Modern.az

“Əsas məsələ aşığın geyimi deyil, ifasıdır” - Mütəxəssislərdən Aşıqlar Birliyi sədrinin iradına REAKSİYA

“Əsas məsələ aşığın geyimi deyil, ifasıdır” - Mütəxəssislərdən Aşıqlar Birliyi sədrinin iradına REAKSİYA

15 May 2017, 17:55

Hər dövrün imkanlı adamları nəyi geyibsə, aşıqlar da onu geyiniblər”

Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı Modern.az saytına açıqlamasında yeni aşıq geyimləri hazırladıqlarını və onların sovet dövründəki formalardan xeyli fərqləndiyini bildirib:

“Bizim Aşqlar Birliyi yeni aşıq geyimlərinin modelini hazırlayıb. Mən son vaxtlar aşıqları tədbirlərə, televiziyaya o forma ilə çıxarıram. Demək, papaqdan başlayaq: yeni geyim tərzindəki papaqlar nə ənənəvi aşıq papağı kimi çox böyük, nə də xanəndə papağı kimi çox alçaqdan deyil, orta səviyyəli olmalıdır.  Yaxalı düyməli, boynu örtülü və bədənə kip oturan köynək geyim tərzinin əsas atributudur. Həmin köynəyin üstündən milli adətlərimizin göstəricisi olan çuxa  geyilməlidir. Çuxanın üstündən köynəyi kip saxlamaq üçün kəmərdən də istifadə etmək olar. Şalvar və ayaqqabı isə adi qara qara şalvar və ayaqqabılar olacaq.  Bir də görürsən ki, aşıq toya qalstukla gəlir. Qalstukla da saz çalmaq olar?! Bu sazın milli koloritini azaldır. Aşıq hər zaman papaqla çıxış etməlidir. 

Ənənəvi aşıq formasının tarixindən danışan professor onun Səfəvilər dövründən qaldığını, bəzi mənbələrdə deyildiyi kimi Stalinin şərəfinə geyilmədiyini də söyləyib. Alimin fikrincə, papaqdan tutmuş çəkmələrə qədər hər bir aşıq atributu Səfəvilər ordusunun yadigarı olmaqla yanaşı, aşıqların rahat hərəkətinə də şərait yaradıb.

Aşıqların geydiyi vahid formanın sovet hökuməti ilə heç bir əlaqəsi yoxdu. Dədə-babadan elə geyiniblər: uzunboğaz çəkmə, enli şalvar, kəmər, hündür buxara papaq, bir sözlə, hərbi formanı xatırladan geyim tərzi. Bu tərz lap qədimdən-Səfəvilər zamanından qalıb. Səfəvilər vaxtındakı ordu geyimi olub. Aşıqlar da ordunun içərisində olub, döyüşdən sonra da həmin formanı çıxarmayıblar. Beləliklə, həm Şah İsmayıla həm də dövlətə sadiqliyini bununla göstəriblər”.


Qeyd edək ki, Aşıqlar Birliyi kişi aşıqlar üçün 9, qadın aşıqları üçün isə 7  çeşiddə aşıq geyimi hazırlayıb. Təbii ki, onların hamısı eyni dizaynda hazırlanıb, sadəcə, rənglərində fərqlər var.

Ümumiyyətlə, aşığın hər hansı vahid formada çıxışına nə dərəcədə ehtiyac var? Aşıqlar Birliyinin təklif etdiyi geyim tərzi qəbul olunasıdırmı?

Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin rəhbəri Elxan Məmmədli Modern.az saytına açıqlamasında aşıqların formalarının Səfəvilərə heç bir aidliyinin olmadığını bildirib. Alim sovet dönəmindəki formanın Stalin şərəfinə geyildiyini qeyd edir:

 

“Hər dövrün aşığı, sənətkarı həmin dövrün imkanlı adamlarının geydiklərini geyirlər. Ələsgərin dövründə aşıqlar çərkəzi bəy çuxaları geyib, başlarına onların qoyduqları papaqdan qoyublar. İndi bəzi aşıqların qoyduğu uzun babaqlardan yox. Bəzən, zarafata deyirəm ki, gəl ikiyə bölək, biri sənə, biri də mənə. 50 ildən artıqdır ki, bu sənətlə bağlı araşdırmalar edirəm. Yüzlərlə aşıqla ünsiyyətimi xatırlayıram. Aşıq Hüseyn Saraclı, Aşıq Kamandar, Əmrah Gülməmmədov və daha kimlər… Onların hamısını mən görmüşəm. Evimizə gələrdilər, hamısını görmüşəm. 1950-ci illərdəki aşıq geyimi indi yoxdu. Qalife şalvar Stalindən qalmadı. Yadıma gəlir, atam məktəb direktoru idi. Amma Stalin kimi kitel və uzun çəkmə geyinərdi. O zaman süni bənzətmələr çox yayılmışdı. Elələri var idi ki, özlərinə bığ da yapışdırırdı.

Aşığın gərək içi, məzmunu olsun, dərin sözü olsun. Forma geymək və geyməmək ikinci dərəcəli şeylərdi. Bəzən, şəraitdən asılı olan məsələlər də var: məsələn, qədimdə aşıqlar bir yerdən başqa yerə atla gedərdilər. Ona görə də buna uyğun çəkmə və şalvar da geyilərdi.

Səfəvilər dövründə o cür geyim olmayıb. Nə orduda, nə sarayda nə də başqa yerərdə. Mirzə Pirabbaslının “Şah İsmayıl dövrü miniatürlərdə” adlı kitabı var, gedin, ora baxın. Elə bir forma görməyəcəksiniz. Heç indiki saz da o cür olmayıb. Kiçik əl boyda saz olub. Adına çuqur deyiblər. Sonradan forma etibarilə saz da, geyim də dəyişib.

Amma indi elə xanəndələr kimi milli geyimdə olmaları daha yaxşıdır. Qalstukda, rəsmi geyimdə olmaqdansa, milli geyim daha yaxşıdır”.

Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının müdiri  Aşıq Əhliman aşıqların hansı vahid  formadan istifadə edib-etməməyinin heç bir fərqi olmadığını bildirib. Onun fikrincə, əsas məsələ aşığın sözünün, ifasının  kamil və ya  naqisliyidir:

“Aşığın sözü gözəldirsə, kamildirsə, onun qalife, yaxud adi şalvar geyməyinin, papağının uzunluğunun neçə santimetr olmağının nə fərqi var? Aşığın sinəsi dolu olmalıdır. Təəssüf ki, bu gün bizdə sinəsi dolu aşıqlar azdı. Dədə Ələsgəri kim görüb? Heç kəs! Demək, onun dövründə nə geydiyi də bizə maraqlı deyil. Bizə lazım olan Ələsgər sözüdür ki, o da dövrümüzə qədər gəlib çıxıb. Yaxud, XV-XVI əsrdə yaşamış Aşıq Qurbanini kim görüb? Nə nə geydiyi kimin marağındadır? Deməli, bunlar o qədər də vacib olmayan məsələdir. Aşığın sözü kəsərli olmalıdır. Sözü ki, kəsərli oldu, onda heç bir fərqi yoxdu: ya sovet vaxtındakı kimi qalife şalvar geysin, ya da milli geyimdən istifadə etsin. Aşıqdan ancaq gözəl söz tələb edilməlidir”.


Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı