Modern.az

Sumqayıt ölkənin ikinci şəhərinə çevrilir

Sumqayıt ölkənin ikinci şəhərinə çevrilir

19 May 2017, 11:22

Azərbaycanın paytaxtı Bakının sürətli inkişafı onu dünyanın ən gözəl və bahalı şəhərləri sırasına daxil etməkdədir. Son bir il ərzində sürətli inkişafı ilə bütün diqqəti üzərində cəmləyən Sumqayıt da ölkənin bahalı şəhərlərindən birinə çevrilməkdədir.

Hələ Sovetlər dönəmində kimya sənayesi mərkəzi olan şəhərin həm torpaq qatı, həm də atmosferi kifayət qədər çirkləndirilərək ona “ölü şəhər” statusu qazanmasına səbəb olub. Bu gün Sumqayıt əsl dirçəliş dövrünü yaşayır. Şəhərdə iri ticarət mərkəzləri, yeni yaşayış binaları tikilir, parklar salınır. Hətta bəzi proqnozlara görə, yaxın vaxtlarda Sumqayıtda mənzillərin qiyməti Bakıdakından baha olacaq.

Müzakirəyə verdiyimiz mövzuyla bağlı Milli Məclisin Sumqayıtdan seçilən deputatı Tahir Mirkişili Modern.az-a danışıb.

 

“Sumqayıt ölkənin ikinci şəhəridir”

 

“Eyni zamanda, şəhər nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük sənaye mərkəzlərindən biridir. Son illər ərzində ölkə prezidentinin Sumqayıta göstərdiyi diqqət və qayğı nəticəsində həm şəhər infrastrukru, həm də sənaye müəssisələri xeyli inkişaf edib. Sumqayıt Kimya Sənaye Parkının tikilməsi üçün 1 milyard dollardan çox xarici və daxili investisiyanın cəlb olunması, minlərlə yeni iş yerinin açılması, eyni zamanda Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək karbamid, polimerlər, gübrə və s kimya məhsulları istehsalı zavodlarının tikilməsi dövlət başçısının Sumqayıta çox böyük qayğı və diqqətinin nəticəsidir.

Qeyd edim ki, şəhər infrastrukturunun yenidən qurulması üçün dam örtüklərinin, şəhər və məhəllədaxili asfalt örtüklərinin yenilənməsi, çoxmərtəbəli binalarda yeni liftlərin quraşdırılması üçün Prezidentin Ehtiyat Fondundan vəsaitlər mütəmadi olaraq ayrılır”.

 

“Zakir Fərəcov qarşıya qoyulan tapşırıqları məsuliyyətlə icra edir”

Deputat bildirib ki, məsələnin ikinci tərəfi bu diqqət və qayğının nəticəsinə qarşıya qoyulan tapşırıqların yüksək məsuliyyətlə icra olunmasıdır:

“Qoyulan tapşırıqların məsuliyyətlə icra olunması Sumqayıta yeni icra hakimiyyətinin başçısı Zakir Fərəcov təyin olunandan bütün sahələrdə hiss olunmağa başlayıb.

Prezident İlham Əliyevin ötən il Sumqayıta səfəri zamanı çıxışında işlətdiyi mühüm fikir var: “ Sumqayıtda görülən işlər sübut edir ki, bu işlər ürəkdən, şəhəri sevərək və böyük məsuliyyətlə icra olunub”.
Təbii ki, bu sözlər Sumqayıtda çalışan hər kəsin, xüsusilə birbaşa Zakir Fərəcovun qarşısına qoyulan tapşırıqların böyük məsuliyyətlə yerinə yetirməsini göstərir”.

 


“İllərlə gözlənilən iş cəmi 8 aya başa gəldi”

 

Parlament üzvü deyib ki, Sumqayıtda illərlə yerinə yetrilməyən tapşırığı Zakir Fərəcov bir neçə aya reallaşdırıb:

“Son bir il yarımda həyata keçirilən layihələrdən ən mühümü cəmi səkkiz aya salınan 4 kilometrdən çox uzunluqda olan Sumqayıt bulvardır. Qeyd edim ki, son illərdə Sumqayıtda dənizkənarı bulvarın salınması üçün bir neçə dəfə planlar olsa da, şəhərin əvvəlki rəhbərləri belə bir bulvarın salınmasına nail ola bilməmişdilər.

Digər yenilik şəhərdə müasir üslubda möhtəşəm Heydər Əliyev Mərkəzinin tikilməsidir. Bildiyiniz kimi Sumqayıtda əvvəllər də Heydər Əliyev Mərkəzi olmuşdu. Amma yeni tikilən daha möhtəşəm və çox funksiyalıdır. Burada interaktiv tədris zalları, xarici dil öyrənmə mərkəzləri, sənətkarlıq və ailə biznesinin inkişafı, vətəndaşlıq qeydiyyatı ilə bağlı bölmələrin fəaliyyəti Sumqayıtın hərtərəfli inkişafında mühüm rol oynamaqdadır.
Digər mühüm göstəricilərdən biri Sumqayıtda son zamanlar sonra mədəniyyətə, idmana, təhsilə olan xüsusi diqqətdir. Yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının yeni proqramlarla tamaşaçıların zövqünü oxşaması şəhər mədəniyyətində xüsusi bir canlanlama yaratmışdır. Bir daha qeyd etmək istərdim ki, bütün bu inkişaf və canlanma, Sumqayıt rəhbərliyinin ölkə rəhbərinin şəhərin inkişafı üçün onların qarşısında qoyduğu tapşırığı daha diqqətli və daha məsuliyyətlə yerinə yetirməsinin göstəricisidir”.

 

Hasardan azad olan dəniz...

 

Sumqayıt İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Modern.az-a son 20 ay ərzində Sumqayıt şəhərində iri miqyaslı layihələrin icrasına başlanıldığını qeyd edib:

“Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra ilk verdiyi göstərişlərdən biri vətəndaşların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz şəkildə hərəkətini təmin etmək, nəqliyyat sıxlığının aradan qaldırılması üçün şəhərin əsas giriş yolunun genişləndirilməsi ilə bağlı oldu. Qısa müddət ərzində eni 14 metr olan Sülh küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə genişləndirilərək 22 metrə çatdırıldı. Yolun genişləndirilməsi ilə paralel olaraq bu küçənin abadlaşdırılması istiqamətində də mühüm işlər həyata keçirildi.

Novxanı-Sumqayıt istiqamətində avtomobil yolunun ətrafında qanunsuz hasarlamaların aparılması, eləcə də illərdən bəri şəhərin əsas giriş yollarından biri olan Novxanı-Sumqayıt dənizkənarı yolunun baxımsız olması burada əsaslı işlərin görülməsi zərurətini yaratmışdı. Ötən dövr ərzində həyata keçirilən önəmli layihələrdən biri də Sumqayıtın üçüncü girişi hesab olunan Sahil küçəsinin yenidən qurulması ilə bağlı oldu. 7,5 kilometr uzunluğu olan Sahil küçəsinin genişləndirilməsi və abadlaşdırılması prosesinə başlanıldı və qısa müddət ərzində bu işlər yekunlaşdırıldı. Hazırda şəhər daxili əsas yolların, eləcə də məhəllə və mikrorayon daxilində asfaltlanma işləri davam etdirilir. Sumqayıt şəhərində həyata keçirilən ən önəmli layihələrdən biri də dəniz kənarında uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan müasir bulvarın salınması oldu. Sumqayıt bulvarında əhalinin istirahəti üçün bütün şərait yaradılıb və hazırda şəhər sakinlərinin və qonaqların ən sevimli məkanlarından birinə çevrilib”.

 

Sumqayıt həm də mədəniyyət mərkəzinə çevrilir

 

E.Qocayev deyib ki, Sumqayıt Teatrında son dövrlər təmirə ehtiyac yarandığından binada teatrsevərlərə keyfiyyətli tamaşalar təqdim edilmirdi:

 

“Şəhərdə həyata keçirilən önəmli işlərdən biri də məhz 60 il öncə tikilmiş Sumqayıt Dövlət Dram Teatrının binasının əsaslı təmiri ilə bağlı verilmiş qərardır. Sumqayıt Dövlət Dram Teatrı qısa müddət ərzində 500 yerlik tamaşa, 100 yerlik akt zalları, iş otaqları, işıqlandırma sistemi müasir üslubda yenidən qurularaq şəhər sakinlərinin ixtiyarına verilib.

Heydər Əliyev parkında yenidənqurma işləri aparılaraq, ərazi 8 hektardan 10 hektara qədər genişləndirilib, burada əhalinin istirahəti üçün şərait yaradılıb. Həmçinin, Heydər Parkında sahəsi 5 min kvadrat metr olan 4 mərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilib. Mərkəzdə 420 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompyuter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərir.

Ötən dövr Sumqayıtın mədəni həyatını canlandıracaq infrastruktur layihələri ilə də yadda qalıb. Heydər Parkında müasir memarlıq üslubunda sahəsi 2950 kv.metr olan 735 yerlik 4 mərtəbəli Uşaq İncəsənət məktəbi, ümumi sahəsi 1000 kv.metr olan 2 mərtəbəli Şahmat məktəbi tikilib”.

 

Primitiv nəqliyyat vasitələri xətdən çıxarılıb

Qurum rəsmisinin szölərinə görə, prezident İlham Əliyevin Sumqayıtda mənzil fondunun saxlanılmasına kömək məqsədi ilə imzaladığı sərəncamlara əsasən ayrılmış vəsait hesabına 350 yaşayış binasının dam örtüyü yenidən qurulub:

 

“Hazırda bu işlər davam etdirilir. Yaşayış binalarında istismar müddətini ötmüş 200 ədəd lift dəyişdirilərək yenisilə əvəz olunub, 100-ə yaxın binanın fasadı yenidən qurulub. Heydər Əliyev və Azərbaycan prospektlərində 21 bina aqlay daşları ilə üzlənib, 400-ə yaxın binanın zirzəmisi çirkab sulardan təmizlənib, qəzalar aradan qaldırılıb, zirzəmilər dezinfeskiya olunub, yaşayış binalarının girişləri işıqlandırılıb.

Çoxmənzilli 250 çoxmərtəbəli yaşayış binasının istiliklə təmin olunması üçün müvafiq işlər görülüb. Şəhər İcra hakimiyyəti ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıq zolaqlarının salınmasına xüsusi diqqət yetirilir. Son dövrlər Sumqayıt şəhərində 100 minlərlə ağac əkilib.

Ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb, şəhərdaxili mövcud xırda tutumlu, istismara yararsız, ekoloji baxımdan primitiv nəqliyyat vasitələrinin çox hissəsi xətlərdən çıxarılıb. Sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan müasir avtobuslar gətirilərək xətlərə buraxılıb. Bu sahədə də hazırda işlər davam etdirilir. 

Şəhərin təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, məktəb, uşaq bağçaları ilə bağlı problemlərin aradan qaldırılması sahəsində də mühüm işlər görülüb və hazırda bu istiqamətdə də işlər davam etdirilir.

2016-cı ildə məktəbəqədər tərbiyyə müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. 56 uşaq bağçasından 38-nin dam örtüyü, 34-nün istilik sistemi yenidən qurulub, bütün bağçalar müstəqil isitmə sisteminə keçib və daimi isti su ilə təmin olunub. 

Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təchizatının yaxşılaşdırılması, inzibati binalarda və həyətyanı sahələrdə abadlaşdırma işlərinin aparılması sahəsində tədbirlər görülür”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR! Sülhməramlılar Xocalıdakı bazalarından belə çıxır