Modern.az

828 azərbaycanlı İİV-infeksiyasından ölüb

828 azərbaycanlı İİV-infeksiyasından ölüb

19 May 2017, 14:23

Bu gün Respublika QİCS-lə Mübarizə Mərkəzində mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, tədbir QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə gününə həsr olunub.

 

QİÇS-dən vəfat edənlərin yad olunması, insanları QİÇS-ə yoluxma təhlükəsi haqqında düşünmələri, onların irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, QİÇS-dən sığortalanmadığlarını dərk etməyə çağırır.

 

Eyni zamanda bu tədbir cəmiyyətin diqqətini, İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək və geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.

 

Tədbirdə çıxış edən Mərkəzin direktoru E.Almammədova bildirib ki, 2017-cı ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 108 təşkil edib. Onlardan 107-si (99,1%) Azərbaycan vətəndaşı, 1 nəfəri (0,9%) isə əcnəbidir. Qeydiyyata alınmış 107 Azərbaycan vətəndaşından 71-i (66,4%) kişi, 36-sı (33,6%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 31 nəfər olub. Həmin müddətdə İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub. 

 

2017-ci ilin 3 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 10 nəfər (9,3%) parenteral kontakt, 51 nəfər (46,7%) heteroseksual kontakt, 4 nəfər (3,7%) homoseksual kontakt nəticəsində, 4 nəfər ( 3,7%) anadan uşağa ötürülməklə, 39 nəfərin (36,6%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

 

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2017-ci ilin 3 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5269 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3796-sı (73,2%) kişi, 1473-ü (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1383 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 828 nəfər olun.

 

İİV-lə yaşayan insanlardan 45,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2%-də heteroseksual, 2,0%-də isə homoseksual kontakt nəticəsində, 1,9%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 7,4% -də yoluxma yolu müəyyən edilməyib.

 

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir.

 

Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3653 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 115 nəfərə müalicə 2017-cı ilin ilk 3 ayı ərzində başlanılıb.

2017-ci ilin I rübü ərzində, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 30464 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 11 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.

 

Bütün dunyada olduğu kimi , Azərbaycanda da ənənəvi olaraq QİÇS-dən dünyasını dəyismiş insanlarn xatirəsı anılır və Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Ümumdunya xatirə gününə həsr olunmuş geniş və silsilə könüllü testləşmə, aksiyaları və maarifləndirmə tədbirləri həyata keçirilir.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR! Sülhməramlılar Xocalıdakı bazalarından belə çıxır