Modern.az

Azərbaycanla Ermənistan arasında atəşkəsi dəstəkləyən hüquqi sənəd yoxdur

Azərbaycanla Ermənistan arasında atəşkəsi dəstəkləyən hüquqi sənəd yoxdur

12 May 2017, 14:55

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 23 il ötüb. Məlum olduğu kimi,  "Bişkek protokolu" 1994-cü ilin 12 mayında imzalanıb.

Lakin sənədin imzalanması ilə bağlı hələ də fərqli iddialar mövcuddur.

Vaxtilə Azərbaycan prezidentinin köməkçisi işləmiş Eldar Namazov Modern.az saytına açıqlamasında deyib ki, nəinki “Bişkek protokolu”, ümumiyyətlə bu gün atəşkəsi təsdiq edən hər hansı hüquqi sənəd yoxdur:

“Hər il “Bişkek protokolu” adlanan sənəd ətrafında erməni və ermənipərəst rus diplomatları tərəfindən böyük kampaniya aparılır. Kampaniyanın məğzi odur ki, guya, atəşkəs rejimi 1994-cü ildə imzalanan “Bişkek protokolu” əsasında yaranıb. Lakin bu sənəd  Azərbaycana qarşı qurulmuş diplomatik tələ idi. O dövrdə erməni ordusu  Rusiyanın dəstəyi ilə  Tərtər və Bərdə istiqamətində əməliyyatlar keçirirdilər. Eyni zamanda rus diplomatları ermənilərin Gəncəyə kimi gəlməsi ilə bizi şantaj etdi və qarşımıza iki şərt qoydu. Birincisi, rus qoşunlarının Azərbaycanda sülhməramlı qüvvələr kimi yerləşdirilməsi. İkincisi isə “Bişkek protokolu”nu üç bərabər hüquqlu tərəfin imzalaması.  Bu tərəflər Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ idi. Guya ki, Dağlıq Qarabağ da Azərbaycan kimi müstəqil dövlət qurumudur. Təbii ki, Azərbaycan tərəfi hər iki şərti qəbul etmədi və beynəlxalq sənədə imza atmaq fikrində deyildi. Azərbaycan tərəfi “Bişkek protokolu”nun qüvvəyə minməsinə razılıq vermədi.

Həmin üçtərəfli sazişin bağlanmasında  Afiyəddin Cəlilov da  iştirak edirdi və  o, imza atmaqdan imtina etdi. Bundan  bir neçə gün sonra Rəsul Quliyev sazişin imzası üçün iki şərt qoydu: Birinci şərt o idi ki, sənəddə Dağlıq Qarabağın Azərbaycan İcmasının da imzası olmalıdır. Bu şərti qəbul edirlərsə, o zaman Rəsul Quliyevin imzası qüvvəyə minərdi. İkinci şərt mətndə dəyişiklik edilməsi idi.

Erməni və rus tərəfi də Rəsul Quliyevin şərtlərini qəbul etmədi. Buna görə də o sənəd qüvvəyə minmədi. İndi o sənədi üçtərəfli saziş kimi təqdim etmək ermənilərin və rusların məqsədyönlü təbliğatıdır. Onlar sazişə Azərbaycan və Dağlıq Qarabağın ayrıca imza atdığını  və ikisinin də bərabərhüquqlu dövlət olduğunu sübut etməyə çalışır”.


E.Namazovun sözlərinə görə, “Bişkek protokolu” qüvvəyə minmədiyi üçün Azərbaycan və Ermənistan tərəfi atəşkəsi teleqramlar vasitəsilə təmin edib. Bunlar da beynəlxalq hüquqi sənəd deyil. Bu, sadəcə ermənilərin məqsədinə xidmət edən sənəddir:

“Aprel döyüşlərindən sonra da  faktiki olaraq atəşkəs haqqında razılıq oldu. Ancaq nəzərə almaq lazımdır ki, o da şifahi razılıqdır. Hazırda atəşkəs rejimini dəstəkləyən hansısa hüquqi sənəd yoxdur. Bişkek protokoluna istinad etmək düzgün deyil. Atəşkəs yalnız siyasi iradə əsasında davam edir. Bunu beynəlxalq ictimaiyyət də, diplomatlar da bilməlidir”.

 

Günay RƏSULQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...