Modern.az

Siyasi liderlər və olimpiya oyunları...  

Siyasi liderlər və olimpiya oyunları...   

Dünya

13 May 2017, 00:09

İnsanların böyük maraqla qarşıladığı kütləvi idman tədbirləri, beynəlxalq turnirlər, xüsusilə olimpiya oyunları qələbələr və məğlubiyyətlərlə yanaşı həm də maraqlı hadisələrlə yadda qalır. Və təbii ki, bu hadisələr zaman-zaman insanlar tərəfindən bir az da təkmilləşdirilərək gülməcələrə çevrilir.

 

Modern.az saytı Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları  günlərində oxuculara bu səpkidən olan gülməcələri təqdim edir.

 

1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarının açılışı zamanı Breynev tədbir iştirakçılarını salamlamaq üçün kürsüyə qalxır və əlindəki kağızdan mətni oxumağa başlayır:  


- O, o, o, o, o...

Baş katibin bu nitqindən heç kim heç nə anlamır. Çernenko vəziyyətdən çıxmaq üçün tez Breynevə yaxınlaşır və qulağına pıçıldayır:

- Leonid İliç oxuduğunuz hərf deyil, olimpiya oyunlarının əsas simvolu olan olimpiya halqalarıdır, mətn aşağıdadır.

 

İosif Stalin olimpiya oyunlarında iştirak edəcək sovet idmanşılarını qəbul edir. Qəlyanını tüstülədərək idmançıların qarşısında ağır addımlarla gəzişir. Nəhayət, ölü sükutu pozan rəhbər üzünü idmançılara tutaraq “xeyir-dua” verir:

- Məqsəd birdir, yalnız qələbə. Kim qızıl medal qazanmasa sürgünə, qızıl çıxarmağa göndəriləcək.

 

Olimpiya oyunlarının növbəti günü 100 metr məsafəyə qaçış yarışları başlayır. Prezidentlər öz idmanşılarına dəstək verməyə başlayırlar.

ABŞ prezidenti:

-Qou, qou, qou...

İspan Kralı:

-Rapido, rapido, rapido...

Almaniya Kansleri:

- Şnel, şnel, şnel...

Ermənistan prezidenti:

- Qaçmayın, durduğunuz yer erməni xalqına məxsusdur.

 

Zimbabve və Zambiya prezidentləri söhbət edir. Biri o birindən soruşur:

- Niyə Qış Olimpiya Oyunlarına “Ağ Olimpiada” deyilir?

- Çünki bu oyunlarda qaralar az iştirak edir.

 

ABŞ prezidenti Barak Obama Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyinə olimpiya oyunlarının keçirilməsi ilə bağlı etiraz məktubu göndərir:

“Amerika xalqı adından bəyan edirəm ki, olimpiya oyunlarının arxasında Rusiyanın xeyrinə işləyən, demokratiyaya zidd olan və dünyanın siyasi sabitliyini pozan məqamlar var. Olimpiada keçirilən illərdə baş verən hadisələri faktlarla sizə təqdim edirəm:

1956-cı il, Avstraliya - Sovet İttifaqı Macarıstana qoşun yeridir.

1968-ci il, Meksika - sovet tankları Praqaya daxil olur.

2008-ci il, Çin - Rusiya Gürcüstana qoşun yeridir,

2014-ci il, Soçi - Krım və Donbas”.

 

İdmanşılarımıza IV İslam Həmrəyliyi Oyunlarında qələbələr diləyək və arzu edək ki, olimpiya məşəlləri qələbə məşəlləri ilə əvəzlənərək Qarabağda şölələnsin...

 

İlham Cəmiloğlu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir