Modern.az

Taekvondoçularımız İslam Oyunlarına necə hazırlaşır – FOTOLAR + VİDEO

Taekvondoçularımız İslam Oyunlarına necə hazırlaşır – FOTOLAR + VİDEO

13 May 2017, 13:20

Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarında mövcud olan oyunlar arasında taekvondo idmanı da yer alıb.

 

İlk Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəylik Oyunlarında da Azərbaycan taekvondoçuları müxtəlif çəkidə mübarizə aparacaqlar.

 

10 gün ərzində davam edəcək oyunlar zamanı Azərbaycanı  idmanın bu növü üzrə  8 kişi və 4-ü qadın olmaqla 12 idmançı təmsil edəcək.

 

Onların adlarını təqdim edirik:

 

Qaşım Maqomedov (54 kq), Fizam Mehtiyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq) və  Radik İsaev (87 kq) , Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcək.

 

Modern.az olaraq Azərbaycan Taekvondo Federasiyasında təşkil olunan açıq məşqlər  zamanı taekvondoçuların oyunlara hazırlıq məşqlərini izlədik. İdmançılarla həmsöhbət olduq.

 

Azərbaycan Taekvondo Federasiyasının vitse prezidenti  Nağı Səfərov məşqlərin son mərhələsinin keçirildiyini və Taekvondo  millimizin oyunlara tam hazır olduqlarını söylədi:

 

“Komandamız IV İslam Həmrəylik oyunlarına   tam hazırdr.  Əvvəl məşqlər gün ərzində 2-3 dəfə olurdu.  Artıq iki gündür ki, məşqlər gündə bir dəfə olur. Yarışa çıxmaqla əlaqədar məşqlərin sayı ikidən, üçdən birə azalıb”.

 

“Azərbaycan komandası bu yarışın qalibi olacaq və yeni tarix yazacaq”

 

Nağı Səfərovun fikrincə,  Azərbaycan  bir sıra yarışların favorit ölkəsidir:

 

“Müstəqillik dövründən bəri idmançılarımızın beynəlxalq arenada qazandıqları nəticələr bunu deməyə əsas verir. İlk Avropa Oyunları, olimpiya oyunları beynəlxaq yarışlar və bir sıra dünya çempionatları da bunu sübut etdi. Mən düşünürəm ki, Azərbaycan komandası bu yarışın qalibi olacaq və yeni tarix yazacaq.”

 

Taekvondo üzrə böyüklərdən ibarət  yığma komandanın böyük məşqçisi Rəşad Əhmədov idmançıların yaxşı nəticə göstərərək  qələbə qazanacağına inanır:

 

“Azərbaycan Taekvando Federasiyası ilk dəfə olaraq bu oyunlarda iştirak etmir. Bundan əvvəl  də bir sıra  oyunlarda çıxış edərək 4 medal qazanıb.  IV İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirildiyinə görə doğma diyarda   idmançılarımızın  daha yaxşı nəticə göstərəcəyinə inanıram.

 

Biz ilin əvvəlindən etibarən  bu yarışlara çox ciddi hazırlaşırıq. İdmançılarımız  oyunlara tam hazırdır . Biz əlimizdən gələni etmişik.

Amma bu idmandır, Əvvəlcədən heç nə demək olmaz. Psixoloji  məqam odur ki, idmançılar bir az yorğun olur. . O da bir az istirahət edəndən sonra qaydasına düşəcək.İdmançıların digər psixloji durumları normaldır.

O, oyunlarda iştirak edən digər idman növləri barədə də fikrini bildirib:

“O biri idman növlərində də vəziyyət yaxşıdır . Azərbaycan idman ölkəsidir. Mən inanıram ki, Azərbaycan komandası ən yüksək sıralarda olacaq”.

 

O, sonda isə komandasının oyunlara hazırlıq prosesindən və bu prosesə qədər olan mərhələdən danışıb:

 

“Respublika Çempionatından sonra  milli komandanın tərkibi müəyyən edilib. İlin əvvəlində isə Türkiyə, Hollandiya və Afinada sonuncu yarışlarımız olub. Bu yarışda  ən yaxşı idmançımızı da seçərək,  oyunlarda hansı çəkidə döyüşəcək idmançıları qeyd etmişik. İdmançılarımız Mayın 16-sı və 18-i Bakı İdman Sarayında iştirak edəcəklər”.

 

Taekvondo üzrə böyüklərdən ibarət milli yığmanın kapitanı Ramin Əzizov Azərbaycan taekvondosunun son illər ərzində bütün dünyada özünü sübut etdiyini deyir:

 

“Azərbaycan taekvondosu son 2-3 il ərzində özünü nəinki Azərbaycanda, hətta bütün dünyada sübut edib. Nəticələrin yüksək olacağına inanırıq. Azərbaycan idman ölkəsidir.  İdman göstərilən diqqət və qayğı göz qabağındadır. Buna görə də rahatllıqla deyə bilərəm ki,  gözləmədiyimiz idman növlərindən belə yüksək nəticələr  gözləyirik” .

 

“Heç bir döyüşçü döyüşə çıxmır ki, uduzsun.”

 

 Kapitan qeyd edir ki, onlar daima qələbə niyyətindədirlər:

 

“Biz döyüşçüyük. Heç bir döyüşçü döyüşə uduzmaq üçün çıxmır. O qallib gəlmək üçün, bacardığıyla yanaşı, bacarmadığını da  edir. Döyüşçünün yolu budur”.

Ramil Əzizovun sözlərinə görə oyunlarda iştirak edəcək ölkələrin hazırlıqları yüksək səviyyədə olduğu üçün, onların heç birinə zəif rəqib kimi baxmaq olmaz:

 

“Bütün ölkələr oyunlara  yüksək səviyyədə hazırlaşıblar. 15-20 il qabaq  taekvondo üzrə  İran, Koreya kimi ölkələr irəlidə idi. İndi isə bütün ölkələr, hətta Afrika ölkələrinin belə bu sahə üzrə qızıl medal sahibləri var. Ona görə bütün rəqibləri güclü hesab etmək olar. Heç kimə zəif rəqib kimi baxmaq doğru deyil”.

 

IV İslam Həmrəylik Oyunlarında 67 kq çəkiylə iştirak edəcək Fəridə  Əzizova da oyunlara ciddi hazırlaşdıqlarını söyləyir:

 

“Hazırda hazırlığın son mərhələsindəyik. Biz komanda olaraq  oyunlara ciddi hazırlaşmışıq və gözləntilərimiz çox böyükdür.

Oyunlardan yaxşı nəticələrlə qayıdacağımıza ümid edirik. İlk Avropa Oyunlarında ikinci olmuşuqsa, islam ölkələri arasında da çempionluğa layiqik və olacağıq da.

Ən güclü və ciddi gördüyüm  rəqiblərimdən biri Türkiyə komandasındadır. Ümumilikdə isə hər bir rəqib güclüdür.  rəqibə zəif baxmamaq lazımdır”.

 

Xanım idmançımız qələbəyə olan inamını  belə ifadə edir:

 

“Hər zaman mən birincilik kürsüsündə olduğumu, himnimizin səslənməyini və  bayrağımızın dalğalanmağı barədə düşünürəm.  Hər bir idmanın öz çətinliyi var. Professional idman həmişə çətindir. Əgər, əzmkar və iradəli olsan sona kimi gedəcəksən”.

Qadınlardan ibarət komandanın baş məşqçisi  Elnur Amanov  xanım taekvondoçularımızla məşq prosesinin yanvardan başladığını deyir:

 

“Mən bu işə Yanvar ayından başlamışam. Fevralda isə   komandanı seçərək 4-5 turnirdə iştirak etmişik və  bu turnirlərdə qadınlardan ibarət komanda da təmizlik işləri aparılıb. Sonda isə oyunlarda komandamızı 4 qadın idmançının təmsil etməsinə qərar vermişik”.

 

E.Amanov oyunlarda iştirak edəcək qadın idmançıların məşq prosesiylə bağlı bunları deyir:

 

“Bütün məşqlərdə səhvlər üzərində çalışırıq və rəqibləri tanıyırıq.  Bir sıra taktiki və texniki məşqlərimiz olur . Kişilərlə işləmək qadınlarla işləməkdən daha rahatdı. Bundan əvvvəl 7 il böyüklərdən ibarət yığmanın böyük məşqçisi işləmişəm. Hamıya ümidim var. Medal nə rəngdə olacaq, onu yarışda görəcəyik”.

 

68 kq çəkidə iştirak edəcək təmsilçimiz Ayxan Tağızadə oyunlara psixoloji olaraq belə hazırlaşır:

 

“Yorulan zaman öz-özümə deyirəm ki, yarışlara az qalıb,  oyunlar  zamanı ailəm, qohumlarım  və bütün məni dəstəkləyənlər məni izləyəcək”.     

 

Ayxan Tağızadənin fikrincə,  güclü rəqiblər sırasında İran, İordaniya və Türkiyəni təmsil edəcək idmançılar daha çoxdur.

 

Ən böyük dəstəkçisinin ailəsi olduğunu deyən Ayxan bir sıra çatışmazlıqları aradan qaldırmağa çalışdığını deyir.

 

Oyunlarda 57 kq çəki ilə iştirak edəcək Yaprak Eriş bütün rəqiblərin güclü olduğunu deyir :

“İslam oyunları çox çətin yarışdır. Rio Olimpiadasının bir sıra iştirakçıları da bu oyunlara qatılacaq . İslam oyunlarında çempion olmaq istəyirəm və bunun  üçün ölkəmi ən gözəl şəkildə təmsil edəcəyəm. Bütün rəqiblərimiz güclü idmançılardır. Onları güclü və zəiflərə ayırmaq istəmirəm. Rəqiblərimin hər biriylə ən yaxşı şəkildə döyüşəcəyəm.

 

Türkiyəli təmsilçimiz IV İslam Həmrəylik Oyunlarında bütün idmançılarımıza güvəndiyini və onların hər birindən qızıl medal gözlədiyini söyləyir.

O, oyunlara hazırlıq zamanı keçirilən məşq prosesindən danışarkən isə bunları deyir:

 

“Məşqlərimiz çətin olurdu. Gün ərzində iki dəfə olmaqla fiziki və trenajor məşqləri edirdik. Bir qadın idmançı olaraq trenajor məşqləri çox ağırdır. Çünki orada ağırlıq qaldırmalı olurduq. Özümü, ailəmi, çəkdiyim əziyyətləri fikirləşir və  Azərbaycanın bayrağını ən yuxarılara qaldırmaq istəyirəm. Azərbaycanı  ,ailəmi və özümü fikirləşir, çəkdiyim əziyyətlər barədə düşünürəm.  Çəkdiyim əziyyətləri fikirləşirəm.  Bütün bunlar görə  qızıl medal qazanmaq istəyirəm”.

 

Modern.az olaraq oyunlarda iştirak edəcək bütün Azərbaycan İdmançılarına uğurlar arzu edirik.

 

Nəcəf RUSLANOĞLU

Neman RZA

FOTOLAR: Tərlan Yusif

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?