Modern.az

Hüquq müdafiəçiləri: “Ömürlük cəza varsa, ölüm hökmünə ehtiyac yoxdur”

Hüquq müdafiəçiləri: “Ömürlük cəza varsa, ölüm hökmünə ehtiyac yoxdur”

Aktual

19 May 2017, 14:03

1998-ci ildə dünyada ölüm cəzasını ləğv edən ölkələrin sayı 35 idi. Ancaq indi bu say artıb.  Hazırda ölüm hökm daha çox Afrika, Orta Şərq və Asiya bölgəsindəki ölkələrdə mövcuddur. 

Ölüm cəzası daha çox üç ölkədə reallaşır: İran, Pakistan və Səudiyyə Ərəbistanı. 

Avropada isə bu cəzanın olduğu tək ölkə Belarusdur. Hələ də ölüm cəzası tətbiq edən 58 ölkə var. 35 ölkədə isə  müharibə və ya fövqəladə vəziyyətlərdə ölüm hökmü tətbiq edilə bilər.  Məsələn, İsraildə bu cəza sadəcə  “soyqırımı” və “müharibədə vətənə xəyanət ” zamanı  istifadə edilə bilər.

ABŞ, Çin, Hindistan, Yaponiya olmaqla Əfqanıstan, Banqladeş, Belarusiya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Fələstin, Iraq, İran, Küveyt, Kuba, Liviya, Misir, Pakistan, Somali, Tayvan, Vyetnam, Yəmən kimi ölkələrdə hələ də ölüm cəzası mövcuddur.  Məsələn, ABŞ-ın 50 ştatının 31-də ölüm cəzası var. Hətta 2017-ci ildə 14, 2018-ci ildə  8, 2019-cu ildə  isə  7 edam qərarı alınıb. Qonşu Türkiyədə  ölüm hökmü 2004-cü ildə, Azərbaycanda isə 1998-ci il fevralın 10-da ləğv edilib.


Milli Məclisin sonuncu plenar iclasında çıxış edən deputat, BAXCP sədri Qüdrət Həsənquliyev Azərbaycanda da ölüm hökmünün bərpası məsələsini qaldırıb. O deyib ki, amansız cinayət törədənlər, dövlətə xəyanət edənlərə ölüm hökmü tətbiq edilməlidir.

Qüdrət Həsənquliyev bu təklifi bir neçə gün öncə zərərsizləşdirilmiş vətənə xəyatətdə təqsirləndirlən şəbəkədən danışarkən səsləndirib. Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirlən azərbaycanlı hərbçilər və mülki şəxslərdən ibarət dəstənin hazırda istintaqı aparılır.

Modern.az saytı deputatın təklifinə hüquq müdafiəçilərinin də münasibətini öyrənib. Həqiqətən də Azərbaycanda ölüm hökmünün bərpasına ehtiyac varmı?

Hüquq müdafiəçisi Səadət Bənənyarlı düşünür ki, ölüm hökmünün gündəmə gəlməsi düzgün deyil:

Bir neçə məsələni nəzərə alsaq, bunu düzgün yanaşma kimi qəbul etmirəm.  Ən azı ona görə ki, ömürlük cəza var və ölümdən də betərdir. Tətbiq edilən müəyyən cəza ilə ömrün sonuna qədər yaşamaq, cəmiyyət tərəfindən qəbul edilməmək cinayətkar insanlar üçün  ölümdən pisdir. Hesab edirəm ki, ölüm hökmünü bərpa etmək olmaz. İnsan ömrünün alınması asan məsələ deyil”.

Hüquq müdafiəçisi  Səidə Qocamanlı deyib ki, ölüm hökmünün bərpası üçün  Avropa Şurası qarşısında tutarlı səbəblər irəli sürmək lazımdır:

“Ümumiyyətlə, Qüdrət Həsənquliyev bu günkü durumla, baş verən ağır hadisələrlə bağlı belə fikir səsləndirib. Bunu başa düşmək olar. Amma bir problem var.  Hazırda Azərbaycan beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının üzvüdür. Hələ 90-cı illərin sonunda Avropa Şurasına daxil olarkən Azərbaycan qarşısına qoyulan ilk tələb ölüm hökmünün ləğvi idi.

Həmin vaxt biz bu hökmü  ömürlük cəza ilə əvəz etdik.  İndi  ölüm hökmü qüvvəyə minsə, təbii ki, Avropa Şurası qarşında tutarlı səbəblər irəli sürmək lazımdır. Yəni nəyə görə Azərbaycan yenidən ölüm hökmünün bərpa olunmasının tərəfdarıdır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu ömürlük cəzanın olduğu yerdə ölüm hökmünə ehtiyac olmadığını vurğulayıb:

“Ümumiyyətlə,  ölüm hökmü olmamalıdır. Ömürlük cəza varsa, buna ehtiyac yoxdur. Bilirsiniz, biz ölüm hökmünü Avropa Şurasına daxil olmaq üçün ləğv etmişdik.  Əgər  indi Avropada qalmaq,  Avropaya inteqrasiya etmək istəyiriksə, ölüm hökmünü bərpa etməməliyik”.


Hüquq müdafiəçisi Arzu Abdullayevanın sözlərinə görə vaxtikən bu hökmün ləğvi üçün ciddi mübarizələr gedib:

“Biz hüquq müdafiəçiləri vaxtilə çox çalışırdıq ki, dövlətimizdə ölüm hökmü aradan götürülsün. Bu ifadə ümumiyyətlə,  Azərbaycan gündəliyindən çıxarılsın. Biz hətta mərhum prezident Heydər Əliyevə bununla bağlı  müraciət də etmişdik. Heydər Əliyev də ölüm cəzasını ləğv etdi.

HəmçininAvropa Şurasının da əsas şərti bu idi. Bir çox azərbaycanlıların həyatı hüquq müdafiəçilərinin birgə səyi nəticəsində qurtuldu. Ölüm hökmünün bərpası Azərbaycan üçün geriyə  addım ola bilər. O cümlədən  araşdırmalar göstərir ki, ölüm cəzası olan ölkələrdə cinayət daha çoxdur”.


Günay RƏSULQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!