Modern.az

“Dövlət və Din” yeni sayında nədən yazıb?

“Dövlət və Din” yeni sayında nədən yazıb?

25 Aprel 2011, 12:50

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun bu il ikinci nömrəsi çapdan çıxıb.

DQİDK-nin mətbuat xidmətindən Modern.az saytına məlumatında bildirib ki, Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ilə açılan jurnalın “rəsmi guşə”sində ölkə Prezidentinin Novruz bayramı münasibətilə xalqımıza təbriki dərc olunub. Bu rubrika daxilində həmçinin Prezident İlham Əliyevin Gəncədə “İmamzadə” dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olması və Xocalı faciəsi qurbanlarının xatirəsinin anma mərasimində iştirakı geniş işıqlandırılıb.

Toplunun “Azərbaycan gerçəkliyi” bölməsində Sakit Hüseynovun “Heydər Əliyev İslam dini haqqında”, Fəxrəddin Səfərlinin “Naxçıvanın orta əsr təhsil mərkəzləri-mədrəslər”, Musa Quluzadənin “Müasir Azərbaycan cəmiyyətində milli adət-ənənələr”, Səbuhi İbrahimovun “Orta əsr əlyazma mətnlərində Naxçıvan mədəniyyətlərinə dair” məqalələri yer alıb. Ənənəvi “Cəmiyyət və din” rubrikasında da oxunaqlı məqalələr nəşr olunub. Burada “Mənəvi həyatımız və din”, “Mötədilliyin sosial mahiyyəti”, “İdarəetmə sistemlərində dövlət və din münasibətləri”, “Hilmi Ziya Dantenin İslam dininə münasibəti haqqında”, “Məzhəblərarası yaxınlaşma kontekstində fikir plüralizmi və müxtəliflik”, “Din xadimlərinin münasibətləri” və rusca “Reliqioznıy sinkretizm v evolyusionnom prosesse reliqii” məqalələri işıq üzü görüb.

“İslam həqiqətləri” bölməsinə daxil edilən professor Rüstəm İbrahimovun “Qurani-Kərimdə “tale” anlayışı və onun elmi təsəvvürlərlə uzlaşması” adlı məqaləsi diqqəti cəlb edib. Müasir tibb elmindəki nailiyyətlərlə Quran ayələrindəki qənaətlərin bir-birini təsdiqləməsi fonunda insan taleyi və onun elmi-nəzəri  təsəvvürlərlə uzlaşması mürəkkəb mövzunun populyar formada izahı kimi də maraqlıdı. Oxucular bu rubrikada, həmçinin dinlərin birliyi, mütaşabehlik anlayışı, İslamda yoxsulluğa qarşı mübarizə metodları, ağıl və eşq mövzularına həsr olunan  yazılar, həmçinin Məhəmməd peyğəmbər (s) və səhabələrin İslam mədəniyyətinin formalaşmasından bəhs edən rusca məqalə ilə də tanış ola bilərlər.

Toplunun maraqlı rubrikalarından biri də  “Tarixə pəncərə” bölməsidi. Bu sayda dərc olunan  Sara Hacıyevanın “Orta əsrlərdə qadına münasibət”, Ruhəngiz Kərimlinin “Urartuların dili və dini məşəyi”, Sənan İbrahimovun “İran-Turan müharibələrinə dair”  və Kamal Əliyevin “K voprosu o severo-vostoke Azerbaydjana i Kubinskaya oblast v drevnosti” məqalələri oxucular tərəfindən maraqla qarşılana bilər.

“Şihabəddin Suhrəverdinin “İşraqilik” təlimi və İbn Ərəbi”, “Əbdürrhəman Cami və sufi düşüncəsində ayna simvolu” və “İlkin orta əsrlərdə türk inanc sistemində şamanist təsəvvürlər” məqalələri jurnalın daimi “Dinlər, təriqətlər” rubrikası altında verilib.

Toplunun “Abidələr” bölməsində isə “Qazqulu müsəlman qəbiristanının köçürülməsi zamanı müsəlman dəfninin aşkar xüsusiyyətlərinin İslam dəyərləri baxımından izahı” və “Mirovozzrenie i arxitektura” yazıları diqqətə çatdırılıb.
Jurnalın son səhifələrində ənənəvi olaraq dini terminlərin izahlı lüğəti yer alıb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi