Modern.az

Nimdaş paltarların sevinci

Nimdaş paltarların sevinci

19 May 2017, 13:03

Vəfa Allahverdiyeva

 

Bu günlərdə beynəlxalq müstəvidəki bir tədbirin şüarında bəşəriyyətə elə bir ağır danlaq, layiqli tənbeh, haqlı irad var idi ki, doğrudan da zibil qutularına bolluq, israfçılıq səbəbindən atılan çeşidli qidalar dünyanın səfalət içərisində boğulan yerləri, aclıq hissi ilə mücadilədə saralıb-solan məxluqatın fonunda bir insanlıq utancı yaradır.  

Yalnızca qidalar da yox.

Geyinilmədiyi üçün köhnə sayılan, amma qalaq-qalaq bahalı, gözəl, rahat  paltarlar da, ya acgözlüklə bir başqasına yarı dəyərinə pulla satılır, ya dəb xəstəliyi ilə lazımsızlaşıb qayçılanır, ya silib-təmizləmə əşyası funksiyasına ötürülür.

Ya da torbalara zibil kimi basılıb, dəmir yeşiklərə atılır.

Nəinki təravətini itirmiş, nəinki paltar dəryasında üzənlərin lazımsız kimi baxdığı gözqamaşdıran yaxşı geyimlər- hətta bozarmış bir libasa, gödəlmiş, düyməsi qırıq bir paltara belə, tamarzı ailələr bizim bu düşüncəsizliyimizlə daha əngin əzablardan keçməli olur.

Bəzən qohum-tanış arasında qarşı tərəfin qüruru, imkan yetərliliyi olan tərəfinsə başqasını qırmaq ehtiyatlılığı, hətta bəzən özünü bəd nəzərdən, cahilcəsinə magiyanın xofundan  qorumaq və ətrafını ələbaxım öyrətməmək kimi çeşidli nədənlər  artıq qidaları, eləcə də paltarları zibil qutusuna  rəva görmə kimi  çirkin bir səhnə yaradır.

Bəzən də ehtiyaclı tanışlarımız bir yığın yararlı pal-paltarı kürəyimizə şəlləyib onların ünvanına qədər daşımağı da bizdən umur deyə, yükümüzü zibil yeşikləri çəkməli olur.  

 

Fəqət, hər evin küncündə artıq yer tutan paltar torbalarının uzaq məsafəyə çatdırılması zəhmətini bizdən gözləməyənlər də var.

 

Uşaqlarımızın təhsil aldığı məktəblərin dəhlizlərinə qədər olan kiçicik məsafə bizə düşən zəhmətin ən balaca bir zərrəsidir.

Bundan sonrasını təşkilatçılar həll edir, onsuz da.    

 

Bəlkə də bu aksiya çoxdan var-bilmirik.

Lakin dərs ilinin sonunda şagirdlərin suriyalı uşaqlara dəstək kampaniyasında iştiraka cəlb edilməsi məktəblərin ənənəvi yardımlaşmaq, paylaşmaq roluna aid məsələlərin

ən həssası, ən ürəyəyatımlısıdır.

Başqasına evimizdən çıxarıb  deyinmədən, qaralanmadan verə biləcəyimiz ən rahat bir yaxşılıqdır. Kimsəyə büdcəmizin pulu dağıdılmır; onsuz da hər evin bir küncündə paltarlarla dolu torbalar dayanır.

Bu torbalar axın-axın məktəblərin xüsusi hücrəsinə daşınır.

Nimdaş bir libasın sevincini yarada bilmək ixtiyarı getdikcə qeyb olan insanlığı yerinə gətirir və bu uğurlu plana dəstək vermiş hər kəsin ürəyində, vicdanında bir rahatlama, yüngülləşmə yaradır. 

Mavi və günəşli səma bizim çadırımızsa, atəşdən, topdan qopan tozlu-dumanlı, qorxunc göy qübbəsi suriyalı uşaqların çadırıdır.

Bizim qədər şanslı olmayan uşaqların...  
 

Suriyalı uşaqlar kədərli gözlər, üzlü dillərlə deyil, canlı-canlı girdikləri məzar aqibəti ilə dünyanın hər yerindəki dindaşlarından şəfqət gözləyir; paltar, yemək umurlar. Və  biz də mütləq bu sırada varıq.   

Həqiqətən də məktəblərdə başlayan bu aksiya evlərdəki gərəkli yükə ünvan tapılmasından da artıq, bir insanlıq, tarix səhnəsinin ağır dramında məzlumluq, səfillik qisməti yaşayan uşaqları, qocaları, qadınları bu uzaq məsafədən köksümüzə necə  basmaq ritorik sualına tapılan real cavabdır.     

Təşkilatçılıq Türkiyənin ictimai qurumları ilə Azərbaycanın  təhsil sferasının birgə fəaliyyəti ilə yürüyür.

Aydındır: Türkiyə dünyanın ortada yalqız buraxdığı məzlumlara umud olma missiyasının qulpundan yapışmağa islam ümmətini səfərbər etməyə çalışarkən, özünün etdikləri ilə müqayisədə başqa müsəlman məmləkətlərindən yalnız çüzi yardımlar gözləyir.       

 

İnsanlığa zinət vuran o qədər fəzilətlər var ki, tamah və ədavətin qurbanına çevrilən, yara alıb ürəyi hələ də yaralı qalan, gözləri islaq uşaqlara nimdaş paltarla verilən sevinc bu fəzilətin bəlkə də ən yüngülü, ən sonuncusudur.

Sızlayan ürəyə şəfa olmaq, uzun, qaranlıq tuneldə naməlum gələcək yaşayan, ömür səhifələrinə kədərdən başqa xatirələr düşməyən, hərbin gurultusundən, dəhşətindən heysizləşən, dalğınlaşan  insanlara, xüsusən uşaqlara qəyyumluq etmək, hənir vermək üçün bizə müsəlman olaraq çox sadə bir yardım işi düşür-köhnə paltarı məzlumun, səfilin nəşəsinə çevirmək.    

Aramızda məsafələr, fiziki, coğrafi sərhədlər var- sözsüz.

Amma suriyalı uşaqlarla, bəşəriyyətin rəzil insanlıq dramında inləyən, Tanrının yaratdığı indi bu bədbin şüurlu məxluqatla könül sərhədlərimiz tam açıqdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?