Modern.az

600 milyon dollarını keçmiş arvadına verən milyarderin qardaşı oğlu: “Çoxları elə bilir ki...”  

600 milyon dollarını keçmiş arvadına verən milyarderin qardaşı oğlu: “Çoxları elə bilir ki...”   

12 May 2017, 17:11

London məhkəməsinin “Qafqaz əsilli” milyarderin keçmiş arvadının iddiası əsasında çıxardığı qərar Böyük Britaniya KİV-lərinə ötürüləndən sonra digər xarici KİV-lər də olaya maraq göstəriblər.

Həmin qərara əsasən, məhkəmə milyarderin 1.3 milyard dollarlıq sərvətinin təxminən yarısının-450 milyon funt sterlinqin onun keçmiş arvadına boşanma təzminatı kimi verilməsini rəsmiləşdirib.

 

BBC-nin məlumatına görə, məhkəmə tərəflərin adlarının açıqlanmasına qadağa qoyub, lakin Rusiya KİV-ləri çox keçmədən həmin milyarderin Federasiya Şurasının keçmiş üzvü, məşhur azərbaycanlı milyarder Fərhad Əhmədov olduğu barədə yazıblar.

 

Qeyd edilir ki, London məhkəməsinin Fərhad Əhmədovun keçmiş arvadı Tatyana Əhmədovaya rekord məbləğdə - 450 milyon funt (600 milyon dollara yaxın) boşanma təzminatı verilməsinə dair qərarı məxfi şəkildə çıxarılıb.

 

Məhkəmə habelə qərara alıb ki, Fərhad Əhmədov indi keçmiş arvadına Londonda dəyəri 40 milyon funt olan ikinci evi də verməlidir. Üstəlik Fransanın Riveyra şəhərində daşınmaz əmlakın alınması üçün keçmiş arvadına 28 milyon funt ödəməlidir. Əlavə olaraq isə biznesmen keçmiş arvadına ömrünün sonuna qədər ildə 5 milyon funt ödəməlidir.

 

Məsələ ilə bağlı Modern.az saytı Fərhad Əhmədovun qardaşı oğlu Teymur Əhmədovla  əlaqə saxlayıb. T.Əhmədov əmisinin boşanma məsələsinin çoxdan olduğunu bildirib.

 

“Fərhad Əhmədov 17 il bundan əvvəl boşanıb. Həmin vaxt məhkəməni də Fərhad Əhmədov udub. Lakin keçmiş həyat yoldaşı Tatyana Əhmədova bu günlərdə növbəti məhkəməni udub. Daha doğrusu, İngiltərə məhkəməsi boşanma məsələsi ilə bağlı qərar çıxarıb. Görünür, keçmiş həyat yoldaşı yeni pullar əldə etmək istəyir. Ona görə də bu məsələ ictimailəşib. Fərhad Əhmədov keçmiş həyat yoldaşına lazım olan bütün köməkliyi edib. Onların 2 oğlu var. Övladlarının anasıdır. Nə köməklik lazımdırsa edilib. Fərhad Əhmədovun uşaqları və keçmiş həyat yoldaşı İngiltərə vətəndaşlarıdır. Fərhad Əhmədov isə Rusiya vətəndaşıdır. Ona görə də Fərhad Əhmədov o qədər məbləği ödəməyə də bilər”.

 

Tatyana Əhmədovanın Fərhad Əhmədova xəyanət etdiyi barədəki iddialara gəlincə, Teymur Əhmədov  bunun şəxsi məsələ olduğunu deyib.

 

“Bununla bağlı bütün xəbər saytları ard-arda informasiyalar yazır. Bu barədə nəsə deyə bilmərəm. Çünki bu, şəxsi məsələdir. Bir çoxları elə bilir ki, Fərhad Əhmədovun keçmiş həyat yoldaşı rus olduğundan övladlarında Azərbaycan ruhu yoxdur. Bu, yanlış yanaşmadır. Fərhad Əhmədovun oğlanları dəfələrlə Azərbaycanda olub. Əsl azərbaycanlı kimi tərbiyə alıblar”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər