Modern.az

 “Azərbaycan diaspor təşkilatlarının ayaq üstə dura bilmələri çətindir” – MÜSAHİBƏ

 “Azərbaycan diaspor təşkilatlarının ayaq üstə dura bilmələri çətindir” – MÜSAHİBƏ

13 May 2017, 10:53

Mirvari Fətəliyeva: “Türk icmalarında  inteqrasiya prosesi çox zəifdir”

 

“Bəzi diaspor təşkilatlarında şöhrətpərəstlik sindromu var”

 

Parisdəki “Azərbaycan evi”nin rəhbəri, Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 

Mirvari xanım, Fransa dünyanın super güclərindən biridir. Bu ölkədə yaşayan icmaların Fransanın ictimai-siyasi həyatına inteqrasiyası vacibdir bu baxımdan. Orada yaşayan azərbaycanlılar necə, Fransanın ictimai-siyasi mühitində hansı yerdə qərarlaşıblar?

 

- Əlbəttə, Fransada bir çox icmanın üzvləri məskunlaşıb. Hər icmanın  gəlmə dövründən, mədəniyyətindən, adət-ənənəsindən asılı olaraq bu cəmiyyətə  ya inteqrasiya olublar ya da ki, öz mühitlərini tərk edə bilməyiblər. Nəticə olaraq inteqrasiya prosesi getməyib.  Azərbaycanlıların isə Fransaya gəlişini iki dövrə bölmək olar.

 

Öncə, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindən etibarən gələn azərbaycanlıları qeyd etmək lazımdır. Onların sayı çoxluq təşkil etməsə də müxtəlif mövqelərdə çətinliklə də olsa özlərinə yer tutublar. Və yazıçı, həkim, vəkil,  incəsənət xadimi kimi peşələrdə çalışıblar. Lakin bu dövrdə gələnlərin vətənlə heç bir əlaqəsi olmadığı üçün çox hissəsi assimilyasiya olaraq  Azərbaycanla əlaqələri tamamilə itiriblər.

 

Ölkəmizin ikinci müstəqilliyindən sonra Fransaya azərbaycanlıların ikinci dövr gəlişi başladı.  Bu dövrdə gələnlərin bir hissəsi hələ ki tam inteqrasiya olmayıblar. İlk nəsil üçün inteqrasiya prosesinin ləng getməsinin əsas səbəblərindən biri mədəniyyət və adət-ənənə fərqliliyi idi. Fransada yaşayan azərbaycanlı ailələr normal olaraq türk və keçmiş sovet ölkələrindən olan icmalarla daha çox əlaqə yaradırdı. Təbii ki, bu da inteqrasiyanın inkişafına , dil baryerinin ortadan qalxmasına mane olur.

Gənc nəsil  daha fəaldır, ölkədə baş verən ictimai-siyasi hadisələri yaxından izləyir. Onların ətrafında daha çox fransız olduğu üçün inteqrasiya asanlıqla həyata keçir. Bu nəsil içərisində müxtəlif sahələrdə çalışanlar var: həkim, vəkil, rəssam, yazıçı, rejissor, müğənni, iş adamları, müxtəlif fransız şirkətlərində  müəyyən vəzifə sahibləri... Gənc nəslin  ictimai-siyasi həyatda öz sözlərini demə şansları var və bu proses uzun müddətlidir. 

Mən 2007-ci ildən sağçı Respublika Partiyasının üzvüyəm və baş verən bütün siyasi hadisələri yaxından izləyir, ətrafımda olan fransızlarla fikir mübadiləsi aparıram. Eyni zamanda onların problemləri ilə  maraqlanıram. Qarşılıqlı olaraq onlar da məni dinləyir, fikrimə hörmətlə yanaşırlar.

Düşünürəm ki, ölkədə baş verən ictimai-siyasi mühiti tam mənimsəmək üçün azərbaycanlı gənc nəsil  siyasi ideologiyalarına uyğun  olaraq mövcud siyasi partiyalara üzv olub  özlərinin cəmiyyətə inteqrasiyasını sürətləndirə bilər.  Belə halda gələcəkdə bu sahə üzrə  irəli getmə şansı qazana bilərlər.

 

Fransa ermənipərəstdir, bunu hamı bilir. Baxın, erməni diasporunun səyi ilə Fransada prezident seçkilərində iştirak edən namizədlər Qarabağ məsələsində Ermənistanı dəstəklədi. Bəs bizlər nə edirik? Fransanın ermənipərəst olması o deməkdirmi ki, yaxamızı kənara çəkib olanları seyr etməliyik?

 

- Təbii ki, bunun səbəbləri  var. Namizədlərin çoxu Qarabağ münaqişəsində Ermənistanı deyil, 530 mindən çox seçicinin rəğbətini qazanmaq üçün onların mövqelərini qorudu. Ermənilərin seçki şantajı artıq illərdir ki, öz  "töhfəsini" verir. Buna misal olaraq, bir neçə işğal edilmiş Azərbaycan şəhərlərini, ermənilərin sıx məskunlaşdığı şəhərlərlə Fransanın dostluq və əməkdaşlıq sazişlərinin imzalamasını göstərmək olar. Bu, nəinki,  Azərbaycan , eləcə də Fransa qanunlarına zidd  addımdır.

Sözügedən şəhər merlərinin niyə belə addım atdığı məlumdur. Seçki öncəsi erməni icması qarşısında öhdəlik götürürsə, əməl etmək məcburiyyətində qalan merlər gələcək seçkilərdə də bu icmanın hörmətini qazanmış olur.

 

Amma  bu o demək deyil ki, biz susub onları seyr edirik. İstər burada fəaliyyət göstərən təşkilatlar, istər ölkəmizin buradakı səfirliyi bu cür qanunsuz addımlara qəti etirazlarını bildirir. Həmçinin lazimi məsul orqanları məlumatlandırır  və belə sazişlərin ləğv edilməsini tələb edirik.

Erməni icması hər an fəaliyyətimizə mane olmağa çalışır,  amma buna tam nail ola bilmirlər. Artıq biz də öz sözümüzü deməyi bacarır və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri fransız ictimaiyyətinə çatdırırıq.

 

Fransa parlamentinə azərbaycanlı icmaların çıxışı varmı? O cümlədən də sizin.

 

- Artıq 2014-cü ildən etibarən baş katibi olduğum Azərbaycanın Dostlar Assosiyasiyası yenidən fəaliyyətini bərpa edərək ətrafına 500-dən çox üzv toplayıb. Bu üzvlər arasında çox sayda deputat, senator, tanınmış ictimai xadimlər var. Onlarla mütəmadi olaraq müxtəlif tədbirlər çərçivəsində görüşür, fikir mübadiləsi aparır, ölkəmiz haqqında daha ətraflı məlumatlar çatdırma imkanımız olur. Assosiyasiyanın  Prezident Fransa parlamentinin üzvü  Jan-Fransua Manseldir. Onun Azərbaycanın əsl dostu olmaqla yanaşı ölkəmizin tanıdılmasında, Qarabağ  həqiqətlərinin ictimaiyyətə çatdırılmasında  böyük rolu var.

 

Avropadakı Azərbaycan diaspor təşkilatlarından dəstək ala bilirsiniz?

 

- Məncə, bu barədə düşünmək hələ çox tezdir. Azərbaycan diaspor təşkilatlarının  ayaq üstə dura bilmələri belə çətindir. Çünki bu təşkilatlar əvvəla,  çox gəncdir, hələki peşəkar səviyyədə  deyil.  Amma illər öncəyə baxsaq, inkişaf çoxdur.

 

- Sizə əsas maneələr nələrdir? Pul, maliyyə çatışmazlığı yoxsa inzibati təqib?

 

- Məncə, ilkin olaraq maneələr diaspor üzvlərinin cəmiyyətə inteqrasiya olmamasıdır. Təbii ki, maliyyə çatışmazlığı da var, çünki hələ diaspor üzvləri arasında tam olaraq öz işini qurmuş və təşkilatlara dəstək ola biləcək iş adamları azdır. Bəzən  maliyyə çatışmazlığı əsas maneə hesab etməmək olar. Çox maliyyə tələb etməyən, amma mühim olan layihələr həyata keçirmək mümkündür. Bunun üçün böyük əlaqə qurduğumuz fransız dostlarımızın köməyindən istifadə edirik. Ona görə də inteqrasiyanın ilkin maneə olduğu bir daha ortaya çıxır.

 

Fransadakı türk diaspor təşkilatları belə görünür ki, passivdirlər. Baxın azərbaycanlılar və türklər bir yerə yığışıb erməni diasporunu zərərsizləşdirə bilmir. Səbəblər nədir?

 

- Fransada 700 minə yaxın türk yaşayır  və çox sayda təşkilatlar var.  Əlbəttə ki, bu say içərisində Türkiyə kürdləri, ermənilər və digər millətlərin üzvləri də mövcuddur.

Türk təşkilatları təəssüf ki, öz ətrafında  əsasən türkləri toplayır və türk icmasında  inteqrasiya prosesi çox zəifdir. Təsəvvür edin ki, 30-40 il burada yaşayan türklər fransızca hələ də danışa bilmir və  bununla da vəziyyəti  anlamaq mümkündür.

Əlbəttə ki, bunu hamıya şamil etmək olmaz, müxtəlif sahələrdə uğur qazanmış  türklər də az deyil: həkim, vəkil, bir çox meriyalarda, region departament rəhbərliklərində çalışanlar , aparıcı qəzetlərdə jurnalistlər, şirkət rəhbərləri , ictimai-siyasi prosesdə  fəal olanlar var. Lakin onlar erməni diasporu kimi siyasi müstəvidə fəal deyillər.

Bir çox türk diapsor təşkilatları ilə  sıx əlaqədə olsaq da, birgə fəaliyyət o qədər də asan deyil. Erməni diasporu hər zaman Fransada yaşayan azərbaycanlıları  türk adlandıraraq qondarma erməni soyqırımında günahlandır və özlərini günahsız göstərirlər. Əlbəttə, biz bunun yanlış olduğunu və əksinə ermənilərin 1915-ci ildə azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri ictimaiyyətə çatdırmağa çalışırıq.

 

- Fransada iş adamları sizə dəstək olmurmu? Məsələn, hansısa azərbaycanlı biznesmen.

 

- Fransada iş adamları çox az saydadır və indiyə kimi belə bir dəstək almamışıq.

 

Azərbaycan icmalarını bir-biri ilə yola getməməsinin səbəbləri nədir? Maddi maraq yoxsa şöhrətpərəstlik sindromu?

 

- Səbəblər çox ola bilər. Əlbəttə ki,bu, ölkədən-ölkəyə dəyişir. Maddi maraq deməzdim, çünki bu işdə qazanc əldə etmək məncə, mümkün deyil. Təşkilatın bəyannaməsinə və dövlət qanunlarına görə  QHT-lər heç bir maddi gəlir əldə edə bilməz. Bu işdə yalnız vətəninə bağlı, ürəklə, həvəslə dövlətini  təmsil edənlər  qalır. Maddi maraq üçün qoşulanlar  isə tez zamanda uzaqlaşırlar. Bəzi hallarda isə  diaspor təşkilatlarında şöhrətpərəstlik sindromu  özünü göstərir.

 

Azərbaycanın Diaspor Komitəsinin sizlərə dəstəyi yetərincədir?

 

- Diaspor Komitəsi ilə əlaqələrimiz 2003-cü ildən Azərbaycan Fransa Gənclər Təşkilatı yaranan vaxtdan var. 2012-ci ildə fəaliyyətini yenidən bərpa etmiş  Paris Azərbaycan Evi təşkilatı ilə yaxından maraqlanır və bizə müəyyən layihələrdə köməklik göstərir.

Diaspor Komitəsi ilə yanaşı, Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi layihələrimizin həyata keçməsi üçün  bizə dəstək olurlar. Əlbəttə ki, dövlətimizin diqqəti bizim üçün ən böyük mənəvi dəstəkdir. Çalışırıq ki, bu etimadı layiqincə doğruldaq.

 

Aqşin KƏRİMOV

GÜNAY RƏSULQIZI 

 

  

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir