Modern.az

“Mənim kəndim”-İnstitutdan əlimi üzüb, kəndimizə dönəndə hamı təəccüblənmişdi”

“Mənim kəndim”- “İnstitutdan əlimi üzüb, kəndimizə dönəndə hamı təəccüblənmişdi”

Ədəbi̇yyat

16 May 2017, 10:56

Şahbaz Şamıoğlu: “Ata-anamdan sonra kənddəki evimizin qapısını bağlamalı olduq”

Modern.az saytında kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” rubrikasına davam edirik.
 

Bu dəfə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Şahbaz Şamıoğlu özünün böyüyüb boya-başa çatdığı Borçalının Qızılkilsə kəndi və oradakı uşaqlıq, gənclik illərindən danışacaq.

Qeyd edək ki, Şahbaz Şamıoğlu Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 6 monoqrafiyanın, ədəbiyyatşünaslığa, ədəbi əlaqələrə, dilçiliyə, millətlərarası münasibətlərə, jurnalistikaya dair 60-a yaxın elmi məqalənin müəllifidir.   

 

Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir: Şahbaz Şamıoğlu o yerləri, o illəri belə xatırlayır: 

Zaman maşını ilə  səyahət

-Mən 1961-ci il, aprelin 20-də Borçalı mahalının  Dmanisi (Başkeçid) rayonunun Qızılkilsə kəndində anadan olmuşam. Kəndimizin tarixi adı Dəmirçi Həsənli olub. Bu, çox məşhur etnotoponimdi. 1920-ci illərdəki sovetləşmə zamanı kəndimizin adını dəyişərək Qızılkilsə ediblər. Hər gün kəndimizlə yaşayıram. Gecələr yerimə uzanan kimi xəyalən kəndimizə gedirəm. Dost-tanış hərdən “axırıncı dəfə kənddə nə zaman olmusan” soruşanda zarafatyana deyirəm ki, elə dünən ordaydım. Hər dəfə də xəyalımda, tələbəlik illərində olduğu kimi, əlimdə çamadan, əsas yolda, Qələmşidə avtobusdan düşüb, maşın-filan  gözləmədən piyada kəndimizə gedirəm. İnanın, hər gün o yolu gedirəm. Kəndimizin içindən balaca bir çay axır, mənbəyini dağlardakı bulaqlardan götürüb. O çayın içindəki balaca daş dənələri də gözümün qabağındadı. Su o xırda daşları haralarasa aparır... 

Duman salamat qal,
Dağ, salamat qal”

 

-Kəndimizdən ilk uzunmüddətli ayrılığım 1978-ci il iyulun  20-nə təsadüf edir. Orta məktəbi bitirdiyim il idi, iyul ayının 20-də kənddən çıxdım  ki, avqustun 1-də başlayacaq qəbul imtahanlarında iştirak edim. Evdə instituta imtahan verəcək üçüncü uşaq olacaqdım. Məndən böyük iki qardaşım artıq tələbə idilər. Ailəmizdə artıq belə bir ənənə var idi: ucqar dağ kəndindən qızmar Abşeron yarımadasına imtahan verməyə yollanan gənc gərək, ən azı on gün qabaqcadan gedib oraya uyğunlaşsın... Ona görə də iyulun 20-si səhər tezdən çamadanı götürüb böyük qardaşımla evdən çıxdıq. Qarşıda məni Bakı - böyük və qızmar şəhər, nəticəsi özümqarışıq, hamını təəccübləndirəcək imtahan gözləyirdi. Hələ bilmirdim ki, orada kəndin bumbuz suyunu necə arzulayacaqdım...

Və... o çamadan”

-O çamadan barəsində də danışım.  Diplomatdan azacıq böyük idi, içinə pal-paltar və  kitablar qoyardıq. Böyük qardaşım imtahan verməyə gələndə rəhmətlik atam onun üçün almışdı. Bu çamadanla ilk dəfə Bakıya gedən qardaşım Tibb İnstitutuna qəbul olunmuşdu. Çamadan sonra ikinci qardaşıma ötürülmüşdü. Məktəbi qızıl medalla bitirən həmin qardaşım da kimyadan “əla” alıb bircə imtahanla Tibb İnstitutuna qəbul olundu. Artıq növbə mənim idi. Həmin iyul səhərində qardaşımla bərabər kənddən çıxanda içində kitablarım da olan həmin çamadanı mən götürmüşdüm...

Amma çamadan mənə düşmədi. Bütün ailəmizdə, nəslimizdə ixtisas yönünü dəyişən ilk adam olmuşam. Məndən böyük qardaş və əmioğlanlarımın hamısı Tibb İnstitutuna qəbul olunmuş, bəziləri isə artıq oranı  bitirmişdilər. Günü bu gün Azərbaycan səhiyyə sistemində bizim nəslin tanınmış nümayəndələri çalışmaqdadılar. Atam kimya-bilologiya müəlimi idi deyə, onlarda təbiət elmlərinə  böyük maraq yaratmışdı. Mən isə vaxt çatıb, vədə yetişəndə  dedim ki,  yox, həkim olmayacağam. Fikrim nəinki ailəmizdə, məktəbdə də çox təəccüblə qarşılandı. Şərqşünas olmaq istəyirdim. O dövrdə çox dəbdə olan ixtisas sayılırdı. Diplomat olmağı qərarlaşdırmışdım. Məşhur Şindi dağı var- dəniz səviyyəsindən 1600 metr hündürlükdədir- kəndimiz oranın ətəyindədir. İndi təsəvvür elə ki, Şindinin ətəyindən durub, Abşeron yarımadasına gəlirsən, iyul ayı, bilmədiyin şəhər, tanıdığın kimsə yox... İmtahanları verdim. Müsabiqədən keçə bilmədiyim üçün qəbul olunmadım. O günü çox yaxşı xatırlayıram: Tiflis-Bakı qatarı ilə geri döndükdə yeganə istəyim kəndə tez çatıb, buz kimi su içmək idi...



Bir təəccübün tarixçəsi

-Məndən qabaq imtahan verən qardaşlarım, əmioğlanlarım, bir sözlə, soyumuzdan olan hər kəs imtahan verib qəbul olunurdular. Mən də məktəbi “əla” qiymətlərlə bitirmişdim, dərslərimdən bircə “dörd”üm olmamışdı. Üstəlik, məktəbin və kəndin  kitabxanasındakı bütün kitabları da oxumuşdum. Müəllimlərim yüksək qiymətlərlə qəbul olunacağımı gözləyirdilər.  İndiki kimi yadımdadı: müsabiqədən keçə bilməyib, geri qayıdanda atam mənə baxdı və dedi: “Gördün, mənim sözümə qulaq asmadın, əgər Tibb İnstitutuna getsəydin, indi oxuyurdun. Kimya-biologiyaya hazırlaşıb qəbul olunacaqdın...”.
 

Valideynlərim, qohum-əqrəba, xüsusən də müəllimlərim gözləməzdilər ki, mən qəbul olunmayım. Amma bu fakt idi.

Müqəddəsliyin “o üzü”ndə

-Yadıma gəlir, uşaqlıq illərimizdə, kəndimiz dağlıq ərazi olsa da, yaşlı adamlar, nənə-babalar mal-qaranı yaylağa aparardılar. Yaylaq bizim kənddən haradasa, 30 km aralı idi. Həmin ərazi Battaxlı adlanır, yazda-yayda başdan-ayağa gül-çiçək içində olur, o qədər rəng olur ki, adam baxdıqca başı fırlanır. Elə bil hamısı göydən yağıb-tökülüb...

Battaxlıdan çox uzaqlarda uca dağlar görünərdi. Böyüklər o tərəflərə “o üz” deyərdilər. Sən demə, oralar Anadolu dağları imiş. Böyüklərin “o üz” demələrinin bir səbəbi də varmış: 1937-ci ildə türklüyə, islamçılığa bağlılığa görə o qədər insanları repressiya etmişdilər ki, artıq kimsə o tərəfə Türkiyə deyə bilmirmiş. Biz də uşaq idik, anlamırdıq. Şəxsən mənim üçün o torpaqlar çox müqəddəsdir. 1920-ci ildə sovet hökuməti qurulan ərəfədə atamın iki əmisi, dayıları öz ailələrini götürüb Türkiyəyə keçirlər. Atamın anası- nənəm və xalası ərdə olduqları üçün gedə bilməyiblər. Atamın babasının qardaşları da “o üz” dedikləri torpaqlara yollandılar. Anadolu torpaqları  bu səbəbdən həm kəndimiz, həm də bizim ailəmiz üçün əzizdir. Çox yaxşı xatırlayıram ki, iki-üç aydan bir Türkiyədən atamın dayıları bizə məktub yazardılar.

“Mən bu yerdə qalamadım”

-Hardasa, 10 yaşım olardı. O zaman atamın böyük dayısı Moskva səviyyəsində alınan icazədən  sonra Qarsdan Gümrü yolu ilə gəlib, bizim evdə qonaq oldu. Artıq yaşlaşmışdı. Uşaq vaxtı gəzdiyi yerləri dolaşanda necə hönkür-hönkür ağladığını gözlərimlə gördüm. Təxminən, 60 ildən sonra vətənə qayıtmışdı. Cavan vaxtı gördüyü adamların  böyük əksəriyyəti dünyalarını dəyişmişdilər. Sağ qalanlar isə xeyli qocalmışdılar. Balaca vaxtı balıq tutduğu, oynadığı yerlərə getdi. Uşaqlığının keçdiyi, sovet hökumətinin isə dağıtdığı yurduna  baş çəkdi. Əkdiləri ağaclar, qurduqları yurd tar-mar olmuşdu. Necə hönkür-hönkür ağladığını bir görəydiniz...

Atamın babasının qardaşlarından isə xəbərsiz idik. Rəhmətlik əmim oğlu İstanbul klinikalarının birində çalışırdı. O, Qarsa gedib nənəmizin qardaşlarının törəmələrini axtaranda bizim qohumların yadigarlarını da tapmışdı. 1993-cü ildə ata tərəfdən olan qohumlardan Bakıya gələnlər də oldu.


Tanrı, məni Qarsa yaz”

-Heç vaxt Anadoluda olmamışam. Amma Qars tərəfdə, Gölə yaxınlığında bizim o vaxt Borçalıdan gedənlərin yaşadığı kənd var. Öz kəndimiz üçün burnumun ucu göynəyir. Amma Qarsdakı heç üzünü görmədiyim o kənd də məni çəkir, bu da bir ayrı şeydir, izah olunası deyil. Qismət Allahdan, Bakı-Qars dəmiryolu işə düşən kimi  mütləq oralara gedəcəyəm. Oradakı qohumları ziyarət edəcəyəm.

Kəndimizdə çox ailələrin gözü o üzdə idi. Çünki “o üz” dedikləri müqəddəs torpaqlarda  hər ailədən  bir yadigar yaşayırdı.Uşaq vaxtı belə bu bayatını tez-tez  eşidərdim. Heç  yadımdan çıxmır:

Qarsa yaz...
Bura gündü,  Qars ayaz.
Tanrı, qurbanın olum
Qismətimi Qarsa yaz.

Evimizdə o vaxt dəbdə olan bir radiomuz var idi. Dalğaları dəyişəndə tez-tez türk kanallarına düşürdü. Nənəm türkçə danışıq eşidəndə elə bilirdi ki, Qarsdan danışırlar, deyirdi, qadan alım, Qarsı tut. Qardaşlarının xiffətini çəkirdi... 

 

 “Kəndə səfər”

-Yenidən bayaq dayandığımız yerə, institutdan əlimi üzüb, kəndimizə döndüyüm günə qayıdaq. Atamın sözlərinin üstündən bir il keçdi. Pedoqoji İnstitutun Filologiya fakültəsinə yüksək qiymətlərlə qəbul olundum. “Əla” qiymətlərlə oxudum, fərqlənmə diplomu ilə bitirdim. Sonda tale məni mətbuata və Milli Elmlər Akademiyasına gətirdi. Kəndimizə yayda məzuniyyətdə olduğum aylarda gedirdim. Bax, indi oturub söhbətləşirik, fikrim o yerlərə gedir...Avtobusdan düşüb, diki qalxıram. Oradan kəndimiz görünür. Kəndə təqribən, bir kilometr qalmış qocaman bir körpü var. O körpünü keçən kimi yolun sağında qəbiristanlıq... Orada ulularımız yatır. Allah hamısına rəhmət eləsin. Hər dəfə kəndimizə gedəndə əvvəlcə orada ayaq saxlayıb,  ziyarət edirik. Daha sonra yolun solunda gözəl alma bağları vardı. Qarşıda kolxozun tövlələri gəlir, bax, bundan sonra bizim  kənd başlayır. Kəndin içində isə möhtəşəm bir klub var, rəhmətlik Kazım kişi kolxoz sədri olanda öz nüfuzu hesabına tikdirmişdi, o alma bağlarını da o saldırmışdı. Heç rayon mərkəzində o böyüklükdə klub yox idi. Klubun qabağından başını qaldıranda təpədə məktəbimiz görünür.

 

“Çamadandan qisas”

 

-1983-cü il idi. İnstitutun rəhbərliyindən məlumat gəldi ki, aprelin 19-da Xankəndidə Ümumittifaq Tələbə Elmi Konfransı keçiriləcək, “Zaqafqaziya xalqlarının ədəbiyyatında Böyük Vətən Müharibəsi” mövzusunda. Keçmiş SSRİ-in pedaqoji institutlarının tələbələrinin elmi konfransı idi. Elmi rəhbərim professor Abbas Hacıyevlə “Azərbaycan nəsrində Böyük Vətən Müharibəsi” mövzusunu hazırladıq. Əvvəlcə tezislərini göndərdik. Daha sonra həm biz, həm də Bakının ayrı-ayrı institutlarından bir qrup tələbə Xankəndiyə getdik. SSRİ-nin hər yerindən-Moskvadan, Kiyevdən Minskdən tələbələr gəlmişdi. Açılış günündə məruzə ilə çıxış etdim. Çox təəssüf ki, qonaqları qarşılayanların da, yola salanların da çoxu ermənilər idi. Xankəndidəki institutun rektoru erməni idi. Günortaya qədər konfransda olurduq. Ondan sonra isə bizi Qarabağın ayrı-ayrı yerlərinə gəzintiyə aparırdılar.  Bir gün də Şuşaya getdik. Bizə qərənfillər vermişdilər ki, gedəcəyimiz yerdə harasa qoyaq. Biz azərbaycanlı tələbələr qərənfilləri Vaqifin məqbərəsinə çatana qədər əllərimizdə saxladıq, məqbərəni ziyarət elədik, qərənfilləri də düzdük...

Bu söhbətlərin, hadisələrin bir şahidi də qocaman şairimiz, alimimiz Ənvər Əhməddir. O vaxt cavan bir oğlan idi, orada müəllim kimi çalışırdı. Sonuncu gün isə konfransa gələnlər üçün şənlik təşkil edildi. Yenə də ayrı-ayrı respublikalardan olan tələbələrin hamısı yığışmışdı. Erməni musiqisi qoymuşdular. Qarabağ hara, erməni mahnısı hara? Zeynəb Xanlarovanın Aşıq Alının sözlərini oxuduğu “Nə qaldı” mahnısı o zaman dəbdə idi. Bizim istəyimizlə Zeynəb Xanlarovanın valını gətirdilər. Başqa respublikadan gələn qonaqlar bizim musiqimizə oynadılar. Bir məqamı da vurğulamaq istəyirəm: konfransdan sonra bir qrup tələbəyə diplom verdilər. Aralarında bircə dənə də olsun azərbaycanlı tələbə yox idi. Təvazökarlıqdan uzaq olsa da deyim: bizimkilər etiraz etdilər ki, heç olmasa Şahbaz diplom almalıydı. Uşaqlar etirazlarında israrlı oldular, gedib orada kafedra müdiri işləyən Nazim Axundova müraciət etdilər. O da işə qarışdı. Ondan sonra mənə də diplom verildi. Yadımdan çıxmamış deyim ki, Ənvər Əhməd o vaxt mənə özünün bir şeir kitabını bağışladı: “Söz cavan qalır”. Həmin kitabı o illərdən bir yadigar kimi saxlayıram. Qayıdandan sonra diplomu elmi rəhbərimə göstərdim. Dekan və dekan müavinimiz bu münasibətlə kəndimizə mənim haqqımda  iki təşəkkür məktubu yolladılar: birini oxuduğum məktəbə, o birini isə ailəmizə... Onu da deyim ki, tələbəlik illərimi keçirdiyim həmin binada indi dərs deyirəm. O vaxt bina Pedaqoji İnstitutun idi.


Ruhdan asılı qıfıl

-Ailədə bir bacı, dörd qardaş olmuşuq. Atam, anam və hamımızdan böyük bacımız artıq rəhmətə gediblər. Biz dörd  qardaş Bakıdayıq, oxuyub, burada qalmışıq. Ata-anamdan sonra kənddəki evimizin qapısını bağlamalı olduq. Yaydan-yaya gedirik. Günahımı boynuma alım ki, bir neçə ildir kəndə gedə bilməmişəm. Bu yayı gözləyirəm.

Sizə bir şey danışım. 1999-cu ildə atam rəhmətə getdi, anam kənddə artıq tək qala bilməzdi, Bakıya gətirdim. Hər il Novruz ərəfəsində yenidən aparırdım, həyət–bacanı şumlatdırırdım. Özüm qayıdırdım, anam qalırdı, oranı boş saxlamırdı. Tapşırırdı ki, oktyabrın birinci həftəsində gəl məni apar. Belə də edirdim. Evimizin qabağında tövlə var. Atam bilərəkdən tövlənin bir pəncərəsinin şüşəsini açıq saxlayırdı ki, qaranquşlar içəri keçə bilsinlər. İçəridə qaranquşların yuvası var idi. Atamdan sonrakı ilk yazda evimizə gedəndə gördüyümdən quruyub-qaldım: qaranquşlar yuvalarına qayıtmamışdılar. Elə bil məni ildırım vurdu. Hissiyata baxın, onlar da duymuşdular ki, artıq burda heç kəs yoxdu, çıxıb getmişdilər. O boş yuvalar indi də qalır...

Dövri xatirələr cədvəli”

-Uşaqlığımızda gözümüzü açıb evin hər yerində kitab, divarda Mendeleyevin dövrü elementlər cədvəlini görmüşdük. Atam kimyaçı idi, elementləri daha yaxşı öyrənməyimiz üçün cədvəli ora vurmuşdu. Hələ məktəbə getməzdən qabaq artıq oradakı  elementləri əzbərdən bilirdik. Bizim ailədə yazılmamış qanun var idi: “hamı oxumalıdır!”. Orta məktəbdə heç zaman “dörd” almamışam. Yaxşı oxumaq boynumuzda bir yük idi. Atam da, əmilərim də, dayım da məktəbdə müəllim işləyirdilər. İndi gəl yaxşı oxuma görüm.. Amma çox nadinc uşaqlığım olub. Bütün dəcəl uşaqların elədiklərini etmişəm. Futbol oynayanda kimsə pəncərəni sındırırdısa, qardaşlarım mənə deyərdilər ki, sən boynuna al. Bilirdilər ki, onsuz da mənə növbəti dəfə “axırıncı dəfə olsun” sözündən başqa heç nə  deyilməyəcək. Amma kitabları da çox sevərdim. Evdəki ən böyük vəzifəmiz kitab oxumaq idi. Ona görə də evdə kimsə bizə bir şillə də vurmayıb.

Yaddan çıxmayan şillə

-Atam məktəbdə həddindən artıq ciddi və tələbkar müəllim olub. Kəndimizin məktəbi böyük idi, qonşu kəndlərdən də yuxarı siniflərdə oxumaq üçün bura gələrdilər. Bir gün bədən tərbiyəsi dərsində futbol oynayırdıq. Dərs bitəndən sonra ondan sonrakı kimya dərsinə girməli idik. Amma futbol nədənsə uzun çəkdi, biz növbəti dərsə gecikdik. Futboldan sonra oğrun-oğrun məktəbə daxil olan zaman atam bizi gördü. Bizimlə bərabər qonşu kənddən gəlib sinfimizdə oxuyan uşaqlar da var idi. Atamla birgə dərsimiz olan sinfə getdik. Hamımız lövhənin qarşısına düzüldük, atam bir məni, bir də qonşu kənddən gələn uşaqları saxladı. Qalanlarına dedi  ki, siz oturun. Əvvəlcə mənə bir şillə çəkdi, sonra qonşu kənddən gələnlərə. Dedi ki, birinci onu -yəni, məni- bu səbəbdən vurdum ki, öz oğlumdu. Sizə isə ona görə şillə çəkdim ki, siz qonşu kənddən bura dərs oxumağa gəlirsiz, yoxsa avaralanmağa. O birilirinə isə heç nə demədi.

Atamın mənə vurduğu ilk və son şillə idi. Bu gün 56 yaşım var. Atam da 1999-cu ildə vəfat edib. Amma günü bu gün də nəsə edəndə, hansısa işi görəndə xəyalımda atamla məsləhətləşirəm, onun razılığını alıram, ondan sonra işə başlayıram. Nə zaman ki, hansısa işi görməyimə rüsxət verir, o işi görürəm. Razılıq vermirsə... Belədə elə mənəvi cəzalar çəkmişəm ki...

Bayram qoxulu xatirələr

-Martın sonu, aprelin əvvəllərində çöllərdə bənövşə, nərgiz bitərdi. Biz dərsdən qaçıb gedərdik. Oğlanlı-qızlı, hamımız qaçardıq. Maraqlı məktəb illərimiz keçib. İndi də sinif yoldaşlarımızla əlaqələrimiz var. Əksəriyyəti artıq- nənə-babadırlar...

 Hə, bir də bayramlardan danışaq. Bizdə ilaxır çərşənbə Novruzun özündən qat-qat yaxşı keçirilirdi. Oğlanlar ayrı, qızlar ayrı evə yığışıb bayramı qeyd edərdilər. Sovet vaxtında ən yaxşı keçirdiyimiz bayram elə ilaxır çərşənbə olardı. Ramazanı da qoruyub saxlamışdıq. Bizdə Ramazan bayramında bir adət də var idi, küsülüləri barışdırmaq. Özü də kiçiyi böyüyün yanına aparardılar. Görürdün bir dəstə ağsaqqal qabaqlarına bir cavanı salıb aparır. Aparırdılar ki, barışdırsınlar. Hər evdə hökmən şərbət də hazırlanırdı. Bayram günü gedib qonum-qonşu evində bircə qurtum da olsa şərbət içməli idin.

İndi təəssüf ki, köhnə adətlər qalmayıb. Zaman insanları dəyişdirib. Bir saniyədə Los Ancelesə məktub yollayan dövr insanları bir-birindən soyudub. Poçt qutusu dövrünün insanları bir-birinə qəlbən daha yaxın idilər.

Yuxarıda kəndimizin klubundan danışdım. Ağdam, Zaqatala, Qazax teatrları vaxtilə gəlib o klubda tamaşalar göstərib. Bizdə Azərbaycan televiziyasına dalğa çatmırdı. Azərbaycan televiziyasını Bakıya gələndən sonra gördüm. Amma eşidəndə də ki, üç gündən sonra kluba “Əhməd hardadır”, “Böyük dayaq”, yaxud “Arşın mal alan” filmi gələcək, səbirsizliklə gözləyərdik.

Gəncliyin saxlanıldığı “bank”

-Axırıncı dəfə sinif yoldaşlarımla 1978-ci ildə ilaxır çərşənbəni qeyd etdik. Bütün oğlanlar sinif yoldaşımız, rəhmətlik Şaxəligilin evinə yığışmışdı. O zaman maqnitafon nadir evlərdə olardı. Sinif uşaqlarından biri bir kaset və maqnitafon gətirmişdi. Biz də o axşam ürək sözlərimizi həmin kasetə yazdıq. Sonradan kəndə gedəndə uşaqarla birgə o kaseti dinləyirdik, xatirələrə baş vururduq. Amma sonradan illər keçdi, çox hadisələr oldu, hərə bir yana getdi, çox şey itdi. O kasetin aqibəti necə oldu bilimədim. Bu gün həmin kaseti kimsə tapıb  gətirsə, dünyanı mənə vermiş olar. 39 il bundan qabaqkı səsimiz, xatirələrimiz həmin kasetdədi...

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!