Modern.az

Xeyir-duası 10 il əvvəl verilmiş QƏLƏBƏ...

Xeyir-duası 10 il əvvəl verilmiş QƏLƏBƏ...

18 May 2017, 21:01

Onun xalça üzərindəki qətiyyəti, mükəmməlliyi, çevik texnikası gimnast mütəxəssislərini həmişə heyran edib. Çox gənc olmasına baxmayaraq Azərbaycan gimnastikasının parlayan ulduzuna çevrilən Zöhrə Ağamirova zaman-zaman mötəbər turnirlərin iştirakçısı olub, mükafatlara layiq görülüb. Rusiyada, İtaliyada, Bolqarstanda, Ukraynada, həmçinin Azərbaycanda keçirilən bədii gimnastika üzrə beynəlxalq yarışlarda qaliblər sırasında dayanıb. 3 yaşından gimnastika ilə məşğul olan Zöhrə məşqçilərinin ümidini doğruldub.

Sözsüz ki, Zöhrə Ağamirovaya stimul verən, onu ruhlandıran amillər də az olmayıb. Müxtəlif görüşlər, fərqli məkanlarda çıxışlar, mütəxəssis məsləhətləri onu seçdiyi bu yola daha çox bağlayıb.

Zöhrənin gimnast həyatında baş verən ən mühüm hadisə isə 10 il öncəyə təsadüf edir. Uşaq bağçasının açılışında iştirak edən Heydər Əliyev Fondunun prezidenti Mehariban Əliyevanın qarşısında çıxış etmək Zöhrənin də qismətinə yazılır. Balaca Zöhrənin açılış zamanı təqdim etdiyi improvizə proqramı Mehriban xanımın diqqətindən kənarda qalmır. Çıxışdan sonra Mehriban xanım Zöhrə ilə maraqlanır, onunla söhbət edir, tövsiyələrini verir, uğurlar diləyir və qeyd edir ki, gimnastika ilə məşğul olması üçün ona lazımi şərait yaradılacaq. Mehriban xanın balaca gimnasta xeyir-dua verərək onu gələcəkdə beynəlxalq turnirlərdə Azərbaycanı layiqincə təmsil etməyi arzulayır.

Budur, həmin illər arxada qalıb, Mehriban xanımın idmana diqqəti və qayğısı sayəsində Zöhrə Ağamirova ona yaradılmış şəraitdən səmərəli bəhrələnərək peşəkar gimnast kimi Azərbaycanı təmsil edir. Və 10 il əvvəl Mehriban Əliyevanın xeyir-duasını almış Zöhrə Ağamirova bu gün Mehriban xanımın əlindən ilk ən böyük mükafatını, IVİslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə komanda hesabında qazanılmış qızıl medalı alır.

Xatırladaq ki, 23 idman növünün təmsil olunduğu IV İslam Həmrəyliyi Oyunlarına ilk dəfə olaraq gimnastika idman növü də daxil edilib. Bu idman növü üzrə yığma komandamızın üzvləri Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirovanın iki yarış günü ərzində 4 hərəkətin - halqa, top, gürzlər, lent hərəkətlərinin cəmində göstərdikləri nəticə 128.200 bal ilə qiymətləndirilərək komandamıza İslamiadanın çempionluğunu qazandırıb.

Medalları qaliblərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edib.

Qeyd edək ki, hazırda Zöhrə Ağamirova 19-21 may tarixlərində Macarıstanda keçiriləcək Bədii Gimnastika üzrə Avropa Çempionatında Azərbaycanı təmsil edir. Gənc gimnastımıza qələbə və yeni uğurlar diləyək.

 

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi