Modern.az

Aşıqlar Birliyinin sədri HİDDƏTLƏNDİ: “Kişi qalstukda, qadın cins şalvarda saz çalır”

Aşıqlar Birliyinin sədri HİDDƏTLƏNDİ: “Kişi qalstukda, qadın cins şalvarda saz çalır”

12 May 2017, 18:05

Məhərəm Qasımlı: “Üzdəniraq “müsabiqələr”lə necə mübarizə aparaq, bilmirəm”

Modern.az Azərbaycan Aşıqlar Birliyinin sədri, folklorşünas alim, professor Məhərrəm Qasımlı ilə müsahibəni təqdim edir.

Müsahibəyə başlamazdan əvvəl Aşıqlar Birliyinin yeni çapdan çıxardığı kitabını Məhərrəm müəllimə təqdim edirlər. Söhbətə də elə oradan başlayır:

 

-Ayağınız sayalı oldu. Elə indicə bizim Aşıqlar Birliyinin layihəsi olan “Günümüzün ustad aşıqları” silsiləsindən çap olunan yeddinci kitab masama gəldi. 9 kitab nəzərdə tutmuşuq, yaya qədər digər ikisini də tamamlayacağıq. Hazırda əlimdə olan kitab Əməkdar Mədəniyyət işçisi Aşıq Yanvar Bədəlov haqqındadır.

Birliyin bundan başqa layihələri də var. Mən sədr təyin olunandan sonra əvvəlki sədrlər, mərhum Xalq şairləri Hüseyn Arif və Zəlimxan Yaqubun qoyduğu istiqaməti davam etdirmək, bir folklorşünas kimi öz düşüncələrimi də bu xəttə əlavə etmək istədim. Bir neçə istiqamətdə işə başladıq. Birincisi, qocaman aşıq sənətkarlarımızı mütəmadi olaraq yoluxur, onların problemləri ilə maraqlanırıq. Məsələn, hazırda ən qocaman aşığımız Qobustanda yaşayan Aşıq Xanmusadı, 97 yaşı var. Şəxsən mən özüm tez-tez ona baş çəkirəm, problemlərindən xəbər tuturam. Elə bu silsilədən ona həsr etdiyimiz kitabı görəndə sevincinin həddi-hüdudu yox idi.  Mahmud Məmmədov, İsfəndiyar Rüstəmov  kimi qocaman aşıqlarımız da bu qəbildəndir. Birlik tez-tez onlarda baş çəkir.

Bu gün aşıq sənətinin ağırlığını öz çiyinlərində daşıyan sənətkarlar əsasən, 35-65 yaş arasında olanlardı. Biz mütəmadi olaraq, həmin aşıqları da unutmamağa çalışırq.  Məsələn, Ürfan Əli dediyimiz Aşıq Əli Quliyev sənətin yükünü çəkən aşıqlardandır. Belə aşıqlar haqqında televiziya proqramları hazırlanmalı, yaradıcılıq gecələri keçirilməlidir. Bu sıraya Əhliman Şirvanlı, Abbas Musaxanoğlu, Ağamurad Şirvanlı, Kəlbəcərdən Əhliman Kəlbəcərli, Laçından Aşıq Umbay, Aşıq Cabbar, həmçinin, onların çevrəsində olan aşıqları da əlavə etməliyik. Bunlar daim diqqətdə olmalıdılar. Əli Tapdıqoğlu, Samirə Əliyeva, Ramin Qarayev, Aşıq Zülfiyyə, Aşıq Elbrus kimi gənclər də hazırda sənət üçün çox dəyərli işlər görürlər. Ədalər Dəlidağlı, Nemət Qasımlı yüksək ifaçılıq məharəti ilə seçilirlər. Göyçəli Fətullanın davamçıları olan  Bəhmən Göyçəli, Rəfiqə Göyçəlini də unutmamalıyıq.

Tədbirlərimizin bütün ağırlığı onların üzərinə düşür. Amma onlar da estafeti özlərindən sonra gələcək gənc nəslə  təhvil verməlidirlər. Bunun üçün gəncləri də unutmuruq. Təşəbbüsümlə gənclərdən ibarət “Misri”,  “Çeşmə”, “Laçın” kimi folklor, saz qruplarını yaratdıq. Bu qruplar ənənəvi ifa ilə yanaşı, Qərb musiqisi ilə sazın sintezini həyata keçirməyə can atır. Buna şəxsən özüm də imkan yaradıram. Araz adlı istedadlı bir cazmen var. O, bizim birliyin üzvləri olan gənc aşıqlarla- Əli Tapdıqoğlu, Samirə Əliyeva, Elvin Mehmanlı ilə cazla sazın sintezindən yaranan yeni musiqi ifa etdi. Aşıq Əli Dədə Qorqudun “Hanı dediyim bəy ərənlər, dünya mənim deyənlər” sözləri ilə başlayan kəlamlarını sazda ifa etdi, o, isə cazda buna əlavə rəng qatdı. Sizə deyim ki, ortaya çox gözəl, orijinal iş qoya bildilər. Hələ hədəflərimiz çoxdur. Gələcəkdə sazla rokun da bizgə ifasını yaratmağı düşünürük.

 

-Aşıqlıq sənətində nəzəriyyənin tədrisi, peşəkar nəzəri və praktiki məsələlərin öyrənilməsinə bu gün nə dərəcədə ehtiyac var? 

-Bizi narahat edən məsələlərdən biri də elə budur. Bu gənc aşıqların sazın mahiyyətini bilməsi  üçün müəyyən bölgələrdə tədris ocaqları , mərkəzləri yaranmalıdır.Birlik də bunun üçün çalışır. Orada sazın düzgün səsləndirilməsi, not sisteminin öyrədilməsindən tutmuş, nəzəri məsələlərin aşılanmasına da xüsusi yer ayıracağıq. Çünki bu gün bizim müasir aşıq sənətində ustad-şagird münasibətləri zəifləyib. Gənc aşıqlar demək olar, ustad yanına getmir. Səsyazma üsulu ilə 3-5 aşıq havası öyrənir və bununla da özünü hazır sayır. Amma ustad yanına mütləq gedilməlidir. Hərdən birliyə üzv seçilmək istəyən gənc aşıqlara sual verirəm ki, aşıqlığın qapısı haradır, bacası hara? Qalıb gözünü döyür, bir cavab vermir. Halbuki, ustad yanına getsə idi, o başa salacaqdı ki, aşıqlığın qapısı müxəmməs, bacası divanidir. Elə gənc olur, deyir, mən yaxşı saz çala bilirəm. Deyirəm, yaxşı, ustad əl hansıdı? Gözlərini döyür. Amma o bilməli idi ki, sağ əl ustad əldi, çünki pərdələrin üstündə gəzir, o ustaddır, nizamlayır. Sol əl isə şagirddir. O simlərə vurur, icra edir.  Bu cür məsələlərin təşkil edəcəyimiz tədris ocaqlarında öyrədilməsi çox vacibdir. Həmçinin, oxuduğu sözlərdən, sazın mahiyyətindən xəbərsizlik də ustadsızlıqdan yaranır.

Ən böyük problemlərdən biri də saz ifaçılarının notu bilməməyidir. Harmoniya ilə bağlı bəzi məsələlər var ki, onlar pozulur. Ritmdən çıxırlar, harmoniyanı gözləyə bilmirlər. Not sistemi bilsələr, qulaqları hər şeyi duyacaq.

 

-Aşıqlıq sənəti, saz həm də irfani sistemdir. Təsəvvüfdən gələn rəmzlər sazı dilləndirməlidir. Sizcə, indiki aşıqlar bunun- ali missiyanın  fərqindədirlər?

-Bəli, saz sənəti irfani sistemdir. Bəzən, gənc bir aşıqdan soruşuram ki, haradan gəlib, hara gedirsən? Deyir, məsələn, Qazaxdan gəlmişəm, Aşıqlar Birliyinə gedəcəm. Səhv cavabdı. Aşıq belə cavab verməz. O deməli idi ki, “kandan gəlib məkana gedirəm”. Bu cavabı verirsə, deməli, aşıqlıq elminə bələddir. “Kan”  vəhdəti-vücud məsələsidir. Yəni, İlahi aləmdən qopan,  yenidən ora gedir. Amma siz gənc aşığın cavabına baxın. Təsəvvüf simvolikasını, sənəti bilməmək budur. “Əlif qəddim “dal”  yazıldı” sözləri başdan-başa  təsəvvüfdü. Vücudun Tanrı qarşısında ibadət şəklidir. Bunların hamısı ibtidai şəkildə də olsa, öyrənilməlidir.  Aşıqlığı irfani elm şəklində bilmədən bu sənəti dərk etmək olmaz. Bu zaman heç sənətə hörmət eləmək də mümkün deyil. Sənətə hörmət etməyənlər də o adamları ki, onlar ancaq telləri dınqıldatmaqdan başqa heç nə bilmir, kor-koranə ifa edirlər. Əgər mahiyyəti bilsə, aşıqlığın Haqqa bağlılığını duysa sazla akrobatik hərəkət etməz. Aşıq bunu o vaxt edir ki, o artıq nadan bir adamdı, dünyagörüşü yox səviyyəsindədir. Ona görə də sazı qoltuğunun da, ayaqlarının da arasından keçirir. Bir də görürsən ki, turnikdən sallanıb başı üstündən saz çalır. Belə ifa edən aşıq  bilməlidir ki, saz İlahi aləmlə bağlıdır, onun yeri ancaq aşığın köksü ola bilər. Burada da rəmzilik var. Sazı heç vaxt küncə qoymazlar. Saz divarda xalçanın üstündən asılmalıdır. Bütün bu naqisliklər onların nadanlığından irəli gəlir.

-Belə aşıqlar üçün nə kimi tövsiyyədə bulunursunuz?

-Orta və yaşlı nəsil aşıqlarında problem yoxdu. Onlar bu sənəti şoulaşdırmırlar. Gənc aşıqlarda buna meyillilik var ki, biz tərəfdən də dəfələrlə onlara bildirilib. Aşıq Ələsgərin;-

“Aşıq olub tərki-vətən olanın,

Əzəl başdan pür -kamalı gərəkdir.

Oturub durmaqda ədəbin bilə,

 mərifət elmində dolu gərəkdir” -

sözləri bütün aşıqlar üçün yol göstəricisi olmalıdır. Aşıqlıq dərin elmdir, irfani xətdi. O sənəti təmsil edənlər də bu məsuliyyəti hiss etməlidirlər. Aşığın geyimi səliqəli olmalı, ifası, çıxışı ilə uyuşmalıdı. Ən böyük problem, bütün bunların yaranmasının əsas  səbəbi mütaliəsizlikdir. Aşıqlar dərin irfan elmini-saz sənətininin mahiyyətindən xəbərdar olmaq üçün çox kitab oxumalıdırlar. Bu mənada onların mütaliəsi azdır. Doğrudur, çox oxuyan, mütaliəsi geniş olan aşıqlarımız da var. Məsələn, ustad Aşıq Ədalət Nəsibovun evində bəlkə, minlərlə kitab var. Haradan da deyirsən, cavabını verir. Ədalət Dəlidağlı da onun kimi... Tonlarla ktab oxuyub. Ona görə də danışıqları səlis, gözəl, ifaları da mükəmməldir. Çünki sənətin mahiyyətindən xəbərdardılar. Aşıq var ki “Şikəstə” çala-çala oynayır.  “Dilqəmi”ni çalır, yanına da ritm aləti də qoyur. “Dilqəmi” ifası zamanı ritm aləti olmaz.

Allah can sağlığı versin, 97 yaşlı Aşıq Xanmusa Qurbanidən elə sözlər deyir ki, onların açımı üçün gərək, Quranı əzbər biləsən. Hamısı irfani rəmzlər... Soruşanda ki, filan misradakı məna nədir, başladı, nə başladı. Elə şeylərdən danışdı ki... Təəssüf , aşıqların hamısı elə deyil.

Ramin Qarayev adlı gənc aşığımız var. Moskvada səfirliyin xətti iə konsert verdi. Məni də dəvət etmişdilər. Getdim və gördüm ki, həqiqətən,  bu gənc aşıqlığın sirlərinə vaqif olmaq yolunu tutub. Divanidən başlayıb təcnisə keçir. Sonra dastanı öz üsul-qaydası ilə ifa edir. Bu elmin nəzəriyyəsinə də vaqifdir. Bu cür nümunələr çoxdur. Biz də birlik olaraq bunun uğrunda çalışırıq.

-Bu gün aşıqlıq sənətinin nüfuzuna mənfi təsir edən amillər hansılardı? Sovet quruluşu kifayət qədər bu sənəti nüfuzdan salmağa çalışdı. Bəs indiki durum sizi nə dərəcədə qane edir?

-Biz bu tərəfdən başlayırıq, o tərəfdən hansısa kanal əgər adına müsabiqə demək mümkündürsə, üzdəniraq yarışma keçirir. “Lider” TV-də “Köklə sazı” adlı üzdəniraq bir yarışma var. Südəmər uşaqları çağırıb “müsabiqə” keçirirlər. Özü də dünyanın heç yerində elə şey yoxdu: müsabiqə bitən kimi, bir həftədən sonra yenisinə başlayırlar. Mənə yüzlərlə irad məktubu gəlir. Bilmirəm, nə cavab yazım. Bir dəfə Milli Teleradio Şurasına bununla bağlı məktubla müraciət də etmişəm. Deyiblər ki, “bu yaradıcılıq məsələsidir, telekanalın öz səlahiyyətindədir. Biz yaradıcılıq məsələlərinə qarışa bilmərik”. Amma dərk etmirlər ki, bu yaradıcılıq işi yox, milli-mənəvi dəyərlərə vurulan zərbədir. Onsuz da sazın daşı ağırdı. Onu sevməvəyənlər, saza ikrahla baxanlar az deyil. Belə vəziyyətdə sazı çıxarıb gözdən salmaq nə deməkdir?! Sazla biznes qurmaq olar? Allahdan qorxmurlar? Sazın üzərində İlahi aləmin nəzəri var. İlahi aləm tərəfindən də o adamlar cəzalandırılacaq. Mən buradan hazırlaşıram ki, ciddi bir iş görüm, o yandan da ara televiziyalardan biri yenidən bədnam müsabiqə keçirir. Bəzən, onlarda olan biabırçılqları sizin saytlar da yazıb. Guya birinci yeri on min manata verirlər, filan... Bütün bunların qabağında aşıq sənətinin nüfuzunu  qorumaq üçün nə cür canfəşanlıq edək?!  Dövlət istəyir ki, aşıq sənətinin nüfuzu qorunsun, bizi də bura ondan ötrü oturdub. Aşıq sənəti Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sayəsində UNESCO-nun siyahısına düşüb. Dəfələrlə ciddi aşıq festivalları keçirilib. Amma bunlarla bərabər, bu işə kölgə salan hadisələr də olur. Nə etsən də, qarşısını almaq mümkün deyil. Biri sazın götürüb idbar işlə məşğul olur, itə saz çalır, sənəti təhqir edir. Aşıqlar Birliyinin də elə bir səlahiyyəti yoxdur ki, həmin şəxslərə ciddi cəza versin. Bu işlərdə ictimai qınaqdan o tərəfə getmək olmur. Biz ancaq ictimai qınaqda fəal iştirak edə bilərək.

Siz bilirsizmi ki, ustad aşıqlardan - Ələsgərdən tutmuş Mikayıl Azaflıya qədər-hamısı məhrumiyyətlərə, aclığa dözürdülər, amma yenə sazı aşağılayan yerlərə getmirdirlər. Ucuz məclislərə ayaq basmırdılar. Qaçaq - quldur səviyyəsində məclislər də olub ki, pul qazanmaq üçün əlverişli yer sayılıb, böyük ustad aşıqları da ora çağırıblar. Amma getməyiblər. Burada ancaq aşığın öz vicdanı aparıcı rol oynamalıdır. Adam var mənə deyib ki, sizin tədbirinizə də gələcəyəm, bayaq dediyim üzdəniraq “saz –söz məclisi”nə də gedəcəm. Aşıqlara dəfələrlə demişəm ki, o məclislərə gedib, sənəti aşağılamaq olmaz. Deyirəm, elə şey ola bilməz, əgər bura gəlirsənsə, ora getməməlisən. Ora gedən də bura gəlməməlidir.

-Yuxarıda da aşıqların geyim tərzinə toxundunuz. Aşıqların vahid forması haqqında danışaq. Aşıq üçün sovet dövründə məşhurlaşan və gözümüzün öyrəşdiyi formada ifa etmək mütləqdirmi?

-Aşıqların geydiyi vahid formanın sovet hökuməti ilə heç bir əlaqəsi yoxdu. Dədə-babadan elə geyiniblər: uzunboğaz çəkmə, enli şalvar, kəmər, hündür buxara papaq, bir sözlə, hərbi formanı xatırladan geyim tərzi. Bu tərz lap qədimdən-Səfəvilər zamanından qalıb. Səfəvilər vaxtındakı ordu geyimi olub. Aşıqlar da ordunun içərisində olub, döyüşdən sonra da həmin formanı çıxarmayıblar. Beləliklə, həm Şah İsmayıla həm də dövlətə sadiqliyini bununla göstəriblər.

-Bəzi mənbələrdə Stalinin şərəfinə o cür geyindikləri deyilir...

-Yanlışdır. Aşıq Ələsgər Stalinmi görmüşdü? Onun da bir neçə qoşmasında geyimindən söz açılır. Özünə çəkmə tikdirmək istəyir, amma ona ucuzundan hazırlayırlar. Koroğlu dastanına diqqətlə baxsanız, orada da Koroğlunun xüsusi aşıq geyimində paşa məclisinə çıxdığını görərsiz. Deməli, ta qədimdən bizim aşıqları fərqləndirən xüsusi geyim tərzi olub. Bunun da müəyyən səbəbləri var. Şəxsən həmin gördüyümüz ənənəvi forma-hərbi geyimə bənzər aşıq geyimi bizə o qədər də uyğun deyil. O geyimdəki uzun çəkməni ona görə geyərdilər ki, o zaman aşıq 6-8 saat dayanmadan ayaq üstə dastan deyərdi, söz söylərdi. Çəkmə ayağını şişməkdən qoruyardı. Həmçinin, bu müddətdə başı da tərlədiyi üçün ona hündür aşıq papağı lazım idi. O papaq başı yayda sərin, qışda isti saxlayır. Beyin damarlarını genəlib-sıxılmadan qoruyur. Əks halda aşığın başı ağrıya, əhvalı korlana bilərdi. Şalvarın da öz funksiyası olub. Qədimdə aşıqlar daha çox atla bir yerdən başıqa yerə gedərmişlər. Ona görə də at belində rahat olmaq üçün onlara o cür şalvar uyğun imiş.

-Bəs müasir dövr aşıqları üçün hər hansı geyim forması təklif etmisiniz?

 

-Bizim Aşqlar Birliyi yeni aşıq geyimlərinin modelini hazırlayıb. Mən son vaxtlar aşıqları tədbirlərə, televiziyaya o forma ilə çıxarıram. Demək, papaqdan başlayaq: yeni geyim tərzindəki papaqlar nə ənənəvi aşıq papağı kimi çox böyük, nə də xanəndə papağı kimi çox alçaqdan deyil, orta səviyyəli olmalıdır.  Yaxalı düyməli, boynu örtülü və bədənə kip oturan köynək geyim tərzinin əsas atributudur. Həmin köynəyin üstündən milli adətlərimizin göstəricisi olan çuxa  geyilməlidir. Çuxanın üstündən köynəyi kip saxlamaq üçün kəmərdən də istifadə etmək olar. Şalvar və ayaqqabı isə adi qara qara şalvar və ayaqqabılar olacaq.  Bir də görürsən ki, aşıq toya qalstukla gəlir. Qalstukla da saz çalmaq olar?! Bu sazın milli koloritini azaldır. Aşıq hər zaman papaqla çıxış etməlidir.

-Bəs aşıq qadınlarda forma məsələsi haqqında nə düşünürsünüz? Televiziyada fərqli-fərqli geyimlərlə saz ifa edirlər...

-Qadın aşıqlarda isə ənənəvi milli geyim elə ən yaxşı seçimdir. Həmin geyim sazla da yaxşı tutuşur. Biz qadınlardan ibarət “Çeşmə” saz qrupu üçün yeddi dəst milli geyim tikdirmişik. İstər qadın olsun, istərsə də kişi ifaçının geyimi onun sənəti ilə uyuşmalıdır. Bir də görürsən ki, saz ifaşısı olan qadın cins şalvarda oturub ifa edir. Bu nəinki qadına, heç kişiyə də yaraşmaz.

-Məhərrəm müəllim, ümumiyyətlə, aşıq sənətində yaradıcı qadın aşıqlarların yoxluğu barəsində danışırlar. Bu barədə fikirləriniz necədir?

-Bu işi araşdıranlardan biri də mən olmuşam. Azərbaycan aşıq sənəti tarixində sazla deyişən, yaradıcı qadın aşıqlar çox olub. Məsələn, Abdal-Gülablıdan Aşıq Valehin evləndiyi Zərnigar Dərbəndli aşıq olub. Onlar toyda bir həftə deyişirlər. Axırda Aşıq Valeh qalib gəlir. Zərnigar deyir ki, “demişdim, məni kim bağlasa, ona ərə gedəcəm”. Beləcə, evlənirlər. Uşaqları da məşhur aşıqlar olur. Hər ikisinin məzarı Gülablı qəbiristanlığındadı. “Valeh və Zərnigar” dastanı da onların şərəfinə yazılıb. Diləfruz adlı digər dərbəndi qadın aşığı da deyə bilərik.

Maralyanlı Aşıq Pəri, SSRİ Yazıçılar ittifaqının üzvü olan Aşıq Nabat Cavadova, Aşıq Sona və s.. bu siyahını çox uzada bilərik. Yadıma gəlir, mən uşaq olanda  Aşıq Əskinaz adlı bir qadın kişilər kimi çəkmə geyər, zil səslə oxuyardı.  

 

-Kişi ifaçılara “Aşıq”, “Dədə” deyə müraciət edilib. Bəs, qadınlara bu adla müraciət olunubmu?

-Xeyr. Tarixən elə qadınlara da “aşıq filankəs” deyə müraciət edilib. Qadın olduğu üçün aşıq heç bir fərqli adla çağırılmayıb.

-Amma tutaq ki, Aşıq Pəri, yaxud, Aşıq Nabata “El anası” deyə müraciət edilsə, necə olar?

 

“Aşıq el anasıdır” ifadəsi var. Amma bu zamanda da kişi aşıqları –Aşıq Ələsgərə, Aşıq Abbasa “el atası” deyə müraciət edilib.


Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...