmur. Ən çox satılan payız almaları isə cırhacı, simerenka, fuje, palmetdir”.

“Çiyələyin dadından şikayətlənirlər”

“Çiyələyi Cəlilabaddan  2.50-yə alırıq, 3.00 manata satırıq. Çiyələyin sezonu sentyabra qədər davam edir. Göycəni isə Göyçaydan gətiririk. Keçən il alçanın qiyməti 6-7 manat arası idi, bu il ucuzlaşıb” - bu sözləri mövsümün əsas meyvələrinin bir satıcısı söylədi.

 Müsahibimiz qeyd edir ki, hər hansı bir çətinliklə üzləşməsələr də, alıcılar əsasən çiyələyin dadından şikayətlənirlər:

“Mən 2-3 gündür ki, bura gəlmişəm, elə bir şikayət olmasa da, alıcılar çiyələyin dadından narazıdırlar. Deyirlər ki, 2-3 il qabaq çiyələk başqa cür dadırdı,  indi isə su kimi dadır”.


Göyərti satışıyla məşğul olan başqa bir satıcının sözlərinə görə, qiymətlərdən şikayət yoxdur.  Göyərtilər əsasən Bakı, Gəncə, Şəmkir, Bərdə rayonlarından gətirilir. Ən çox satılan göyərtilər isə tərxun, soğan, keşniş, şüyüddür.

Göy-göyərti satan digər satıcının sözlərinə görə isə vəziyyət ürəkaçan deyil:

“Alıcılar malların ucuz olmasını istəyir. Vəziyyət keçən ilki ilə eynidir, hətta mənfiyə doğru irəliləmə var, camaat məhsul almır. Bəlkə də böyük marketlər var deyə, oradan alış-veriş edirlər”.

O qeyd edir ki, əsas qarşılaşdığı çətinlik satışın zəifləməsidir:

“Göyərtinin 7 dəstəsi 1 manatdır. Ayrılıqda  isə 15 qəpiyə satılır. Ən çox satılan göyərtilər isə keşniş, şüyüd və soğandır. Göyərtiləri əsasən Bakı və Gəncədən alıram. Hər aldığım məhsulun qiymətini cəmi 1-2 qəpik artıraraq 12 qəpiyə aldığımızı 13 qəpiyə satırıq. Bayram günlərində isə qiymətlər artırılır. Məcburən biz də  16-17 qəpiyə alırıq, 20 qəpiyə satırıq. Ümumilikdə isə gündəlik alverimiz fərqli olur. Bir gün 20, o bri gün isə 70 manatlıq satış  olur”.

Digər bəzi müsahibimiz yerpulunun bahalığından və alıcıların azlığından şikayətləndilər:

 
“Qiymətlər ucuzdur, yerpulu isı baha. Alan da yoxdur. Yumurtanı  11 qəpiyə alıb 12 qəpiyə satıram.    

Ərəblər gələndə satış daha yaxşı olur. Onlar əsasən, sumaq, kəkotu və yumurta alır”.

 

Bazarda quru meyvələrin qiymətilə də maraqlanırıq. Şabalıd 10 manata, alma qaxı 5 manata, badam 7 manata satılırdı. Satıcılar yay aylarında şabaladın qiymətinin qalxmasını Ramazan  bayramı ilə deyil, fəsillə bağlı olduğunu dedilər.


Nəcəf Ruslanoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq