Modern.az

Eks-deputat: “Yenidən deputatlığa namizədliyimi irəli sürəcəyəm" – MÜSAHİBƏ

Eks-deputat: “Yenidən deputatlığa namizədliyimi irəli sürəcəyəm" – MÜSAHİBƏ

Parlament

15 May 2017, 17:58

Bu gün tarix elmləri namizədi, 2005-2010-cu illərdə Milli Məclisin deputatı olmuş Həvva Məmmədovanın 58 yaşı tamam olur. Bu münasibətlə Modern.az saytının suallarını cavablandırıb.  

 

- Həvva xanım,öncə doğum gününüzü təbrik edirik. Maraqlıdır, axşama necə doğum günü keçirməyi planlaşdırırsız?

 

- Xüsusi dəbdəbəli doğum günü keçirməyi sevmirəm. Buna heç vaxt adət də etməmişəm. Ehtiyac da duymuram. Evimdə ailə üzvlərimlə bir yerdə olacam. Dəbdəbəli doğum günümü torpaqlarımızın işğaldan azad olunacağı vaxtı qeyd edəcəyəm. O zaman dostlarımız, əzizlərimiz gəlib təbrik edərlər.

 

- Həyatınızın böyük bir hissəsi Xankəndi, Şuşa ilə bağlıdır. Amma 20 ildən çoxdur ki, nə Xankəndi var, nə də Şuşa. Bununla belə işğal altında olan torpaqlarımızın geri qaytarılması istiqamətində siyasi işlər davam etdirilir. İşğal tarixini yaşamış biri kimi Azərbaycanı o illərlə necə müqayisə edirsiz?

 

- Doğru qeyd etdiniz. Bütün həyatım Şuşa, Xankəndi ilə bağlıdır. Xankəndidən məcburi köçkün olmuşuq. Əslində, özümü bütün işğal olunmuş rayonlardan hesab edirəm. Bu gün Azərbaycanda gedən proseslər dünyaya bəllidir. Ermənilər Azərbaycanda gedən inkişafı mətbuat, informasiya vasitəsilə  əldə edirlər. Müharibənin qanunlarına uyğun olaraq savaş hələ bitməyib. Ermənistanın Azərbaycana təcavüzü davam edir. Torpaqlarımızın 20 faizdən çoxu işğal altındadır. Bir milyondan artıq məcburi köçkünlərimiz var. İşğal altında olan yeraltı, yerüstü sərvətlərimiz Ermənistana daşınır. Bütün tarixi abidələrimiz dağıdılaraq məhv edilib. Restavrasiya adı ilə erməniləşdirilib. İkinci bir məsələ isə Azərbaycanın bugünkü inkişafıdır. Artıq Azərbaycan 25 il bundan əvvəlki Azərbaycan deyil. 25 il bundan əvvəl indiki Azərbaycan olsaydı, bir qarış da torpaqlarımız işğal olunmazdı. Güclü ordumuz o zaman olsaydı Ermənistan Azərbaycana təcavüz edə bilməzdi. Torpaqlarımızın bir-birinin ardınca işğal olunması o zamankı hakimiyyət adamlarının qeyri-peşəkar olmasının nəticəsidir. Hesab edirəm ki, indi güclü ordumuz var. Azərbaycan ordusu Cənubi Qafqaz üzrə ən güclüdür. Bütün bunlarla yanaşı ermənilərin apardıqları siyasət bizə çoxdan məlumdur. 20-ci əsrin əvvəllərində azərbaycanlılara qarşı tarixi faciələr törədilib. O tarixi faciələri unutmaq olmaz. Girovları da unutmaq olmaz. 1988-ci ildən əsirlərimiz, girovlarımız var. Dilqəm Əsgərov və Şahbaz Quliyev  öz analarının  qəbirlərini ziyarət etməyə gedən insanlardır. Onlar hələ də girovluq həyatı yaşayırlar.  Bunları unuda bilmərik.

 

- Bildiyiniz kimi, “Xalq diplomatiyası” çərçivəsində Qarabağa səfərlər təşkil olunurdu. Bu səfərləri necə dəyərləndirirsiz?

 

- Xalq diplomatiyasında iştirak  etməmişəm. Heç təklif də olmayıb. Həmçinin, “xalq diplomatiyası”ndan da bir az kənaram. Hər kəsin öz üzərinə düşən bir vəzifə var. Mən də öz işlərimlə məşğulam. Hamı döyüşə bilməz. Hər kəs öz işində olmalıdır.  Hər kəs gördüyü işlə vətənə xidmət etməlidir. Hesab edirəm ki, bu gün hər birimizin üzərimizdə böyük bir yük var. O yük də vətənimizi, torpağımızı işğaldan azad etməkdir. Nə qədər “xalq diplomatiyası” çərçivəsində görüşlər keçirilsə də torpaqlarımızı özümüz işğaldan azad etməliyik. Çox istərdim ki, torpaqlarımızla bağlı təbliğatlarımız daha çox olsun. Təəssüflər olsun ki, başqa sahələrin təbliğatı aparılır. Qarabağ savaşında orduda döyüşən qadınlarımız olub. Hanı onlar?! Həmin qadınlarla bağlı yazılar görmürəm. Öz körpəsini qoyub gedib döyüşən nə qədər qadınlarımız olub. Hadisələrin ağır vaxtında əsgərlərimizə yardım edən nə qədər qadınlarımız olub. Onlar haqqında geniş yazılar yazılmalıdır. Bizim təbliğatımız qəhrəman oğul və qızlarımız üzərində qurulmalıdır.

 

- 2005-2010-cu illərdə Milli Məclisin deputatı olmusunuz. Bir dəfə deputat olmaqla kifayətləndiniz. Yenidən sizi Milli Məclisdə görə biləcəyikmi?

 

- Növbəti parlament seçkilərində namizədliyimi irəli sürəcəyəm.

 

- Bir dəfə deputat kimi təmsil olunduğunuz Milli Məclisi kənardan necə müşahidə edirsiz? Nələr dəyişib? Bilirsiz ki, Milli Məclisi kənardan müşahidə etmək asan deyil.

 

- Zaman dəyişir. Mənim deputat olduğum dövrlə indiki dövr fərqlidir. Qanunların qəbulu dəyişib. Onlara verilən münasibət də dəyişib. Hesab edirəm ki, parlamentdə təmsil olunan deputatlar həddindən artıq  məşğuldurlar. Parlamentdə fəaliyyət göstərmək o qədər də asan deyil. Parlament  məsuliyyətli yerdir. Gərək parlamentdə bütün çıxışlarda diqqətli olasan. Seçildiyin bölgə və insanlarla təmasda olasan. Seçildiyin bölgənin problemlərini diqqətdə saxlayasan. Hesab edirəm ki, parlamentimiz çox normal işləyir. Bu gün parlamentin qarşısında çox böyük və məsuliyyətli işlər dayanır. Qanunlar yenilənir. Qanunların qəbul edilməsində hər bir parlamentari öz gücünü, bacarığını ortaya qoymalıdır. Bu məsələdə deputatlarımızın üzərinə böyük məsuliyyət düşür.

 

- Əlaqədə olduğunuz deputatlar varmı?

 

- Həddindən artıq deputatlarla əlaqəm var. Xeyir işlərdə, tədbirlərdə bir araya gəlirik. Hamısı ilə normal münasibətim var. Düşünürəm ki, deputatları çox məşğul etmək olmaz. Görəcəkləri işlər çoxdur. Hər bir deputata uğurlar arzu edirəm. Parlamentə yeni nəfəs və yeni qüvvələr gəlir.

 

- Son vaxtlar bəzi deputatlarımız hansısa çıxışına görə mətbuat və ictimaiyyətin tənqidinə  tuş gəlir. Hətta, yaxın günlərdə “Deputatların etik davranış kodeksi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi. Sizcə, deputatlar niyə tənqid olunur?

 

- Bir çıxışa görə deputatı qınamaq olmaz. Düzdür, bu məsələyə toxunmaq istəmirəm. Bir çoxları parlamentin məsuliyyətli və çətin olduğunu bilmir. Halbuki, parlamentin iş prosesi çox çətindir. Ona görə də bir çıxışa görə deputatın tənqid hədəfində olmasını qəbul etmək istəmirəm. Onun tərəfdarı deyiləm. Xalq tərəfindən seçilmiş insanlara hörmətlə yanaşılmalıdır. 5 ildən sonra başqa biri deputat seçilə bilər. Ona görə də tənqid edərkən tələskənliyə yol verməsinlər.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır