Modern.az

Banklar ipoteka kredit verir,  götürənsə yoxdur

Banklar ipoteka kredit verir,  götürənsə yoxdur

18 May 2017, 12:07

Bir müddət əvvəl kommersiya bankları ipoteka kreditlərini dayandırsa da, hazırda bəzi banklarda kredit verilişi bərpa olunub.

 

Modern.az-ın məlumatına görə, "PAŞA Bank" ASC, "UniBank" KB ASC"Kapital Bank" ASC,  “AtaBank” ASC, “Bank Respublika" ASC, "Bank of Baku" ASC , “Muğanbank" ASC, “Yapı Kredi Bank” QSC, “Xalq” Bank ASC, "Bank BTB" öz müştərilərinə ipoteka kreditləri təklif edən banklar sırasındadırlar. İlkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 15-25 faizdən, güzəştli ipoteka kreditləri üzrə isə 15 faizdən başlayır.

Kommersiya banklarındakı mənbənin Modern.az-a verdiyi məlumata görə, hazırda vətəndaşların ipoteka kreditlərinə müraciəti olduqca aşağıdır.

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a bunun səbəblərini açıqlayıb. Ekspert bunu ipoteka şərtlərinin sərt olması ilə əlaqələndirib.

 

“İpoteka Fonduna əlavə olaraq 200 milyon manat ayrılması qərarı verilib. İpoteka Fondu yenidən fəaliyyətə başlayaraq tikinti bazarında canlanma yaratmağa çalışmalıdır. Qeyd edim ki, İpoteka Fondu yaradılarkən 2011-ci ildən sonra tam olaraq özünü maliyyələşdirmə sisteminə keçməli idi. Fond bu işin öhdəsindən gələ bilməyib. Bu gün isə büdcədən dotasiya alaraq fəaliyyət göstərməklə məşğuldur. Bu həm də dolayısı ilə İpoteka Fondunun öz işini qura bilmədiyinə dəlalət edir.

 

Son zamanlar problemi kreditlərin həcmi artıb və bunun azaldılması istiqamətində hansısa addımlar atılmayıb. Bundan irəli gələrək kredit şərtləri sərtləşib və ipoteka üçün müraciət edənlərin sənədləşmə məsələsində daha sərt tələblər irəli sürülüb”.

 

İqtisadçı deyib ki, yerinə yetirilməsi vacib olan tələblərdən biri də maaş məsələsidir:

 

“Təqribən ailənin aylıq gəliri (xanım və bəyin birlikdə, yaxud birinin) 1000 manatdan yuxarı olduqda ipoteka kreditinin verilməsi barədə daha asan qərar çıxarılır. Azərbaycanda rəsmi maaşlar aşağı səviyyədədir. Digər tərəfdən, qeyri-rəsmi maaş alanlar, sübut edə bilməzlər ki, rəsmi göstəriləndən daha çox vəsait qazanırlar. Ona görə də ipoteka üçün müraciət edənlərin sayı kifayət qədər azalıb. Bu, birbaşa tələblərin sərt olması ilə əlaqədardır. Mənə elə gəlir ki, tələblərdə müəyyən qədər dəyişikliklər olmasa, ipotekaya müraciət edənlərin sayı az olacaq. Çünki ölkədə o kriteriyalara cavab verən çox az vətəndaş var.

 

Ümumilikdə bu şərtlər daxilində ipoteka kreditlərinə müraciət edənlərin sayı azalıb. Şərtlərdə dəyişiklik olmasa, çox güman ki, İpoteka Fonduna müraciət edənlərin sayında ciddi irəliləyiş olmayacaq. Yeganə ümid sosial mənzil layihəsidir. Sosial mənzil layihəsi İpoteka Fondu ilə birləşdirilsə, o zaman sosial layihələr çərçivəsində-daha az ödəniş sayəsində insanların bu kreditlərə marağı və əlçatanlığı artar”.

 

İqtisadçı Vüqar Bayramov Modern.az-a bunun səbəblərini açıqlayıb. O deyib ki, ipoteka kreditlərinə marağın azalmasının ilkin səbəbi sosial ev layihəsilə bağlıdır:

Birincisi, vətəndaşların bir qismi sosial ipotekadan deyil, sosial evdən faydalanmaq niyyətindədir. O baxımdan sosial evlərə müraciətlə bağlı qeydiyyatı gözləyirlər. Yəni əvvəllər ipoteka krediti ilə evə sahib olmaq istəyənlərin hazırda sosial ev almaq istəyi sosial ipotekaya müraciət sayının azalmasına gətirib çıxarıb.

İkinci səbəb mənzil bazarındakı qiymətlərdə olan durğunluqla bağlıdır. Xüsusilə də ipoteka götürüb ev almaq istəyən vətəndaşlar qiymətlərin daha da ucuzlaşacağını güman etdiklərindən gözləmə mövqeyindədirlər. Onlar bir növ qiymətlər düşdükdən sonra ipoteka kreditlərinə müraciət etmək niyyətindədirlər. 2014-cü ildən ucuzlaşma müşahidə edildiyini nəzərə alsaq, bazarda qiymətlərin daha da ucuzlaşacağı ilə bağlı proqnozlar ipoteka krediti alanların gözləmə mövqeyinə üstünlük verməsinə gətirib çıxarır.

Üçüncü səbəb kredit tarixçəsilə bağlıdır. Xüsusilə də ipoteka kreditlərinə müraciət etmək imkanı olan vətəndaşların bir qisminin xarici valyutada götürdükləri kreditləri qaytarmaqda çətinlikləri var.  Bu baxımdan onların ipoteka kreditlərinə müraciət imkanları xeyli məhdudlaşır. Nəticədə bu da ipoteka kreditlərinə marağın azalmasına səbəb olur”.

Ekspertin sözlərinə görə, istehlak bazarında baş verən bahalaşma da ipoteka kreditlərinə marağın azalmasına təsir edən amildir:

“Sonuncu səbəb özəl sektorda iş yerlərinin azlaması ilə bağlıdır. Əvvəlki illərdə özəl sektorda çalışanlar ipoteka kreditlərindən faydalana bilirdilər. Neftin qiyməti düşdükdən sonra real sektorda da durğunluq hiss olunur ki, bu iş yerlərinə, eləcə də əmək haqlarına təsir göstərir. Eyni zamanda istehlak bazarında xərclər artıb. Hətta bəzi iş yerlərini itirməyən vətəndaşlarımızın xərci həddindən çoxdur. Onlar cari xərclərlə yanaşı ipoteka kreditlərini ödəmək iqtisadrında deyillər”.

 

 

P.S Yazı AR Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər