Modern.az

Cənubi Qafqaz ölkələrinin sabiq liderləri - Onlar indi nə ilə məşğul olurlar?

Cənubi Qafqaz ölkələrinin sabiq liderləri - Onlar indi nə ilə məşğul olurlar?

16 May 2017, 09:17

Cənubi Qafqaz respublikaları müstəqillik əldə etdiyi gündən bir neçə dəfə yeni prezident seçiblər. Gürcüstanda Zviad Qamsaxudiya, Eduard Şevardnadze, Mixail Saakaşvili, Azərbaycanda Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev, Ermənistanda Levon Ter-Petrosyan və Robert Koçaryan eks-prezidentlər kimi öz respublikalarının tarixinə düşüblər.

 

Onların bir çoxu səlahiyyət müddəti başa çatdıqdan sonra da siyasi fəaliyyətlərini davam etdiriblər. Modern.az eks-prezidentlərin sonrakı fəaliyyəti ilə bağlı məlumatları təqdim edir.

 

Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyev 1993-2003-cü illərdə ölkəyə rəhbərlik edib. Heydər Əliyev yalnız Cənubi Qafqazda deyil, dünya miqyasında tanınan dövlət xadimi idi.

Heydər Əliyev Azərbaycana iık rəhbərliyi 1969-cu ildən başlayır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda o, birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.


1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxmış və ölkənin o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur olmuşdular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib.
Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, dünyanın böyük siyasi və dövlət xadimi kimi həmişə hörmətlə anılır.


Eks-prezidenti Ayaz Mütəllibov 1992-ci ilin martında istefa verdikdən sonra uzun illər Moskvada yaşayıb. 2010-cu ildə Bakıya dönən eks-prezident siyasi proseslərdən kənar təqaüdçü həyatı sürür. Keçmiş prezident Modern.az-a açıqlamasında xatirə kitabı yazdığını etiraf etmişdi.

 

Ölkənin digər eks-prezidenti Əbülfəz Elçibəy (1992-1993) 2000-ci il avqustun 22-də Ankarada vəfat edib.

Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiya hərbi çevriliş nəticəsində hakimiyyətdən devrildiyi üçün ölkədə faktiki vətəndaş müharibəsi başlamışdı. Bu qarşıdurma 1992-ci il dekabrın 31-də Zviad Qamsaxurdiyanın ölkənin Qərbində öldürülməsi ilə yekunlaşmışdı.

 

Onun opponenti və Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze (1995-2003) isə “Qızılgül inqliabı” zamanı dinc yolla hakimiyyətdən devrildikdən sonra 2014-cü il iyulun 7-də Tbilisdə öz evində vəfat edib.

 

Şevardnadzenin gedişindən sonra hakimiyyəti ələ alan Mixail Saakaşvili isə 2013-cü ilin okyabrında 2-ci səlahiyyət müddəti başa çatdıqdan sonra siyasi kareyrasını Ukraynada davam etdirir. 2015-ci il mayın 30-da Ukraynanın Odessa vilayətinin qubernatoru təyin olunan keçmiş prezident 2016-cı il noyabrın 7-də qalmaqallı formada postundan istefa verdi.

Saakaşvili 2017-ci il fevralın 28-də Yeni Qüvvələr Hərəkatı adlı siyasi təşkilat yaradıldığını elan edib. Qarşıdakı illəri Ukraynadakı siyasi mübarizədə keçirməyə iddialı olan gürcü siyasətçi qarşıdan gələn parlament seçkilərinə hazırlaşır.

 

Ermənistana gəlincə, bu ölkənin müstəqillik tarixində ilk prezident Levon Ter-Petrosyan olub. 1991-ci il oktyabrın 17-də prezident postuna seçilən Petrosyan 1998-ci il fevralın 3-də vəzifədən getmişdi.

İstefasından sonra 10 il ərzində elmi fəaliyyətlə məşğul olan Petrosyan 2007-ci ilin oktyabrında yenidən aktiv siyasətə qayıdaraq, prezident seçkilərində iştirak etdi. Lakin 2008-ci ilin fevralında seçkilərin ardından yaranmış vətəndaş qarşıdurmasında 10 nəfərin ölümündən sonra yeni prezident Serj Sarkisyanın göstərişi ilə ev dustağı olmuşdu.

Erməni Milli Konqresinin rəhbəri kimi Levon Ter-Petrosyan 2012-ci il parlament seçkilərində iştirak etsə də, partiyasının zəif nəticələri fonunda mandatından imtina etmişdi. Buna baxmayaraq, 73 yaşlı Petrosyan son illərə qədər aktiv siyasətlə məşğul olur, müxalif partiyaların diskussiyalarına qatılır.

 

Ter-Petrosyanı prezident kürsüsündə əvəz etmiş Robert Koçaryan isə daha çox Moskvada biznes fəaliyyəti ilə məşğul olur. Öz xələfi Serj Sarkisyana qarşı tənqidi  çıxışlar edən Koçaryan aktiv siyasətə yenidən dönmək yerinə, keçmiş xarici işlər naziri Vardan Oskanyan və keçmiş müdafiə naziri Seyran Ohanyanın vasitəsilə Yerevandakı siyasi proseslərə təsir göstərmək istəyir.

 

 

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir