Modern.az

Yayda yaylağa, qışda qışlağa köçənlər - məktəbə həsrət məktəblilər...

Yayda yaylağa, qışda qışlağa köçənlər - məktəbə həsrət məktəblilər...

19 May 2017, 09:24

Hər gün yeniliklər görməyə, yeni icadlar eşitməyə alışdığımız 21-ci əsri yaşayırıq. İnternet və texnologiyaların sürətli inkişaf etdiyi bir vaxtda10 dəqiqəlik internet kəsintisinin bizi depressiyaya salmaq imkanına malik olduğu məqamda, ümumiyyətlə kompüterin, internetin, “chat”ın, sosial şəbəkələrin nə olduğunu bilməyən soydaşlarımız var. Söhbət təbii ki, paytaxtda, iri şəhərlərdə yaşayanlardan yox, yayda yaylağa, qışda qışlağa köçənlərdən gedir. Günlərinin böyük hissəsini qoyun-quzu otarmağa sərf edən bu insanları internetdən xəbərsiz olduqlarına görə qınaya da bilmərik. Çünki, onlar bizdən biridir...

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a deyib ki, nəyisə dəyişməyə ehtiyac yoxdur, cəmiyyətdə yaşayan hər kəs hər şeyi yaxşı bilir:

“Çoban da “İpone”lu olub”

 

“Ona görə də heç kəsə nəyisə öyrətmək lazım deyil. Əslində insanlara başqa tövsiyələr vermək lazımdır ki, hər şeyə uymasınlar, kütlə psixologiyasına uymasınlar. Sosial şəbəkələrdə bilərəkdən verilən yalan, fırıldaq iftiralara uymasınlar. Biri yazır, o biriləri də istinadla tirajlayır”.

H.Rəcəbli qeyd edib ki, yaylaq və qışlaqlar artıb keçmişdə qalıb:


“İndi hamının, çobanın da əlində “İpone” var, qoyundan-quzudan satıb istədiklərini ala bilirlər. Ürəkləri istəyən vaxt da sosial şəbəkəyə daxil olurlar”.

 

“Kəndlər milli koloriti yaşadır”

 

Sosioloq Əhməd Qəşəmoğlu bu barədə düşüncələrini Modern.az saytı ilə bölüşüb:

 

“Mən düşünürəm ki, bu mövzuya diqqətlə yanaşmaq lazımdır. Mənə görə kəskin olaraq onları kəsib atmaq doğru deyil. Nəzərə alaq ki, bölgələrdə, ucqar dağlarda, yaylaq və qışlaqlarda yaşayanlar bizim milli koloriti, adət-ənənəni müəyyən qədər özlərində qoruyub saxlayırlar. Hesab edirəm ki, həmin gənclər də şəhərdəkilər kimi internetə daxil olsalar, bütün günü “chat”da oturub kimləsə yazışsalar,  xaraktercə dəyişib başqa adam olacaqlar. Düzdür, böyük həvəslə deyirik ki, yeni texnika və texnologiyaların tətbiqi geniş yayılıb, işlərimizin əksəriyyətinin həllində vaxt qazanmışıq. Amma mən şəxsən İstanbulda səfərdə olarkən müşahidə etmişəm ki, orda bir türk mədəniyyəti qalmayıb. Ancaq hansısa qədim bir kəndlərinə gedərkən əsl türk mədəniyyətinin hələ də qorunub saxlandığının şahidi olursan”.

 

“...nə özü olacaq, nə də bizdən biri”

 

Sosioloq deyir ki, həmin yerlərdə texnika və texnologiyaların tətbiqinin hansı şəkildə reallaşdırıla biləcəyini düşünməliyik:

 

“Nəzərə almaq lazımdır ki, məişətdə onlara müəyyən rahatlıq gələcək, amma eyni zamanda itirəcəklərimizi də göz önünə almalıyıq. İnsan yaşadığı şəkildə daha rahat, daha qürurlu, daha gözəldirsə, onu niyə dəyişək? Ən azından onu dəyişdikdə o, nə özü olacaq, nə də bizdən biri. Məhz bu yanaşma ilə müzakirələr aparmaq lazımdır. Əvvəlcə bir meyarı müəyyən etmək lazımdır ki, əslində hansı insan xoşbəxtdir? Gözəl geyimli, müasir əşyaları olan, hər cür texnikadan istifadə etmək bacarığı olan insan, yoxsa ömrünü mütəmadi olaraq yaylaqda, qışlaqda keçirən sivilizasiydan xəbərsiz çoban? Tez bir zamanda qərar vermək düzgün deyil. Bir insanın həyatı, mətbəxi, geyimi, evi gözəldirsə, o daha xoşbəxtdir düşüncəsi tamamilə yalnışdır. Əgər ucqar bölgəmizdə bizdən xəbərsiz öz ömrünü yaşayan bir çoban elə yaşadığı kimi xoşbəxt, ailə daxilindəki münasibətləri daha gözəl və əlamətdardırsa onu dəyişməyə çalışmayaq, onları dərhal öz günümüzə salaq, bizim kimi olsunlar düşüncəsiylə hərəkət etməyək”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu