Modern.az

Azərbaycanda qadın yol polisləri olsun - TƏKLİF

Azərbaycanda qadın yol polisləri olsun - TƏKLİF

13 May 2017, 17:00

Bəzi  peşələr var ki,  qadınlar üçün məqbul hesab edilir. Elə işə götürənlər də  məhz qadınları bu vəzifələrə cəlb edirlər. Məsələn, katibə, ofis meneceri, mağazada satıcı, səhiyyə müəssisələrində tibb bacısı və ya həkim, müəllim və s.

Lakin son zamanlar bəzi sahələrdə qadınlar kişilərdən geri qalmayaraq fiziki qüvvə, dözüm tələb edən peşələrə də uğurla yiyələnirlər.

Azərbaycan qadınları da kifayət qədər cəsarətlidir. Buna baxmayaraq  yol polisi kimi çalışanlara heç rast gəlmirik. Halbuki avtomobildən istifadə edən qadınların sayı çoxdur.

Maraqlıdır, Azərbaycanda qadın yol polislərinə ehtiyac varmı? Ümumiyyətlə bu peşə ilə maraqlananlar necə?

 

Deputat Tahir Kərimli Modern.az-a açıqlamasında bildirib ki, qadınlar təkcə yol polisliyinə deyil, ümumiyyətlə polis orqanlarına cəlb edilməlidirlər:

“Zaman-zaman xarici ölkələrdə,  hətta İran, Türkiyə kimi  müsəlman dövlətlərində olanda  həddən çox qadın sürücülərin olduğunu görürdüm.  Düzü, bu, məndə  rəğbət hissi oyadırdı. Xanımların bu sahədə fəaliyyət göstərməsi onların artıq bu tip peşələri mənimsədiyini sübut edir.

 

Son dövrdə  Azərbaycanda da təqribən 50 mindən çox qadın sürücü var. Buna baxmayaraq qadın yol polisləri  demək olar ki, yoxdur.

 

Ümumiyyətlə, bu peşəyə yiyələnən hər hansı qadın da görməmişəm. Halbuki qadınlar təkcə yol polisliyinə deyil, polis orqanlarına cəlb edilməlidir.  Doğrudur, son illər bu sahədə müəyyən qədər irəliləyiş müşahidə olunur.  Əslində qadın yol polislərimizin olması yaxşı olardı. Çünki bir neçə istiqamətdə buna ehtiyac var. Bəzən avtomobildən istifadə edən qadınların saxlanıldığını və ya  sərxoşluğun yoxlanıldığını görürük.  Yaxud müəyyən əməliyyat tapşırıqları, qanunsuzluqla bağlı  hansısa axtarışa ehtiyac  ola bilər. Buna görə də qadın yol polislərinin olması çox vacibdir”.

 

T.Kərimli düşünür ki, qadınları bu işə yönləndirmək üçün güclü təbliğat işləri aparılmalıdır:

 

“Qadınların bu peşəyə müraciət etməməsinin səbəblərindən biri mentalitetdir. Azərbaycan qadınlarında bu sahəyə maraq yox dərəcəsindədir. Amma bu o demək deyil ki, ümumiyyətlə həvəsi olanlar yoxdur. Sadəcə  onları müəyyən etmək lazımdır. Ola bilməz ki, yol polisliyinə marağı olan qadın olmasın. Bu istiqamətə fikir vermək  və təbliğat işləri aparmaq lazımdır.  Bunu da müvafiq orqanlar, mətbuat, telekanallar etməlidir. Mən inanıram ki, kifayət qədər təbliğat aparılsa,  müəyyən müddətdən sonra  Azərbaycanda qadın yol polislərinin sayı artar”.

 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə qadın yol polislərinə ehtiyac olmadığını bildirib:

 

“Qadınların yol polisi olması onların şəxsi istəyindən asılıdır. Amma sözsüz ki, yol-patrul xidməti çox ağır işdir. Biz xanımlarımızın bu cür çətin işdə çalışmasını istəmərik. Təsəvvür edin, saatlarla yol kənarında durursan. Bunun  40 dərəcə istisi, şaxtası, buzu var. O cümlədən bu peşədə çalışan xanımlar  istənilən nəqliyyat vasitələrinin buraxdığı dəm qazını udmaq məcburiyyətində qalırlar. Bu səbəbdən  yol-patrul xidmətinə həvəs göstərən xanımlar yoxdur. Düzdür, bizdə xanım işçilərimiz yol polisinin digər xidmətlərində çalışırlar.

 

Təbii ki, xanımlar  qanunvericiliklə  nəzərdə tutulan tələblərə cavab verərsə, yəni onların təhsili, boyu uyğun gələrsə, vakant yerlər olduğu halda bu peşəyə müraciət edə bilirlər”.

K.Əliyev deyib ki, zəruri hallarda xanım əməkdaşlara müraciət edilir:

 

“Əgər sürücünün üzərində baxış keçirmə zərurəti yaranarsa və sürücü qadın olarsa, xanım əməkdaşlarımız bu işə cəlb olunur. Həmin şəxsin üzərində mövcud qanunvericiliyə uyğun baxış keçirilir. Ümumiyyətlə isə yol polisi heç kimin üzərini yoxlamır. Buna görə də hər yerdə yol-patrul xidmətində xanımların çalışmasına ehtiyac yoxdur”.

 

Kamran Əliyevin sözlərinə görə yol polisi sahəsi üzrə müraciət edən qadınların sayı çox azdır. Onun fikrincə,  buna səbəb peşənin çətinliyidir.

 

Günay RƏSULQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi