Modern.az

Azərbaycan karateçiləri verdikləri sözün üstündə durdular - FOTOLAR

Azərbaycan karateçiləri verdikləri sözün üstündə durdular - FOTOLAR

15 May 2017, 18:07

Modern.az saytı Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından qabaq karateçilərimizin məşq prosesini müşahidə edib, gözləntilərini öyrənmişdi. 

Millimizin üzvləri bizi yanıltmadı. Onlar verdikləri sözün üstündə durdular.  Uduzmaq üçün yox,  uğur qazanmaq üçün doğulduqlarını bir daha sübut etdilər.

Beləki Azərbaycan karateçiləri  Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi layiqincə təmsil ediblər. Millimizin üzvləri oyunları 10 medalla başa vurub.

Yarışın ilk günündə Rafael Ağayev (75 kq) və Fəridə Abiyeva (61 kq) qızıl, İlahə Qasımova (55 kq) gümüş, Firdovsi Fərzəliyev (60 kq) və Nuranə Əliyeva (50 kq) bürünc medala sahib olublar.

İkinci günü isə idmançılarımız 5 medal əldə edib. Kişilərin mübarizəsində Ayxan Mamayev (84 kq) və Roman Heydərov qızıl medal qazanıb. Roman Heydərov katadan hamıdan üstün olub. Kumite yarışlarında Ayxan Mamayev (84 kq) kişilərin yarışında bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib. İrina Zaretska qızıl, Fəridə Əliyeva gümüş, Asiman Qurbanlı isə bürünc medala sahib olub.  Beləliklə, karateçilərimiz iki gün ərzində 10 mükafat - 5 qızıl, 2 gümüş və 3 bürünc əldə edib.

Azərbaycan idmançısı Rəfael Ağayev finalda Pakistan təmsilçisi Qulam Abbas ilə qarşılaşıb. O, rəqibini 4:0 hesabı ilə məğlub edərək birinci yeri tutub.

İdmançımız Fəridə Abiyeva (61 kq) isə finalda iranlı Rozita Əlipurkaşkalesadı 3:0 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qalibi olub.


55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı İlahə Qasımova yarışın yarımfinal mərhələsində İordaniya təmsilçisi Majedah Albasareni 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib və gümüş medal qazanıb.

Azərbaycan idmançısı Nuranə Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb. İdmançımız N.Əliyeva indoneziyalı Srunita Sukatendel ilə gərgin keçən görüşdə rəqibinə qalib gəlib.

Azərbaycan karateçilərinin “Bakı-2017”də ikinci bürünc medalını isə Firdovsi Fərzəliyev qazanıb. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medal uğrunda görüşdə indoneziyalı Suryadi Suryadi ilə qarşılaşıb. Rəqibi üzərində 6:0 hesabı ilə inamlı qələbə qazanan Firdovsi Fərzəliyev IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına yiyələnib.

Karateçi Ayxan Mamayev də qızıl medal qazanıb. 84 kq çəki dərəcəsində çıxış edən Mamayev finalda türkiyəli Alparslan Yamanoğlunu  1:0 hesabı ilə məğlub edib.

Karateçi Roman Heydərov isə  kata yarışında finalda türkiyəli Mehmet Yakanı 3:2 hesabı ilə üstələyərək qızıl medala sahib olub.

Azərbaycan idmançısı Fəridə Əliyeva finalda türkiyəli Meltem Hocaoğluna 2:6 hesabı ilə məğlub olub. F.Əliyeva karateçilərimizin aktivinə ikinci gümüş medalı yazdırıb. Xatırladaq ki, o,  gənclər arasında dünya çempionatının bürünc medalçısıdır.

Asiman Qurbanlı bürünc medal uğrunda görüşdə rəqibi Səudiyyə Ərəbistanı təmsilçisi Tareg Hamediyə 6:2 hesabla qalib gəlib.

“Bakı-2017”də karatenin kumite yarışlarında 68 kiloqramadək çəki dərəcəsində qadınların mübarizəsində Azərbaycan idmançısı İrina Zaretska qızıl medala yiyələnib. Təmsilçimiz finalda türkiyəli Edə Eltemuru 3:0 hesabı ilə məğlub edib.

 

“Oğlanlardan dörd nəfər finalda olacaq, qızlardan isə üç medal gözləyirik“


Rafael Ağayevin oyunlardan qabaq Modern.az-a bildirdiyi proqnozu özünü təsdiq etdi. İdmançımız qeyd etdiyi kimi? sözlərini deyib? ölkəmizin himnini səsləndirdilər.

“Əlimdən gələni edəcəm ki, himnimizi səsləndirim”

Ayxan Mamayev  məşq prosesində yeganə arzusunun bayrağımızı ucaltmaq və himnimizi səsləndirmək olduğunu vurğulamışdı. İdmançımız bunu bacardı. Həm millimizin, həm də ümumilikdə ölkəmizin və xalqımızın qələbə sevincinə səbəb oldu.

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevin qeyd etdiyi kimi, karateçilərimiz  bu dəfə də pozitiv başlanğıc qoyaraq öz müsbət töfhələrini  digər idman növlərinə ötürdü. Məhz bunun nəticəsidir ki, hələ də davam edən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 58 medal qazanıb.

Təəssüratlarını bizimlə paylaşan digər karateçilərimiz də  xalqa qalibiyyət hissini yaşatdılar. Necə deyərlər, gəldilər və gördülər...

Biz də öz növbəmizdə millətimizin, ölkəmizin başını uca tutduqları üçün karateçilərimizə minnətdarıq.

Uğurlarınız sayəsində qələbə bizim oldu!


Günay RƏSULQIZI

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir