Modern.az

Nəsiman Yaqublu Cümhuriyyətin 100 illiyi ilə bağlı Prezidentə müraciət etdi

Nəsiman Yaqublu Cümhuriyyətin 100 illiyi ilə bağlı Prezidentə müraciət etdi

19 May 2017, 10:04

Tarixçi-alim Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edib.

Modern.az-
ın məlumatına görə, tarixçi müraciətində bir sıra təkliflər təqdim edib.


Müraciətdə deyilir:

    
“Hörmətli cənab Prezident! Sizin Azərbaycan Xalq Cümhuriyyətinin100 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyiniz sərəncamı təqdirəlayiq sayırıq. Həqiqətən də 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şərəfli bir dövrünü təşkil edir. Eyni zamanda, Gürcüstan və Ermənistan dövlətləri də gələn il tarixdə yaratdıqları demokratik  dövlətin  100 illik yubileyini keçirəcəklər. Bundan əlavə, Şərqi Avropada yerləşən Polşa Respublikası da müstəqil və demokratik dövlətlərinin 100 illik yubileyini bayram edəcək. Əslində bu yubileylər çox mühüm  tarixi hadisəni dəyərləndirmə yarışına çevriləcək. Bizim bu yubileydə  daha çox dövlətçilik dəyərlərimizi ortalığa qoyub dünyaya tanıtmaq imkanlarımız yaranır. Biz imkan daxilində bu  məqamları əldən qaçırmamalı və dövlətçiliyimizi dünyaya təbliğ etməliyik. Bundan ötrü aşağıdakı təkliflərimizi diqqətinizə çatdırır və onun reallaşmasını vacib sayırıq:

1. Azərbaycan Xalq Cümhuriyyətinin bütün müsəlman Şərqində və türk dünyasında ilk demokratik dövlət olduğunu, hüquqi və milli kültür  prinsiplərinə əsaslanıb yarandığını əsas təbliğat vasitəsinə çevirmək;

2. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə aşağıdakı hadisələrin də 100 illik yubileylərinin keçirilməsi vacibliyinin önə çəkilməsi:

a) Azərbaycanda ilk demokratik və hüquqi dövlət təsisatlarının yaradılmas (Nazirlər Şurası, hüquq- mühafizə orqanları, Milli Ordu və s. (26 iyun,1918-ci il);

b) Azərbaycanın ilk qanunverici orqanı olan Azərbaycan Parlamentinin yaradılması (7 dekabr, 1918-ci il);

c) Azərbaycan dilinin dövlət dili olması haqqında ilk qərarın verilməsi (21 iyun,1918-ci il);

d) Azərbaycanın üçrəngli bayrağının dövlət bayrağı olaraq qəbul edilməsi (9 noyabr 1918-ci il);

e) Azad mətbuatın fəaliyyətini təmin edən senzuranın ləğvi (9 noyabr, 1918-ci il);

ə) Azərbaycanın dövlət maraqlarını ciddi təbliğ edən “Azərbaycan” qəzetinin yaranmasının 100 illiyi (15 sentyabr 1918-ci il);


3.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan M.Ə.Rəsulzadənin, Ə.M.Topçubaşovun, F.Xoyskinin, N.Yusifbəyli və digərlərinin əsərlərinin toplanıb nəşr edilməsi, onların fəaliyyəti ilə bağlı sənədli filmlərin hazırlanması.


4
. Azərbaycan 1920 – ci ildə işğal edildikdən sonra ayrı-ayrı ölkələrdə mühacirət həyatı  yaşamış Cümhuriyyət qurucularının həyat və fəaliyyəti ilə bağlı olan sənədlərin toplanılıb Azərbaycana gətirilməsi.


5
. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarlarının Azərbaycana gətirilməsi, bu reallaşmazsa onların xarici ölkələrdəki məzarlarının dövlətin diqqətində saxlanılması və təmir edilib abadlaşdırılması.


6.
Xarici ölkələrdə yaşayıb Azərbaycan Xalq Cümhuriyyəti dövrünü araşdıran tədqiqatçıların yubiley tədbirlərinə cəlb edilməsi və onların iştirakı ilə beynəlxalq elmi konfransın keçirilməsi (məsələn, ABŞ-da  Odri Alşdatd, Türkiyədə Səbahəddin Şimşir, Rusiyada Salavat İsakov  və b.)


7.
Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı olan sənədlərin və eksponatları toplanılıb ayrıca bir muzeydə saxlanılması və nümayiş etdirilməsi.

Cənab Prezidentin diqqətinə çatdırırıq ki, təkliflərimizin  reallaşması üçün müəyyən şərait yaradılarsa, biz bu sahədə fəallıq və istənilən köməyi  göstərə bilərik.

 

Hörmətlə,

Nəsiman Yaqublu,
Tarix elmləri doktoru,
“Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir