Modern.az

Komitə sədri: “Azərbaycanda keçirilən beynəlxalq tədbirlər təsadüfi təşəbbüs deyil”

Komitə sədri: “Azərbaycanda keçirilən beynəlxalq tədbirlər təsadüfi təşəbbüs deyil”

18 May 2017, 18:01

Bu gün Azərbaycan beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara-bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi ölkəmizə həm siyasi, həm də iqtisadi qazanc gətirir.

Buna baxmayaraq beynəlxalq tədbirlərin əhəmiyyətini dərk etməyənlər də var.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Modern.az-a açıqlamasında bildirib ki, ölkədə keçirilən beynəlxalq tədbirlər təsadüfi təşəbbüs deyil:

“Azərbaycanda həyata keçirilən tədbirlər, o cümlədən Avropa oyunları, Formula 1, IV İslam Həmrəyliyi Oyunları Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsdiqlənmiş tədbirlərdir. Ölkədə keçirilən tədbirlər təsadüfi təşəbbüs deyil. Lakin Azərbaycanı istəməyən insanlar bu cür  tədbirlərin əhəmiyyətini dərk etmir və qəsdən belə bir məsələni ortalığa atırlar.

Bu gün bizim həyata keçirdiyimiz siyasət, xüsusilə də idman-gənclər siyasəti Azərbaycan gənclərinin, ölkənin inkişafı ilə bağlıdır. Bizim üçün ən önəmli məsələ gənclərimizin sağlam həyat tərzi sürməsi və onların  bu cür beynəlxalq tədbirlərdə iştirak etməsini təmin etməkdir. Kiminsə xoş sözünə ehtiyacımız yoxdur. Əsas odur ki, həmin tədbirləri xalqımız yüksək qiymətləndirir. Eyni zamanda  biz gələcəkdə də belə  tədbirlər həyata keçirməyə çalışacağıq”.

Komitə sədrinin sözlərinə görə, beynəlxalq tədbirlərin keçirilməsi  Dağlıq Qarabağ probleminin təbliği baxımından da önəmlidir:

“Beynəlxalq tədbirlər  dünyaya ölkənin səviyyəsini nümayiş etdirir. İstənilən beynəlxalq tədbirlər, həmçinin idman yarışları yeni dostların qazanılması deməkdir. İdman yarışlarında ən böyük nailiyyətlərdən biri medallardan sonra, təbii ki, digər ölkələrlə əməkdaşlıqdır. Dostlarımız nə qədər çox olsa,  bir o qədər bizim üçün yaxşı olacaq.

Bilirsiniz ki, hazırda torpaqlarımız işğal altındadır. Biz bütün tədbirlərdə əsasən Azərbaycan torpaqlarının azad olunması məsələsini qabardırıq. Bütün beynəlxalq təşkilatlar, eyni zamanda ölkəyə gələn qonaqlar  birmənalı olaraq  həm Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat alırlar, həm də Ermənistanın təcavüzkar siyasətinin şahidi olurlar.

Zaman-zaman ermənilər azərbaycanlılarla birgə yaşaya bilmədiklərini dilə gətirirlər. Lakin məhz bu tədbirlər sayəsində onların fikirləri alt-üst olur. Bura gələn müxtəlif ölkə nümayəndələri bir neçə müxtəlif xalqın bir yerdə yaşadığını, tolerant dövlət olduğumuzu müşahidə edirlər. Ona görə də Azərbaycanda beynəlxalq  tədbirlərin keçirilməsi  çox vacibdir”.


Günay RƏSULQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir